Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

28 Noyabr 2018 09:41

Səngərdən Qələbəyə gedən yol da Vətəndi!

"Anadır hər kişiyə öz Vətəni", - Abbas Səhət belə deyib. Xalqın güvəndiyi əsgər də, ordunun arxalandığı xalq da belə deyir...
Dövlət sərhədləri milli ruh, xəlqi ruh olmayan torpağa necə Vətən deyəsən? "Vətən üçün yaşayaraq illəri, budaqlardan qopardarıq yelləri, axarından çıxardarıq selləri!", - deyən əsgərlərimiz bu ruhu bütün çalarlarıyla yaşadır. Əsgərlərimiz sərhədlərimiz daxilində hər qarış torpağı da, daşı-dağı da, çeşməni-bulağı da qoruya-qoruya vətənləşirlər. Vətənləşən əsgər döyüş növbətçiliyi apardığı səngəri Böyük Qələbənin yolları üstə müvəqqəti dayanacaq bilir. Bəzi yolların səngərdə qırılması əsgərlərimizin ürəyini qana döndərir. Əsgərlərimiz o yolları mənzilinə çatdırmağın təşnəsidirlər. "Səngərdən Qələbəyə gedən yol da Vətəndi!", - deyir Azərbaycan əsgəri. Ordumuz ona görə güclüdü, qüdrətlidi. Ordumuz ona görə dünyanın ən güclü orduları sırasındadı...
Səngərdən o yana yolları ot basıb. Yaxın vaxtlarda ot basmış yollar da Azərbaycan əsgərinin qədəmlərinə səriləcək. Hər səngər o yollardan birinin başlanğıcı olacaq - Azərbaycan əsgəri səngərdən Qələbəyə gedən yolu da cəsarətiylə, qətiyyətiylə, sevgisiylə vətən-ləşdirəcək. Gözlərini səngərdən Böyük Qələbəyə aparacaq yollardan üzməyən əsgərlərimizin əhatəsindəyəm...
Min illərlə torpağı xalq qoruyub, xalq ordu olub, əli silah  tutanlar - əsgər. Xalq məqamında rəncbər olub - torpağı becərib, məqamında əsgər olub - torpağı qoruyub; - bu yol xalqın yoludu. Bu yol ordunun yoludu - dövlətin yoludu, dövlətçiliyin yoludu. Bu yol xalqın yoludursa, ordunun yoludursa, Qələbə yoludu, Böyük Qələbənin yoludu...
Ön xətt mənəvi kamilləri mətinləşdirir, mənəvi kamillərin döyüş əzmini, qələbə ruhunu ovxarlayır; işğal zənciri ovxarlanan qılıncların kəsərinə tab gətirə bilməyəcək, Azərbaycan əsgərinin qılıncı Xətainin qılıncı kəsərindədi. Mənə elə gəlir ki, bu kəsərə inanan şəhidlərin ruhu müharibədə ön xəttin, müharibədən sonra sərhədlərimizin göylərində dolaşır; bu yol şəhidlərimizin ruhunun yoludu...
Ön xəttə aparan yolların hamısı ön xətdən o üzə aparacaq yola qarışacaq, bu yol niyyət yoludu, murad yoludu...
Düşüncələrimin söykəndiyi ön xətdəyəm. Yusifli, Vəzirli, Şirinli, Baloğlanlı, Fəğanlı, Rasimli, Mübarizli, Samidli, Raquflu, Çingizli, ... ayları xatırlayıram; bu yol üçün döyüşdülər, bu yolun sonunu tezləşdirmək üçün döyüşdülər, azərbaycançılıq üçün döyüşdülər, Azərbaycan üçün döyüşdülər. Qələbə günü onların ruhlarıyla salamlaşacağıq - döyüşdə şəhid oldular. Onların arzuladığı yolun başlanğıcında onların amallarıyla bağrıbadaş düşüncələrin cazibəsində tərtərli qazi, Qarabağ müharibəsi əlili Nizami Məmmədovun bir şeirinin bir beytini xatırlayıram:

Şəhidlərin ruhu haqqı
Bu qan yerdə qalmayacaq!..

