Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

28 Noyabr 2018 09:45

22 yaş və əbədiyyət

Müharibədə əsgər qəhrəman olmaq üçün döyüşmür. Onu qəhrəman edən Vətən sevgisidi. Bu, amalın, əqidənin dövlətə, dövlətçiliyə sədaqətin təzahürüdü. 2016-cı ilin aprel döyüşlərindən neçə il əvvəl Mübariz İbrahimovun qəhrəmanlığı dünyanı heyrətə gətirdi. Düşmən gördü ki, Azərbaycan əsgəri Vətən naminə şəhid olmağı bacarır, işğal olunmuş torpaqlarını azad etmək üçün Mübarizləşəcək.
2016-cı ilin aprel döyüşləri neçə-neçə əsgərin Mübarizləşdiyini təsdiqlədi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qürurla dediyi kimi, dərsliklərə salınmalı zəfər qazanıldı. Bu zəfər neçə-neçə yeniyetmənin, çağırışçının hərbi xidmət amalı oldu - hər biri Böyük Qələbənin əsgəri olmağa can atırdı...
Qusarın Həzrə kəndindən başlanan yolun sonunda qəhrəmanlıq işığı olduğunu kimsə bilmirdi. O işıq Vətən sevgisinin işığıydı. O işıq qışın sazağını çilikləyəcəkdi. O işığın adı cəsarətiydi, qəhrəmanlığıydı, Vətənə sədaqətiydi. Ruhun işığıydı o işıq...
Çingiz Qurbanov Azərbaycan Texniki Universitetini bitirmişdi. İstedadlı tələbəydi. Müəllimləri onun elmi idrakını yüksək dəyərləndirirdi. Təhsilini davam etdirməyi məsləhət görmüşdülər. Onda Çingiz qətiyyətlə "Hərbi xidmətə gedəcəm", - demişdi. "Əvvəl hərbi xidmət, Böyük Qələbə, sonra təhsil...". Müəllimləri bu kəlmələrdən qürurlanmışdı - belə vətənpərvərin müəllimi olmalarıyla, Azərbaycan gəncinin bu qətiyyətiylə, bu düşüncəsiylə. Uğurlar diləmişdilər Çingizə: "Magistraturada qalib əsgər kimi təhsil alacağına inanırıq...", - demişdilər.
Çingiz əsgəriydi. Xəyalında yaşatdığı anları sevgilərlə yaşayırdı. Xidmət yoldaşları xatırlayır ki, asudə vaxtlarında qəhrəmanlıqdan, qəhrəmanlardan danışardı. Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun qəhrəmanlığından söz düşəndə baxışlarının durulaşdığı aydınlığıyla duyulardı...
Ön xətdə xidmət edirdi Çingiz Qurbanov. Döyüş növbətçiliyinə gedəndə də, döyüş növbətçiliyində də, təlimlərdə də "Mən Azərbaycan əsgəriyəm!", - qürurunu yaşayırdı.
Bir dəfə döyüş növbətçiliyindən qayıdanda dostlarına "Kaş universiteti bir il tez bitirəydim...", - demişdi. Dostlarının "niyə?" - sualına cavab verməyə tələsməmişdi, səngərin o üzünə boylanıb, "Hərbi xidmətə bir il tez gələrdim, aprel döyüşlərində mən də iştirak edərdim...", - demişdi. 2016-cı ilin dekabrında məlum oldu ki, bu gecikmiş təəssüf Çingizin ruhunun harayıymış; o ruhun əsgəriydi Çingiz Qurbanov.
Qəhrəmanlıq fəlsəfəsinin mahiyyəti Vətənə, dövlətə, dövlətçiliyə  sevgidi. Bu sevgi ruhumuzla yaşıddı, ruhumuz az qala bəşəriyyətlə; Azərbaycan əsgərinin Vətən sevgisinin bəşəri mahiyyəti Ermənistanın Azərbaycana qarşı elan etmədən apardığı müharibədə bütün çalarlarıyla təsdiqlənirdi. 2016-cı il dekabrın 29-da əsgər Çingiz Qurbanovun qəhrəmanlığı tarix yazdı - düşmənin üstünə tək getdi Çingiz. Cəsarətlə getdi. Atışdı. Neçə-neçə düşməni məhv etdi. Şəhid oldu...
Əsgər Çingiz Qurbanov bilirdi ki, bu döyüşdə şəhid olacaq. Bilirdi, çəkinmədən getmişdi. Mənə belə gəlir ki, həmin anlarda  şəhidlərimizin ruhu uğurlamışdı Çingizi...
Əsgər Çingiz Qurbanovun qəhrəmanlığı Mübariz İbrahimovun qəhrəmanlığının başqa məkanda, başqa formada təkrarıydı. Bu təkrarlıq əzmin, iradənin, cəsarətin, Vətən sevgisinin mahiyyətinin təkrarıydı...
Düşmən Azərbaycan əsgərinin qəhrəmanlığından vahimələnmişdi. Bilirdi ki, Azərbaycan əsgərinin təkbaşına döyüşməsi aprel döyüşlərinin  ağır məğlubiyyətinin ağrılarını qınına çəkilməklə yaşayan hərbi qulluqçularını vahimələndirib. Düşmən Çingiz Qurbanovun nəşini 39 gün vermədi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qətiyyəti Ermənistanın inadını sındırdı...
Əsgər Çingiz Qurbanov miqyassız ehtiramla dəfn edildi...
Mübariz İbrahimovun qəhrəmanlığı Mübarizləşmə təyini yaratmışdı, Çingiz Qurbanovun qəhrəmanlığı Çingizləşmə təyini yaratdı...
Azərbaycan  Respublikasının Prezidenti İlham Əliyevin sərəncamıyla əsgər Çingiz Qurbanova Azərbaycanın Milli Qəhrəmanı adı verildi...
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmriylə xidmət etdiyi posta Çingiz Qurbanovun adı verildi...
Müdafiə nazirinin əmriylə Azərbaycanın Milli Qəhrəmanı əsgər Çingiz Qurbanovun adı hərbi hissənin siyahısında daimi olacaq...
..."Çingiz Qurbanov adına post"a Çingizin atası Salman kişiylə birlikdə getmişdik. O duyğusal görüş unudulmayacaq. O görüşü Salman kişi də unutmayacaq, zabitlər də, əsgərlər də, mən də.
Salman kişiyə Çingizin xidmət etdiyi postun yaxınlığından  dərilən güllər verildi, bir dəsmal arası torpaq verildi: "Bu torpağı məzarının üstünə səpin, gülləri məzarının üstünə qoyun. Qoy qardaşımızın ruhu qoruduğu torpaqdan, qoruduğu  torpağın güllərindən uzaq olmasın...", - dedi əsgərlər...
Atanın gah bir vaxtlar oğlunun döyüş növbətçiliyi apardığı posta, gah oğlunun əsgər qardaşlarına dikilən baxışlarından bir mətləb oxunurdu: "Təki Vətən yaşasın!"...
Azərbaycanın Milli Qəhrəmanı Çingiz Qurbanovun anım günüdü. Həmişə 22 yaşda olacaq bu qəhrəman. Dəyişən onun qəhrəmanlığının  tarixini göstərən rəqəmlər olacaq...

Rəşid HÜSEYNOV, "Azərbaycan Ordusu"