Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

23 Noyabr 2018 09:54

Qəhrəmanlar tarix yaradır

Milli Qəhrəman Gültəkin Əsgərovanın xatirəsinə həsr olunan tədbir keçirildi

Həzi Aslanov adına Mərkəzi Zabitlər Evində Azərbaycanın Milli Qəhrəmanı Gültəkin Əsgərovanın doğum gününə həsr olunan tədbir keçirildi. Tədbirdə Müdafiə Nazirliyinin, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin və ictimaiyyətin nümayəndələri, millət vəkilləri Qənirə Paşayeva və Adil Əliyev, ziyalılar, həmçinin Gültəkin Əsgərovanın ailə üzvləri və döyüşçü yoldaşları iştirak etdilər. Xalqımızın ümummilli lideri Heydər Əliyevin və torpaqlarımızın suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Azərbaycan Respublikasının Dövlət himni səsləndirildi.Həzi Aslanov adına Mərkəzi Zabitlər Evində Azərbaycanın Milli Qəhrəmanı Gültəkin Əsgərovanın doğum gününə həsr olunan tədbir keçirildi. Tədbirdə Müdafiə Nazirliyinin, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin və ictimaiyyətin nümayəndələri, millət vəkilləri Qənirə Paşayeva və Adil Əliyev, ziyalılar, həmçinin Gültəkin Əsgərovanın ailə üzvləri və döyüşçü yoldaşları iştirak etdilər. Xalqımızın ümummilli lideri Heydər Əliyevin və torpaqlarımızın suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Azərbaycan Respublikasının Dövlət himni səsləndirildi.
Tədbiri giriş sözü ilə açan Əməkdar mədəniyyət işçisi polkovnik-leytenant Zöhrab İmamquliyev bildirdi ki, müstəqilliyimiz və torpaqlarımızın azadlığı uğrunda şəhid olanların göstərdiyi qəhrəmanlıqların təbliği Vətəninə və xalqına bağlı gənclərin formalaşmasına töhfə verir.
Azərbaycanın Milli Qəhrəmanı Gültəkin Əsgərova 20 noyabr 1960-cı ildə Bakı şəhərində dünyaya göz açıb.  Azərbaycan Dövlət Tibb Universitetini bitirib. Təhsil illərində Daxili İşlər Nazirliyinin Hərbi hospitalında əvvəlcə kiçik tibb bacısı, sonra isə böyük tibb bacısı vəzifəsində çalışıb. Ali məktəbi bitirdikdən sonra 8-ci Təcili Yardım Stansiyasında, daha sonra uroloji xəstəxanada anestezioloq-reanimatoloq vəzifəsində işləyib. 4 aprel 1992-ci ildə könüllü olaraq cəbhəyə yollanır. Əvvəlcə Turşsuda, sonra isə Şuşada neçə-neçə yaralı əsgərə tibbi yardım göstərib. Şuşanın işğalından sonra Laçının, Qubadlının müdafiəsində yaxından iştirak edib. 20 iyun 1992-ci ildə Aranzəmin-Naxçıvanik istiqamətində gedən ağır döyüşdə öz xidməti borcunu yerinə yetirərkən qəhrəmancasına həlak olub. Bakı şəhərində Şəhidlər xiyabanında dəfn edilib. Azərbaycan Respublikası Prezidentinin 20 noyabr 1993-cü il  tarixli Fərmanı ilə ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb. Oxuduğu 200 saylı orta məktəbə onun adı verilib, büstü qoyulub. Xəzərdə üzən gəmilərdən biri qəhrəmanın adını daşıyır, gəmidə muzeyi yaradılıb. Bakının Nərimanov rayonundakı xəstəxananın önündə  büstü qoyulub.  Haqqında bir neçə kitab yazılıb.
Millət vəkili Qənirə Paşayeva Ermənistanın Azərbaycan torpaqlarına qarşı işğalçılıq siyasəti başlayandan xalqın qeyrətli oğulları ilə yanaşı, Vətən qızlarının da silaha sarıldığını, bir neçə nəfərin şəhidlik zirvəsinə yüksəldiyini bildirdi. Onlardan biri - Azərbaycanın Milli Qəhrəmanı Gültəkin Əsgərovanın keçdiyi döyüş yolu haqqında geniş məlumat verdi. Qənirə Paşayeva Vətən uğrunda canından keçən qəhrəmanlarımızın yaşadığı qısa, lakin şərəfli həyat yolunun gənclərimizə əsl örnək olduğunu diqqətə çatdırdı. “O, kişi qeyrətli bir qız idi. Ana Vətən üçün qız çox dəyərlidir. Qızların da Vətən qarşısında borcu böyükdür. Hesab edirəm ki, o borcu hamı ödəməlidir”.
Millət vəkili onu da qeyd etdi ki, əsl qəhrəmanlıq yaşarı qəhrəmanlıqdır. Qəhrəmanların döyüş yolu da, qəhrəmanlığı da zaman-zaman gənclərə, yeniyetmələrə örnək olur. Gültəkin Əsgərova belə qəhrəmanlardan olub.