Yəni, qisas alınacaq, yəni, torpaqlarımız işğaldan azad ediləcək, yəni bu yolun sonunda Qələbə tonqalları çatılacaq... 
Müharibə başlayanda əli silah tutanlar da, ordu da bu yol üçün, bu yola çatmaq üçün döyüşürdü, döyüş əzmini, qələbə ruhunu yaşatmaq üçün döyüşürdü. Onda ordumuz nizami ordu kimi formalaşmamışdı.
Müdafiə Nazirliyinin Sənədli və Tədris Filmləri Kinostudiyasında xidmət edirdim. 1993-cü ilin payızıydı. Mənim senarimlə "Müharibə illərinin uşaqları" sənədli filminin çəkilişlərinin bir hissəsi Tovuzun düşmənin həmlələrindən qətiyyən çəkinməyən qətiyyətli Əlibəyli kəndində aparılacaqdı. Əsən yelin içindən keçib Əlibəyliyə çatmışdıq. Diqqətimizi yolun kənarında hərbi səhra geyimli bir uşaq çəkmişdi. Hərbi mundirə ehtiram kimi dayanmışdıq. Görüşmüşdük. Kəlmələşmişdik. Qürurlanmışdıq - bu yaşda uşaq hərbçidi. Düşünmüşdük - bu yaşda uşaq torpaqlarımızın müdafiəsindədi...
İllər keçib. Nə Yaqubun özünü unutmuşam, nə də dediklərini. Onda Yaqub tay-tuşlarına xitabən "Siz oxuyun. Mənim yolum başqadı..." demişdi. Qələbə yolunu nəzərdə tuturdu Yaqub, Qələbənin əsgəri olmaq istəyirdi. Tay-tuşlarını qınamırdı, qınağını bildirmədən əli silah tutmalıları qınayırdı. Onda ermənilərin həmlələrinin, hücumlarının qarşısını yerli müdafiə batalyonları alırdı, erməni ordusuyla bu batalyonlar və əhali döyüşürdü. Yaqub orduya belə gəlmişdi. İndi belə deyil. İndi Yaqubları orduya inamları əvəzləyir.
İndi ordumuz dünyanın ən güclü ordularından biridi. İndi xalq ordusunun sırasındadı. Aprel döyüşlərində təsdiqləndi ki, xalq ordunun dayağıdı, xalq orduya inanır, güvənir; bu yol inamın, güvəncin yoludu.  Bu ordunun yolu, təbii ki, Qələbə yoludu.
Son ezamiyyətdə əsgərlərlə söhbətləşəndə söz sözü çəkmişdi, sözarası Yaqubun dediklərini də xatırlatmışdım. Yumruqları düyünlənən əsgərlərdən biri qətiyyətlə de-mişdi: Yaqub deyən yol döyüş yoludu, Qələbə yoludu, bizim yolumuzdu. Bu yol bizi Şuşaya aparacaq! Bu yol belə düşüncələrin yoludu...
Bakı İncəsənət Gimnaziyasının 5-ci sinif şagirdi Qalib Əliyevin səngərə - tanımadığı əsgərə yazdığı məktubu komandirin məsləhətiylə əsgər Kənan Əkbərliyə verdim. Kənan məktubu oxuyunca kimsə dillənmədi. Qəribə, üzücü sükutuydu. Kənan məktubu oxudu, bir də oxudu. Qaşları çatıldı. Həyəcanlandığı aydınlığıyla hiss edilirdi. Handan-hana indiyəcən tanımadığı, indi əzizi bildiyi məktəblinin səmimiyyətlə yazdığı məktuba cavab yazırdı. Qürurla yazırdı - komandiri onu fərqləndirmişdi. Bu qüruru əsgər Kənan Əkbərlinin timsalında ordumuzun şəxsi heyətinin qüruru bildim. Bu qürurda 2016-cı ilin aprel ovqatı vardı, 2018-ci ilin may ovqatı vardı. Bu ovqatlar Böyük Qələbəyə zəmanət ovqatlarıydı; bu yol qürurun yoludu...
