Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

28 Noyabr 2018 09:43

İntizam xidmətdə başlıca şərtdir

Noyabrın 23-də Azərbaycan Respublikası Hərbi Prokurorunun və Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumun Prezidentinin birgə təsdiq etdiyi planına uyğun olaraq, Qazax Hərbi Prokurorluğunun cəbhə bölgəsində yerləşən "N" hərbi hissəsinin təşkilatçılığı ilə əsgərlərin milli düşüncəsi və milli təfəkkürünün formalaşması, hərbi intizamın möhkəmləndirilməsi məqsədi ilə tədbir keçirildi.
Tədbirdə Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun nümayəndəsi, Qazax qarnizonu Hərbi prokuroru, Milli Qeyri-Hökumət Təşkilatları Forumu Şəmkir Regional Qeyri-Hökumət Təşkilatlarının Resurs və Təlim İctimai Birliyinin sədri, Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin Tovuz rayon şöbəsinin sədri, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Şəmkir rayon filialının sədr müavini və hərbi hissənin şəxsi heyəti iştirak edirdilər.
Xalqımızın ümummilli lideri Heydər Əliyevin və torpaqlarımızın suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Azərbaycan Respublikasının Dövlət himni səsləndirildi.
Tədbiri giriş sözü ilə açan Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun əməkdaşı ədliyyə polkovniki Toğrul Hüseynov bildirdi ki, Azərbaycan Ordusunda həyata keçirilən islahatların nə dərəcədə uğurlu olmasına 2016-cı ilin aprelində həyata keçirilən əks-həmlə əməliyyatı əyani sübutdur. "Ordumuzun bu əməliyyatda əsas hədəfi Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttinə yaxın kəndlərdə yaşayan və düşmən tərəfindən daim atəşə məruz qalan azərbaycanlı dinc əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə erməni hərbi birləşmələrinin atəş nöqtələrini zərərsizləşdirmək idi. Ordumuzun hər bir hərbi qulluqçusunun bu döyüşlərdə milli təfəkkürdən irəli gələn iradəli davranışı nəticəsində Ermənistan silahlı qüvvələrinin bölmələri aprel döyüşlərində böyük itkilərə məruz qaldı. Beləliklə, qeyd etmək vacibdir ki, ordumuz respublikamızın suverenliyinin, ərazi bütövlüyünün, onun toxunulmazlığının və mənafeyinin silahlı müdafiəsinə, dövlətə silahlı hücumun qarşısının alınmasına, təcavüz olarsa, onun dəf edilməsinə xidmət edir. Bu səbəbdən də 2016-cı ilin aprel döyüşlərində olduğu kimi, Azərbaycan Ordusu bu müqəddəs vəzifələri yerinə yetirmək üçün daim döyüşə hazır vəziyyətdə olmalıdır. Bunun üçün möhkəm hərbi intizamın, döyüş hazırlığının və döyüş qabiliyyətinin yüksək olması əsas şərtlərdəndir. Müasir dövrdə hərbi intizamın rolu əvəzedilməzdir.
Göstərilənlərlə əlaqədar olaraq Müdafiə Nazirliyi və Respublika Hərbi Prokurorluğu arasında Silahlı Qüvvələrdə hüquq qaydalarının və hərbi intizamın möhkəmləndirilməsi, cinayət hadisələrinin qarşısının alınması sahəsində 2018-ci il üçün imzalanan birgə tədbirlər planına əsasən, ərazi hərbi prokurorları və həmin prokurorluqların əməkdaşları mütəmadi olaraq hərbi hissələrdə şəxsi heyətlə görüşlər keçirir, onların vətənpərvərlik ruhunda tərbiyə olunması, hərbi intizamın və hüquq qaydalarının möhkəmləndirilməsi, ordu quruculuğuna mənfi təsir edə biləcək cinayət hadisələrinin təhlili və nəticələrindən asılı olaraq müvafiq tədbirlərin görülməsi, o cümlədən digər məsələlər barədə söhbətlər aparılır, müxtəlif mövzularda təkliflər səsləndirilməklə hərbi qulluqçuları maraqlandıran bütün suallar ətraflı cavablandırılır. Qeyd olunan tədbirlərin keçirilməsi növbəti illərdə də davam etdiriləcəkdir".
