Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

23 Noyabr 2018 09:15

Səngər cəsurların məkanıdır

Düşmənlə təmas xəttində yerləşən "N" hərbi hissənin bölməsində nümunəvi xidməti ilə seçilən gizir Fərid Sanılı ilə yaxından tanış oluruq. Vəzifəsinin öhdəsindən uğurla gələn, xidmətini düzgün təşkil edən, torpaqlarımızın keşiyində ayıq-sayıq dayanan hərbi qulluqçumuzun əmisi Xəqani Sanılı Vətən uğrunda gedən döyüşlərdə şücaət göstərərək şəhidlik zirvəsinə ucalıb. Şəhid əmisinin adını daşıyan qardaşı leytenant Xəqani Sanılı da düşmənlə təmas xəttində yerləşən hərbi hissələrin birində xidmət edir. Babası Şəmsəddin Saniyev müharibə veteranı olub. Əsgər kimi aprel döyüşlərinin iştirakçısı olan, hərbçi ailəsində böyüyüb boya-başa çatan igidimizlə söhbət etmək bizim üçün qürurvericidir. Həmkarım uşaqlıqdan hərbçi olmaq arzusunda olduğunu bildirdi. "Uşaq vaxtlarımda ailəmizdə hər kəs əmim və babamın keçdiyi döyüş yollarından söhbət edərdilər. Atamın bizə dediyi sözlər heç bir zaman yadımdan çıxmayacaq. "O zaman nizami ordumuz yox idi, silah-texnikamız yetərincə güclü səviyyədə deyildi. Buna baxmayaraq, əmin və baban kimi mərd oğullarımız düşmən üzərinə atılırdı, torpaqlarımızın hər qarışı üçün mərdliklə döyüşürdülər. Hər zaman baban mənə deyərdi ki, könlündə Vətən sevgisi olan hər kəsin qarşısında düşmən məğlubiyyətə düçardır". Bu söhbətləri dinlədikcə qardaşımla mənim hərbçi olmaq istəyimiz günü-gündən artırdı. Nəhayət, hərbi xidmətə çağırıldım. Ön xətt bölmələrinin birində xidmət etdim. Hərb peşəsinin müqəddəsliyini daha yaxşı anladım. Həmçinin komandirlərimin davranışları, bizimlə rəftarı, mənəvi-əxlaqi keyfiyyətləri, Vətənə bağlılıqları bu peşəyə olan sevgimi daha da artırdı. Hərbi xidmətimi başa vurmağa az qalmış, gizir hazırlığı kursuna getmək üçün müraciət etdim və bununla da şərəfli yoluma davam etdim. Bu gün əldə silah Vətən torpaqlarının keşiyində dayanan bir hərbçi, bir vətəndaş kimi üzərimə düşən vəzifələrin öhdəsindən layiqincə gəlməyə çalışıram. Mövqelərimizdə dayanıb düşmən işğalı altında qalan torpaqlarımıza baxanda ürəyim ağrıyır. Bu torpaqları azad etmək qarşımızda dayanan ən mühüm, ən müqəddəs vəzifədir. Bu vəzifəni yerinə yetirmək üçün Ali Baş Komandan İlham Əliyevin döyüş əmri ilə hər an döyüşə atılmağa hazırıq".
Hər iki qardaş ön xətdə Vətənimizi qoruyur. Bir ailədən iki oğulun hərbçi olması, Vətənin keşiyində dayanması, elə, obaya, torpağa olan sevginin təzahürüdur. Bu bir daha sübut edir ki, gəncliyimiz vətənpərvərlik tərbiyəsində böyüyür.
- Üzərimə düşən vəzifənin müqəddəsliyini və məsuliyyətini yaxşı başa düşürəm. Bu vəzifələri həm də mənəvi borc bilirəm. Qarşıdakı mövqeləri daim müşahidədə saxlayır, düşmən atəşkəsi pozanda və ya hər hansı bir təxribata əl atmağa cəhd edəndə  vaxtında qarşısını alırıq. Bütün təminatlarımız da qaydasındadır. Ölkə rəhbərliyi uğurlu xidmətimiz üçün hər cür şərait yaradıb. Belə diqqət və qayğı hər birimizə yüksək döyüş ruhu aşılayır, xidməti düzgün təşkil etməyimizə zəmin yaradır, - gizir Fərid Sanılı dedi.
Söhbətimizin sonunda Fərid onu da bildirdi ki, qəsbkarlar hər an ordumuzun gücünü, qüdrətini hiss edir. “Bu il Azərbaycan Ordusunun yaranmasının və Bakının işğaldan azad edilməsinin 100 illik yubileyləri münasibətilə Azadlıq meydanında keçirilən hərbi paradlar da bu gücün, bu qüdrətin təsdiqidir. Keçirilən paradlar, aprel döyüşləri və Günnüt zəfəri bir daha təsdiqlədi ki, yenilməz ordumuz torpaqlarımızı tez bir zamanda işğaldan azad edəcək.”


Orxan HÜSEYNLİ, "Azərbaycan Ordusu",
fotolar C.CƏFƏROVUNDUR