Əsgərlərin əhatəsində 2016-cı ilin aprel döyüşlərini də xatırladıq, Azərbaycan Ordusunun və Bakının azad edilməsinin 100 illiyinə həsr olunmuş paradları da. O Qələbə ruhumuzun Qələbəsi oldu, o Qələbə ordu ilə xalqın birliyinin möhtəşəmliyi kimi, Azərbaycan Ordusunun gücünün, qüdrətinin təsdiqi kimi tarixləşdi. O Qələbə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dediyi kimi, dərsliklərə salınmalı Qələbə oldu. O paradlar həm də Azərbaycan əsgərinin döyüş ruhunun, qələbə əzminin təcəssümü kimi izlənildi. Azərbaycan əsgəri Ali Baş Komandanın paradda inamla dediyi bir kəlamı səngərlərdə qırılan yollara düşən işıq bilir. O işıq ruhumuzun işığıdı. Ruhun işığı sərhədsiz olur; sərhədsiz ruhumuzun işığının əsgəri Ali Baş Komandanın əmriylə bu yolların yolluğunu özünə qaytaracaq. Onda Böyük Qələbənin ovqatını yağışdan sonra göyqurşağına tən biləcəyik. Onda çəmənlərimiz bir ayrı gözəlliklə güllənəcək, çeşmələrimiz dilə gəlib dillənəcək: səngərdən Qələbəyə gedən yolu da vətənləşdir, Azərbaycan əsgəri!..
Boyu boyumdan yuxarı olan səngərlərə baxıram... Mənə elə gəlir ki, səngərlərin o üzündə qalan torpaqların əlləri bu səmtə uzalıdı, "Ağrı-acılarımın məlhəmini tezləşdirin!", - deyir. Azərbaycan əsgərinin bu kəsilməz harayı eşitdiyinə, bu harayın əsgəri olduğuna zərrəcə şübhəm yoxdu. Səngər düşüncələrim əsgərlərimizin döyüş əzmindən, döyüş əzmindən dikələn qələbə ruhundan rişələnməkdədi. Əlləri bizə sarı uzalı qalmış torpaqlarımızı görüb dərk etdiyim, dərk edib düşündüyüm, düşünüb yaşadığım ovqatı könlümün Qələbə bayrağı bilirəm. O tərəfə - əlləri bizə sarı uzalı torpaqlarımıza bayraqlaşan səngər düşüncələrindən - səngərli düşüncələrdən baxıram. Səngərdən qarşı tərəfə uzanan cığırları ot basıb. Yaxın vaxtlarda Azərbaycan əsgəri bu cığırları da, qarşıdakı səngərləri də çığnayıb keçəcək. Bu, Azərbaycan əsgərinin qalibiyyət yolunun qüdrətidi. Musa Yaqub demişkən, onda "dünyamızın qara daşı göyərəcək". "Göyərən qara daşlar" son nəfəsinə qısılan işğala ölüm hökmü oxuyanlara Dədə Qorqud ruhuyla "Surunuz yerisin, qan-qadanı  sovuşdurdunuz!", - deyəcək. Onda illər öncə Əlibəyliyə gedəndə qənşərimizə yüyürən yellərin təmasından titrəşən yarpaqların da, yarpaqları coşquyla titrəşən budaqların da, səsi açılan çeşmələrin də, bulaqların da, ... eyni açılacaq. Murovun, Kəpəzin gözləri sevinc yaşlarına darlıq edəcək, sinəsi boyunca süzülən yaşları Azərbaycan əsgərinin arxasınca atılan aydınlıq suyu biləcəyik. Əsgərlərimizin keçib getdiyi yol - Qələbə yolu ruhu rəvanlara darlıq edəcək, hamı o yolun sonuna - Laçına, Kəlbəcərə, Şuşaya, Ağdama, Füzuliyə, Cəbrayıla, Qubadlıya, Zəngilana can atacaq. Şuşanın dağlarını dumansız görəcəyik, Cıdır düzündə çatılacaq Qələbə tonqallarının şöləsi göy üzünü qarşılayacaq, bir vaxtlar yuxudan Xanın səsinə oyanan təbiət Xanın ruhunun səsinə dikələcək...
Bu yol ruhumuzun yoludu.
Bu yol müqəddəs niyyətin yoludu.
Bu yol Əlilərin, Bəxtiyarların, ..., Zəhraların harayına can atan yoldu...
Bu yol Xocalı faciəsində ürəyi burxulanlara təsəlli yoludu...
Bu yol "Lələtəpə fatehləri"nin yoludu...
Hamımız yol üstəyik. Bu yol Qələbə yoludu, Böyük Qələbənin yoludu. Bu yolun baş-lanğıcında - səngərdə “Səngərdən Qələbəyə gedən yol da Vətəndi!”, - deyən əsgərlərimiz o yoldan qətiyyətlə söz açır. Hər kəlmə döyüş əzminin, Qələbə ruhunun ifadəsi kimi səslənir...
Hamımızın yolu birdi. Bu yol Qələbə yoludu. Bu yol bütün yolların ən gözəli kimi tarix yazacaq. Bu yol tarixi yol olacaq, tarixin yolu olacaq...

Rəşid HÜSEYNOV, əməkdar jurnalist,
fotolar  Coşqun CƏFƏROVUNDUR