Qazax qarnizonu Hərbi prokuroru, ədliyyə mayoru Bəhruz Əhmədov hərbi qulluqçuların intizam məsuliyyəti barədə geniş məlumat verdi. "Azərbaycan Respublikasının Konstitusiyası Vətənin müdafiəsini, onun hər bir vətəndaşının müqəddəs borcu və qanunla müəyyən edilmiş qaydada hərbi xidmət keçməyi vətəndaşların əsas vəzifələrindən biri kimi müəyyənləşdirmişdir. Hərbi qulluqçu öz Vətəninin müdafiəsi üçün şəxsi məsuliyyət daşıyır və borcludur ki, Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına və Hərbi anda böyük məsuliyyətlə, sədaqətlə riayət etsin, hərbi və xalq əmlakını qorusun. Azərbaycan Respublikasının Silahlı Qüvvələri sıralarına daxil olarkən hər bir vətəndaş Hərbi andı qəbul edir və andını pozarsa, Azərbaycan Respublikası qanunlarının tam ciddiyyəti üzrə məsuliyyət daşımağa hazır olduğunu elan edir.
Beləliklə, Azərbaycan Respublikasının Silahlı Qüvvələri müqəddəs vəzifələri yerinə yetirmək üçün daim döyüşə hazır vəziyyətdə olmalıdır. Möhkəm hərbi intizam yüksək döyüş qabiliyyətli olmağın əsas şərtidir. Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi intizam hərbi qulluqçuların şüurluluğuna, vətənpərvərlik borclarını dərindən dərk etmələrinə və Vətənə sonsuz məhəbbət bəsləmələrinə əsaslanır. Lakin bunlar öz hərbi borcuna etinasız yanaşan hərbi qulluqçulara məcburiyyət tədbirlərinin tətbiqini istisna etmir.
Hərbi qulluqçu öz Vətəninin müdafiəsi üçün şəxsi məsuliyyət daşıyır və borcludur ki, Azərbaycanın mənafeyini qorusun, onun nüfuzunun və qüdrətinin möhkəmlənməsinə səy göstərsin, Azərbaycan Respublikası Konstitusiyasına, qanunlarına və Hərbi anda müqəddəs və sarsılmaz surətdə riayət etsin, intizamlı, vicdanlı, cəsarətli olsun, hərbi borcunu yerinə yetirərkən bütün qüvvəsini, lazım gəldikdə canını belə əsirgəməsin, komandirlərə sözsüz tabe olsun, döyüşdə onları müdafiə etsin, həmçinin öz hərbi hissəsinin Döyüş Bayrağını göz bəbəyi kimi qorusun. Hərbi qulluqçu ezamiyyətdə, məzuniyyətdə, tibb müəssisəsində müalicə zamanı və digər hallarda törətdiyi nalayiq hərəkətlərə görə böyük rəislərdən aldığı intizam cəzası barədə daimi xidmət yerinə qayıdan kimi özünün bilavasitə rəisinə məlumat verməlidir, əks təqdirdə o, bu iş üçün inzibati məsuliyyət daşıyır".
Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin Tovuz rayon şöbəsinin sədri Nazim Quliyev xalqla ordu arasında yaranmış qarşılıqlı inam və birliyin yeni nailiyyətlərə apardığını bildirdi. "Dövlətimizin ərazi bütövlüyünün, sülhün, əmin-amanlığın, müstəqilliyimizin təminatçısı olan ordumuzun arxasında xalqı dayanır. Bu birlik ordumuzu daha da yenilməz, qüdrətli edir. Müasir standartlara cavab verən hərbi hissələrin inşası bir daha onu göstərdi ki, ölkə rəhbərliyinin ordumuza qayğısı və diqqəti sərhədsizdir. Vətəndaş olaraq bizlər də daim ordumuza qayğı göstərməliyik. Şəxsi heyətin mənəvi-psixoloji hazırlığının yüksək olması üçün mütəmadi olaraq onlarla görüşlər keçirməliyik. Ordu bizim övladlarımızdan təşkil olunub. Hər birimizin arzusu onların güclü, məğlubedilməz olmalarıdır. Bunun üçün əlimizdən gələni əsirgəməməliyik. Öhdəmizə düşən vəzifənin məsuliyyətini dərindən başa düşməli, amalımıza doğru irəliləməliyik. Əlbəttə ki, hər birimizin yalnız bir amalı var - işğal olan torpaqlarımızı azad etmək. Aprel döyüşləri düşmən üzərində Böyük Qələbənin başlanğıcı olmaqla bərabər, Azərbaycan Ordusunun gücünü göstərdi, şəxsi heyətin özünə inamını və döyüş ruhunu artırdı. Həmçinin xalqımızın öz ordusuna inamını, vətənpərvərlik hissini daha da gücləndirdi. Bütün bunlar əminliklə deməyə imkan verir ki, Böyük Qələbəyə az qalıb. Biz veteranlar daim xalqımıza, dövlətimizə sadiqik, bunu əməllərimizlə göstərir və hər zaman göstərəcəyik. Ehtiyac olarsa, gələcək döyüşlərdə bizlər də ordu sıralarında döyüşməyə hazırıq!"