Millət vəkili Adil Əliyev Gültəkinin döyüş yolunun gənclərimiz üçün əsl qəhrəmanlıq nümunəsi olduğunu, milli-mənlik şüurunun, vətənpərvərlik ruhunun yüksəldilməsinə böyük təsir etdiyini vurğuladı, bu cür tədbirlərin keçirilməsinin vacibliyini xüsusilə qeyd edərək bildirdi ki, gənc nəslin Milli qəhrəmanlarımızı tanıması üçün hər birimiz fəal olmalıyıq. "Vətənimizin müstəqilliyindən, xalqımızın azadlığından dəyərli heç nə ola bilməz. Ölkəmizin inkişafı istiqamətində gənclərin üzərinə böyük vəzifələr düşür. Savadlı nəslin formalaşması və vətənpərvər ruhunda yetişməsi də Azərbaycanın güclənməsinə müsbət təsir edir. Güclü dövlətin güclü ordusu da olur. Azerbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev bunu daim diqqət mərkəzində saxlayır. Bu istiqamətdə həyata keçirilən bütün tədbirlər onu deməyə əsas verir ki, Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızı azad etməyə qadirdir. Azərbaycan Ordusunun müdafiə qüdrətinin yüksək səviyyədə olmasını aprel döyüşləri və Günnüt zəfəri bir daha təsdiqlədi".
Millət vəkili Gültəkin Əsgərovanın timsalında bütün şəhid övladlarımızın qəlbimizdə, xalqımızın yaddaşında əbədi olaraq yaşayacağını, heç zaman unudulmayacağını vurğulayaraq, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında tezliklə düşmən üzərində Böyük Qələbənin qazanılacağına əminlik ifadə etdi.
Gültəkin Əsgərovanın anası Rəfiqə Əsgərova anım təşkilatçılarına dərin minnətdarlığını bildirərək ölkə rəhbərliyinin şəhid ailələrinə daim diqqət və qayğı ilə yanaşdığını bildirdi. "Vətən müqəddəsdir. Şəhidlərimiz Vətənimizin azadlığı uğrunda vuruşdular. Mənim qızım da torpaqlarımızın erməni təcavüzkarlarından müdafiə edilməsində iştirak etməyi müqəddəs borcu sayırdı. Həmişə gəncləri Azərbaycanın müstəqilliyini qorumağa, ərazi bütövlüyümüzü təmin etməyə hər an hazır olmağa çağırırdı. Vətənin dar günündə Gültəkin körpə qızını mənə tapşıraraq cəbhəyə yollandı. Qızımın döyüş yoldaşları  bu gün də mütəmadi olaraq mənimlə, nəvəmlə əlaqə saxlayır. Gültəkinin sadəliyindən, qoçaqlığından danışırlar".
Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədri ehtiyatda olan polkovnik Mehdi Mehdiyev çıxış edərək müstəqilliyimizin, torpaqlarımızın ərazi bütövlüyünün müdafiəsinin şəhidlərimizin fədakarlığının bahasına başa gəldiyini, Ermənistanın yürütdüyü işğalçılıq siyasəti nəticəsində torpaqlarımızın işğal olunduğunu tədbir iştirakçılarının diqqətə çatdırdı, ehtiyatda olsa da, hər an döyüşə yollanmağa hazır olduğunu vurğuladı. Vətənimizin inkişafı, çiçəklənməsi, işğal altında olan torpaqlarımızın azadlığı üçün hər an Ali Baş Komandanın döyüş əmrini gözlədiklərini dedi.
Ehtiyatda olan polkovnik qeyd etdi ki, hər döyüş bir tarixdir. Hərbçilər həm də tarix üçün döyüşürlər. Bu tarix torpağın, deməli, Vətənin tarixidi. Deməli, hər qəhrəman şücaəti ilə qəhrəmanlıq tarixi yazır. Azərbaycanın Milli Qəhrəmanı Gültəkin Əsgərova belə qəhrəmanlardandır. Biz əminik ki, onların döyüş yolu tariximizin bir zərrəsidir.
Tədbirdə çıxış edənlər erməni tacavüzkarlarına qarşı mübarizədə şücaət göstərmiş qəhrəman xanımlardan söz açaraq, onların gənclərə örnək olduğunu dedilər. Ordumuz regionun ən güclü ordusudur,  torpaqlarımızı işğaldan azad etməyə qadirdir. Qadınların sıralarımızda tibb bacısı, həkim kimi çalışmalarının böyük əhəmiyyəti olduğunu dedilər.
Tədbir Həzi Aslanov adına Mərkəzi Zabitlər Evinin yaradıcı kollektivinin solistlərinin Vətənə və vətənpərvərliyə həsr olunmuş ifaları ilə davam etdi.
Gültəkin Əsgərovanın anası Rəfiqə Əsgərova "Əsgər ocağı" fəxri diplomu, bir sıra şəxslər isə fəxri fərmanla təltif olundular.
Tədbirin sonunda iştirakçılar xatirə şəkli çəkdirdilər.
 

Ruslan HƏSƏNZADƏ, "Azərbaycan Ordusu"