Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

23 Noyabr 2018 09:37

Peşəmə ürəkdən bağlıyam

Respublikamızda ordu quruculuğuna yüksək diqqət və qayğı göstərilir. Təməli əbədiyaşar komandan Heydər Əliyev tərəfindən qoyulan müstəqil Azərbaycan dövlətinin regionun ən güclü ordusuna sahib olması bunun bariz nümunəsidir. Keçirilən irimiqyaslı təlimlər, beynəlxalq ordu oyunlarında hərbi qulluqçularımızın yüksək nailiyyətləri də ordu quruculuğu sahəsində uğurlu islahatlar aparıldığının bir daha təsdiqidir.
Ölkə rəhbərliyi tərəfindən ordu mənsublarına göstərilən yüksək diqqət gənclərimizdə hərb peşəsinə marağın gücləndirilməsi işinə də müsbət təsir edir. Əminliklə deyə bilərik ki, hərb peşəsi gənclərimizin ən çox seçdiyi və sevdiyi peşələrdəndir. Hərbçi olmaq arzusunda olan gənclərimiz bu peşəni özlərinə həyat yolu seçir və bu yolun müqəddəs olduğunu vurğulayırlar.
Belə hərbçilərdən birini tank bölmələrindən birində tanıdım. Komandirləri seçdiyi yolun hələ astanasında olmasına baxmayaraq, həm vətənpərvərliyi, həm də bilik və bacarığı ilə seçildiyini deyirlər. Əslən Lənkəran rayonundan olan gənc zabit Cəmşid Naxçıvanski adına Hərbi Liseyi və Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini müvəffəqiyyətlə bitirib. Bölməyə təyin edilən gündən həm komandirlərinin, həm də tabeliyindəki şəxsi heyətin rəğbətini qazanıb. Onu tanımaq üçün tank saxlancına yollanıram. Tankın ətrafında düzülən şəxsi heyətə məşğələ keçirdi. Haqqında söhbət açdığım əsl komandirə xas olan liderlik xüsusiyyəti, idarəçilik bacarığı diqqətimi çəkdi. Şəxsi heyətə tankın döyüş xüsusiyyətlərindən danışır, istər texnika, istərsə də silahdan düzgün istifadə qaydalarını hər incəliyinə qədər öyrədirdi. O, dərsi izah edərək bildirdi ki, hər texnika kimi, tankın da özünəməxsus özəllikləri var. "Biz bunların hamısını yaxşı mənimsəməli, idarə etdiyimiz texnikanın təyinatını düzgün bilməliyik ki, döyüş meydanında düşməni tez zamanda dəqiq məhv edə bilək."
Leytenant Tofiq Həmidovun bu peşəyə marağının və sevgisinin ailədən bəhrələndiyini öyrənirəm. Əmisi Qarabağ müharibəsi veteranıdır. Hal-hazırda ehtiyatda olan zabitdir.
- Əmim müharibə veteranıdır, - leytenant dedi. - Qarabağ döyüşlərinin iştirakçısı olub. Uşaqlığımda mənə döyüşlərdən söz açıb, ermənilərin xalqımızın başına açdığı faciələrdən danışıb. Elə o vaxtdan düşmənə nifrətim oyanmışdı. Gələcəkdə hərbçi olmaq arzusu ilə döyünürdü ürəyim. İllər keçdikcə daha da formalaşan bu arzum məni C.Naxçıvanski adına Hərbi Liseyin kursantları sırasına apardı. Elə bu seçimimə də ən çox sevinən əmim oldu. Həmyerlim, Azərbaycanın əfsanəvi generallarından biri, məşhur hərb xadimi, iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovdan stimul alaraq tankçı ixtisasını seçdim. Həmişə onun İkinci Dünya müharibəsindəki hünər və şücaətindən bəhs edən kitabları maraqla oxuyur, qəhrəmanın mənalı ömür yolunu özümə nümunə bilirdim.
Danışdıqca simasında əks olunan sevinc və  həyəcan, qürurlu baxışları gənc zabitimizin  peşəsinə sonsuz  sevgi ilə bağlandığını büruzə verirdi. Zabit düşüncələrinə sarılıb Hərbi liseydə "Şərəf andı" içdiyi gündən danışdı: "Həmin mərasimdə ümummilli lider Heydər Əliyevin "Zabit olmaq, hərbi vəzifə daşımaq gənclərimizin ən müqəddəs vəzifələrindən biri olmalıdır" sözləri səsləndiriləndə, çox qürurlandım. Seçdiyim peşənin müqəddəsliyini bir daha hiss etdim. Əbədiyaşar Komandanımızın həmin sözləri hələ astanasında olduğum bu şərəfli yoluma işıq saldı. Zabit peşəsi, doğrudan da, ən müqəddəs və vacib peşələrdən biridir. Çünki bu peşənin sahibləri Vətən qoruyucularıdır. Amma hərb peşəsi şərəfli olduğu qədər də çətin peşədir.  Seçdiyim yolun məsuliyyətini və vacibliyini yaxşı dərk edirəm. Tabeliyimdəki şəxsi heyətə daim nümunə olmaq, əsgərlərin vətənpərvər, nizam-intizamlı və döyüşə hazırlıqlı olması üçün qazandığım bütün  biliklərimi səfərbər edirəm."
Hərbi peşəyə olan sevgisi və bağlılığı hər kəlməsindən duyulan Tofiqlə həmsöhbət olmaq mənə xoş təəssürat bağışladı, illər sonra onun da  Azərbaycan Ordusunun ən layiqli zabitləri sırasında yer tutacağına inamım güclüdür.


Mahmud MÖHBALIYEV, "Azərbaycan Ordusu",
foto C.CƏFƏROVUNDUR