Milli Qeyri-Hökumət Təşkilatları Forumu Şəmkir Regional Qeyri-Hökumət Təşkilatlarının Resurs və Təlim İctimai Birliyinin sədri Fuad Bədəlov bildirdi ki, əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan ordu quruculuğu siyasəti bu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla davam etdirilir. "Azərbaycan Ordusunun silah arsenalı və maddi-texniki təminatı gücləndirilir, şəxsi heyətin sosial-məişət şəraiti yaxşılaşdırılır, mənəvi-psixoloji hazırlığı və döyüş ruhu günü-gündən daha da artırılır. Ordumuzun qüdrətini artıran mühüm amillərdən biri də xalq-ordu birliyidir. Xalqımız öz ordusuna inanır və güvənir. Bu da hər bir vətəndaşda vətənpərvərlik hissini daha da gücləndirir. Onu da qeyd edim ki, aprel zəfəri ordu ilə xalq birliyinin təntənəsinə çevrildi".
Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Şəmkir rayon filialının sədr müavini bildirdi ki, hər bir cəmiyyətin gələcəyi onun yetişməkdə olan gənc nəslidir. "Bugünkü gənclərimiz nə qədər savadlı, vətənpərvər, yüksək dünyagörüşünə malik olarsa, dövlətin, millətin gələcəyi bir o qədər işıqlı və ümidverici olar. Milli dövlətçiliyin formalaşması, milli mənlik şüurunun inkişaf etdirilməsi, vətənpərvərlik ruhunun yüksəldilməsi kimi proseslərdə gənclərin üzərinə böyük məsuliyyət düşür. Gənc nəslin həm fiziki, həm də mənəvi cəhətdən sağlam böyüməsi, elmi və mədəni tərəqqisi mühüm amildir. Bu baxımdan ölkəmizdə gənclərlə iş sahəsində görülən tədbirlər Azərbaycan gəncliyinin inkişafında böyük rol oynamışdır. Gənc nəslin düzgün yetişdirilməsi ölkə siyasətində önəmli yer tutur. Ümummilli liderimiz Heydər Əliyev öz siyasətində daima gənclərə qayğı göstərmiş, onların bir fərd kimi yetişməsinə xüsusi önəm vermişdir. Ulu Öndər sağlam düşüncəli yeni nəslin yetişdirilməsi sahəsində misilsiz işlər görmüşdür. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasətinin Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsində, bu gün Azərbaycan gəncləri bütün sahələrdə özlərini doğruldurlar. Düzgün şəkildə formalaşan gənclərimiz hərbi qulluğa çağırıldığı zaman ordunun döyüş qabiliyyətinin güclənməsinə böyük təkan verirlər. Çünki müasir silah və texnikaları idarə edən Azərbaycan gənci, Azərbaycan əsgəridir. 2016-cı ilin aprel döyüşləri aparılan islahatların nə qədər gərəkli olduğunu bir daha sübut etdi. Qısa müddətdə düşmənin çoxlu sayda canlı qüvvəsi, zirehli texnikası, habelə strateji əhəmiyyətli hərbi bazaları güclü atəş zərbəsi ilə məhv edildi, mühüm əhəmiyyətli ərazilərimiz geri qaytarıldı. Bir daha sübut olundu ki, Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad etməyə qadirdir.”
Auditoriya tədbirindən sonra qonaqlar səngərdə şəxsi heyətin  sosial-məişət şəraiti ilə yaxından tanış oldular, onlara qiymətli hədiyyələr təqdim etdilər, əsgərlərimizin suallarını cavablandırdılar.

Orxan HÜSEYNLİ, Ruslan HƏSƏNZADƏ, "Azərbaycan Ordusu",
fotolar  Namiq PƏNAHOVUNDUR