Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

23 Noyabr 2018 09:55

Naxçıvan Qarnizonunun tam orta məktəbi qabaqcıl təhsil ocaqlarındandır

Ölkəmizdə ordu quruculuğu sahəsində görülən işlər Naxçıvan Muxtar Respublikasında da uğurla davam etdirilir. Azərbaycan Ordusunun muxtar respublikadakı birləşmə və hissələri ötən dövrdə müasir silah və texnikalarla təmin olunub, Naxçıvan Muxtar Respublikasının müdafiə qabiliyyəti xeyli gücləndirilib. Muxtar respublika ərazisindəki hərbi hissələrdə məişət-yaşayış kompleksləri tikilir, zabit ailələrinin mənzil-məişət şəraiti günü-gündən yaxşılaşdırılır.
Hərbi qulluqçuların ailələrinə göstərilən diqqət və qayğı məqsədilə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1992-ci ildə Naxçıvan Qarnizonunun tam orta məktəbi yaradıldı. Bu məktəb muxtar respublikanın orta ümumtəhsil məktəbləri sırasında qazandığı uğurları ilə seçilən təhsil ocaqlarındandır.
Məktəbin dəhlizində sərgilənən şagirdlərin vətənpərvərlik mövzusunda çəkdiyi rəsmlər, idman oyunlarında qazandıqları fəxri fərman və kuboklar ilk baxışda məktəb haqqında xoş təəssürat yaradır. Məktəbin direktoru Natiq Əhmədov söhbətində bildirdi ki, valideynlərin hərbi xidməti zərurəti ilə əlaqədar şagirdlərin 90 faizi Azərbaycanın digər bölgələrindəndir. "2004-cü ildə Naxçıvan Muxtar Respublikası Ali Məclis sədrinin təşəbbüsü ilə hərbi şəhərciyin ərazisində məktəb üçün yeni bina inşa olunmuş, hər bir şərait yaradılmışdır. Hazırda məktəbdə fizika, kimya-biologiya laboratoriyaları, kompüter sinifləri fəaliyyət göstərir. Şagirdlərin istifadəsi üçün 10 sinifdə elektron lövhə quraşdırılıb ki, bu da dərslərin yeni texnologiyalar əsasında tədrisinə kömək edir. Məktəbdə şagird elmi cəmiyyəti fəaliyyət göstərir. Cəmiyyətin əsas məqsəd şagirdləri müstəqil işə alışdırmaq, ayrı-ayrı fənlərə maraq yaratmaqdır. Bununla əlaqədar olaraq ali təhsil müəssisələri ilə əlaqə saxlayır, tədris ilinin sonunda məktəbdə keçirilən şagird elmi cəmiyyətinin konfransında  şagirdlər məruzə ilə çıxış edirlər".
Məktəbin ötən tədris ilində uğurları da az olmayıb. Orta təhsilini başa vuran məzunların hamısı ali və orta ixtisas məktəblərinə daxil olublar. 15-i 500-700 intervalında bal toplayaraq məzunlara Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri tərəfindən qiymətli hədiyyələr verilib. Ceyran Məmmədova məktəbi qızıl medalla, digər 7 nəfər isə fərqlənmə attestatı ilə bitiriblər. 
Burada təhsillə yanaşı şagirdlərin hərbi vətənpərvərlik ruhunda tərbiyəsi də diqqətdə saxlanılır. Bu məqsədlə fənn gecələri, viktorinalar, disputlar, yazı müsabiqələri, müxtəlif idman yarışları təşkil olunur. Yeni tədris ilində 18 Oktyabr Dövlət Müstəqilliyi Günü ilə əlaqədar VIII-XI siniflər arasında "Vətənin müdafiəsinə hazıram" çoxnövçülüyü üzrə,  9 Noyabr Dövlət Bayrağı Günü ilə əlaqədar stolüstü tennis üzrə məktəb birinciliyi keçirilib. Muxtar respublika üzrə qızlar arasında keçirilən həndbol yarışında məktəbin komandası II yerə layiq görülüb. Məktəbin şagirdləri Naxçıvan Əlahiddə Ümumqoşun Orduda keçirilən tədbirlərdə də  fəal iştirak edirlər. Bundan başqa, tədris ili ərzində tarixi və əlamətdar günlərlə bağlı mütəmadi olaraq bilik yarışmaları və hərbi-idman oyunları keçirilir.
Məktəbdə digər fənlər kimi, Gənclərin çağırışaqədərki hərbi hazırlıq fənninin tədrisinə də ciddi fikir verilir. Əyani vəsaitlərlə təmin olunmuş kabinetlərdə keçirilən dərs zamanı  videomateriallardan da istifadə edilir. Şəhidlərimizə, milli qəhrəmanlarımıza həsr olunan filmlərin nümayişi təşkil olunur. Əlahiddə Ümumqoşun Ordunun Təlim-Tədris Mərkəzinin imkanlarından da istifadə olunaraq Gənclərin Çağırışaqədərki Hərbi Hazırlıq fənninin tədrisi ilə ilkin hərbi biliklər mənimsədilir, gənclərin ordu sıralarına hazırlığının təməli qoyulur.
Məktəbin direktoru onu da bildirdi ki, məqsədimiz yalnız bilik verməklə kifayətlənmək deyil, biz həm də gələcəyə layiqli vətəndaş yetişdirməliyik. - Məktəbdə təhsil alanlar hərbçilərin övladlarıdır. Məzunlar arasında hərb peşəsini seçənlər də az deyil. Hər il Hərbi liseyə və Ali Hərbi məktəblərə çox sayda sənəd verilir. Bununla belə digər məzunlarımız da seçdikləri peşə ilə Vətənimizə, dövlətimizə layiqli xidmət etməli, ictimai işlərdə fəal olmalıdırlar. Hərbçilərimizin övladlarına yaxşı təhsil vermək,  onları cəmiyyətə yararlı, vətənpərvər gənclər kimi formalaşdırmaq  üçün məktəbin pedaqoji kollektivi əlindən gələni edir və edəcəkdir. 
    

 Ruhiyyə RƏSULOVA, Naxçıvan Televiziyasının baş redaktoru