Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

23 Noyabr 2018 09:57

Fiziki hazırlığımız yüksək səviyyədədir

Düşmənlə təmas xəttində yerləşən "N" hərbi hissəsində şəxsi heyətin fiziki hazırlığının təmin edilməsi üçün yaradılan şərait diqqətimizi cəlb etdi. Müdafiə Nazirliyi rəhbərliyinin göstərdiyi diqqət və qayğı nəticəsində müasir standartlara uyğun qurulan idman şəhərciyi hərbi qulluqçularımızın idmanla məşğul olmalarına, onların əsl hərbçi kimi formalaşmalarına imkan verir. Şəhərcikdə səliqə-sahman hökm sürür. Belə gözəl şəraitdə əsgərlərin günün nizam qaydasına uyğun olaraq fiziki hazırlıq məşğələsi ilə məşğul olmasının şahidi oluruq.
- Şəxsi heyət günün nizam qaydasına uyğun olaraq fiziki hazırlıq məşğələsini yerinə yetirir, - deyə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Samir Əliyev bildirdi. Söhbət əsnasında öyrənirik ki, Samirin dayısı Adil Ağayev Qarabağ müharibəsində şəhid olub, əmisi Mehman Əliyev isə Xocavənd istiqamətində gedən döyüşlərdə yaralanıb, hal-hazırda müharibə veteranıdır. Kiçik çavuş S.Əliyev keçirilən məşğələ barəsində bizlərə geniş məlumatlar verdi. "Əsgərlərimiz müxtəlif idman qurğularında cəld hərəkətlər edərək, normativləri yerinə yetirirlər. Normativlərə 100 və 3000 metr məsafələrə qaçış, turnik, paralel qollarla hərəkət, pres, jim və s. daxildir.  Əsgərlərimizin fiziki hazırlıq məşğələsinə həvəsləri böyükdür. Əlbəttə, fiziki cəhətdən güclü olan əsgər döyüş meydanında qalib olacaq. Müharibə zamanı əsgər fiziki cəhətdən güclü olmalıdır ki, güllə atəşi altında yaralı silah yoldaşını döyüş meydanından təxliyə edə bilsin. Digər tərəfdən isə düşmənlərimizlə üz-üzə gəldikdə onları əlbəyaxa döyüşdə məhv etsin."
Zaqatala rayonundan ordu sıralarına çağırılan əsgər Məhəmməd Amanov dedi ki, kiçik yaşlarından idmana böyük maraq göstərib. İdmanın boks növü ilə məşğul olub, hətta 2013-cü ildə keçirilən respublika çempionatının qalibi olub. "Mütəmadi məşq etdikdən sonra müəllimim kiçik yarışlara özümü sınamaq üçün şərait yaratdı. Etiraf edim  ki, ilk dəfə yarışa qatıldıqda çox həyəcanlı idim. Özümü ələ almağa çalışırdım. Öz-özlüyümdə deyirdim ki, burada qorxulu heç nə yoxdur, sən qalib gələcəksən. Rinqə çıxdıqda, rəqibimlə üz-üzə gəldikdə həyəcan əvəzinə, döyüşməyi və qalib gəlməyi düşünürdüm. Şükürlər olsun ki, respublika çempionu oldum".
Sözlərinin sonunda əsgər M.Amanov qeyd etdi ki, əsgər kimi də qalibiyyət sevincini yaşamaq arzusundadır. "Mən arzu edirəm ki, Ali Baş Komandan İlham Əliyevin döyüş əmri ilə doğma Qarabağımızı işğaldan azad edib, orada təşkil olunan Qarabağ çempionatında uğurlar qazanım".
Digər müsahibim isə hərbi xidmətə Astara rayonundan çağırılan əsgər Anar Möyləyevdir. "Bizlərə keçirilən ictimai-siyasi hazırlıq, döyüş və atəş hazırlıqları sayəsində döyüş vərdişlərimizi təkmilləşdirir, fiziki cəhətdən daha güclü, dözümlü, iradəli, sağlam oluruq. Əlbəttə, bunları bizlərə öyrədən komandirlərimizə minnətdarlığımızı bildiririk. Üzərimizə düşən əsas vəzifə isə döyüş əmri ilə erməni qəsbkarlarından qisasımızı almaqdır. Bu günü mənim kimi hər bir Azərbaycan əsgəri səbirsizliklə gözləyir".
Mingəçevir şəhərindən ordu sıralarına çağırılan əsgər Nurlan Məmmədhüseynov da mülki həyatda idman yarışlarında iştirak edib və bir sıra uğurlara imza atıb. Güləşə böyük maraq göstərən Nurlan az vaxt ərzində idmanın sirlərinə dərindən yiyələnib. Bu səbəbdən idmanda uğurlar qazanıb. Əsgər N.Məmmədhüseynov tərxis olduqdan sonra da yenidən idmanla məşğul olacağını və yeni nailiyyətlər əldə edəcəyini bildirdi. "Mənim üçün ən əsası idman yox, düşmənlərimiz tərəfindən işğala məruz qalan doğma Qarabağımızdır. Bunun üçün də hər birimiz var qüvvəmizlə çalışmalıyıq ki, yüzlərlə soydaşlarımızın canlarına susayan, minlərlə vətəndaşımızı elindən-obasından didərgin salan erməni qəsbkarlarından qisasımızı alaq. Ali Baş Komandanımızın döyüş əmri ilə onları məhv edəcəyik. Aprel döyüşləri bir daha sübut etdi ki, doğma elimizə qovuşmaq üçün qarşımızda heç bir əngəl tanımayacağıq".
Digər əsgərlər də Ali Baş Komandan İlham Əliyevin döyüş əmri ilə erməni qəsbkarlarını məhv edəcəyi günü səbirsizliklə gözlədiklərini bildirdilər.


Orxan HÜSEYNLİ, "Azərbaycan Ordusu",
fotolar C.CƏFƏROVUNDUR