Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

23 Noyabr 2018 09:14

“Vətənimizi azad, bütöv görəcəyik”

Vətənimizin hər bölgəsi özünəxas gözəlliyi, adət-ənənəsi, musiqisi və bilmədiyimiz digər keyfiyyətləri ilə bir-birindən seçilir. Biz ezamiyyətlərdə olarkən bu gözəlliyi yaddaşımıza köçürürük. Növbəti ezamiyyətimiz soyuq bir payız gününə təsadüf edir. Ətraf aləm qızılı rəngə boyanıb, ağaclardan tökülən yarpaqlar torpağın örtüyünə dönüb. Belə günlərdə Vətənin keşiyində dayanan məğrur əsgərlərimiz torpaqlarımızın müdafiəsində dayanıblar. Onlar hər zaman Vətənimizin, xalqımızın azadlığı naminə şəhid olmağa, Qarabağımızı düşmən tapdağından azad etməyə hazırdırlar.
Ön xətdə yerləşən "N" hərbi hissəsindəyik. Qərargahda gəlişimizin məqsədini bildirəndən sonra "UAZ" markalı maşınla dağlara - düşmənlə təmas xəttində yerləşən mövqelərimizə yola düşürük. Düşünürəm ki, Vətənimizin keşiyini çəkən igid oğulları ziyarət etmək cəmiyyətdə tutduğu vəzifəsindən, mənsubiyyətindən asılı olmayaraq hər birimizin vətəndaşlıq borcudur, bizim həm də xidməti borcumuzdur. Millət vəkillərinin, söz-sənət adamlarının, bir sözlə, ictimaiyyət nümayəndələrinin ön xəttə səfər etməsindən, burada xidmət edən hərbi qulluqçularla görüşməsindən xəbər tutanda çox sevinirik. Çünki bu gün dövlətimizin başçısının, ordu rəhbərliyinin hərtərəfli qayğısı ilə əhatə olunan əsgərlərimizin yalnız sözlü-söhbətli qonağa ehtiyacı var. Zabit Rüstəm Məmmədov  qeyd etdi ki, ziyalıların, cəmiyyətimizdə tanınan insanların əsgərlərlə hər görüşü şəxsi heyətin həyatında unudulmaz hadisəyə çevrilir. "Ordumuz yalnız mənsub olduğu xalqın dəstəyini hiss edəndə güclüdür. Ordu və xalq daima bir olmalıdır. Bu gün insanlar tez-tez əsgərlərimizlə görüşə gəlir, onlarla söhbət edir, şəraitləri ilə tanış olurlar. Doğrudan da, əsgərlərimizin mənəvi hazırlığında, ruh yüksəkliyində belə görüşlərin keçirilməsi əhəmiyyətli xarakter daşıyır", - zabit deyir.
Yolboyu gördüklərim məni qürurlandırırdı. Ən çox da məktəbli uşaqların hərbi maşını görəndə gülümsəmələri və hərbi salam vermələri. Xoş təəssüratlar oyadır insanda bu cür məqamlar. Bu məqam kənd sakinlərinin, əsas da uşaqların əsgərlərimizə inamının bariz nümunəsidir. Azərbaycan əsgərinə hərbi salam verən məktəbli sabah özü də xidmətdə olacaq. Gələcəkdə onun inandığı əsgərin övladı da ona hərbi salam verəcək. Bax, bu ənənə, inam illər ötdükcə davam edəcək...
Mövqeyə yaxınlaşırıq. Bir azdan torpaqlarımızın müdafiəçiləri ilə söhbətləşəcəyik. Uca boylu, üzündən məğrurluq yağan bir zabit bizə yaxınlaşır.  O qeyd edir ki, əsgərlərimiz ön xətdə xidmət etməkdən son dərəcə qürurludurlar. "Hər birimizin borcudur ki, doğulub boya-başa çatdığımız Vətən torpağını qoruyub müdafiə edək. Vətəni qorumaq sevdiklərimizi, xalqı və dövləti qorumaqdır. Tarix boyu xalqımızın qəhrəman oğulları azadlığımız uğrunda vuruşub, şəhid olublar. Onlar öz vətəndaşlıq borclarını yerinə yetiriblər. İndi onların bizə bəxş etdiyi azadlığı qoruyub saxlamalı, gələcək nəsillərə ötürməliyik. Bunun üçün də hamımız bir olmalı, torpağımıza əl uzatmağa çalışan düşmənin əllərini kəsib atmalıyıq", - deyən baş leytenant Emin Mehdiyevin gözlərindəki Vətən sevgisini görməmək mümkün deyildi. Hər kəlməsindən torpağına bağlılığı hiss olunan zabit tabeliyindəki əsgərlərə daim vətənpərvərlik hissini aşıladığını da qeyd edir.
Səngərdə Vətənimizi qoruyan mərd oğulların əhatəsində dayandığımıza görə sevincliyik. Səngər həyatı gənclərin sınaq meydanıdır. Burada yüksək mənəvi dəyərlərə malik olan Azərbaycan gəncləri xidmət edir.
Goranboy rayonundan olan əsgər Kənan İsgəndərov hərbi xidmətinin bir hissəsini artıq başa vurub. O da silahdaşları kimi ön xətdə xidmət etdiyinə görə fəxr edir. O deyir:
- Yaşadığım bölgə işğalçı Ermənistanla sərhəd olduğuna görə bizim yerlərdə də müharibə gedib. Valideynlərimdən, böyüklərimizdən müharibə haqqında çox eşitmişəm. Oğullarımız zamanında döyüşə könüllü gedib, amma hazırlıqlı ordu olmadığı üçün o vaxt itkilərimiz çox olub, torpaqlarımızın bir hissəsi işğal olunub. İndi tam fərqli bir ordunun əsgərləriyik. Hərtərəfli təminatımız, müasir silah-texnikalarımız var. Daha düşmən bizə güc gələ bilməz. Düşmən bilir ki, onun qarşısında dayanan hazırlıqlı Azərbaycan Ordusudur. Bu gün onlar dərk edirlər ki, ordumuz Ali Baş Komandanımızın bir əmri ilə tarixi torpaqlarını azad etməyə tam hazırdır.
Hərbi xidmətə Kürdəmir rayonundan çağırılan əsgər Şahvələd Məmmədov hərbi xidmət təəssüratlarından, yaddaqalan günlərindən danışır. "Vətənimə əsgər olmağımdan qürur duyuram. Sabah Vətən üçün nə etmisən? - sualını eşidəndə deyəcəm ki,   ön xətdə xidmət etmişəm, düşmənlə üzbəüz  mövqedə torpaqlarımızı qorumuşam. Əslində, hər bir gəncin həyatda ən vacib vəzifəsi əsgər olmaq, düşmənlə savaşa atılmağa qadir olan mübariz döyüşçü kimi yetişməkdir. Mən də komandirlərimə, təcrübəli silahdaşlarıma minnətdaram ki, onların sayəsində Vətənimizi qorumaq naminə hərbi təcrübəyə yiyələnmişəm. Orduda keçən günlərimi həyatımın ən mənalı dövrü sayıram. Hərbi xidmətə gəldiyim, sırada dayandığım, təntənəli şəkildə Hərbi andı qəbul etdiyim günləri unuda bilmərəm. Amma ilk dəfə döyüş növbətçiliyində dayandığım gün yaddaşımda silinməz izlər buraxıb."
- Niyə məhz həmin gün sənin üçün yaddaqalan oldu?
- Həmin gün mənə ən məsuliyyətli bir vəzifə - Vətənimizin qorunması etibar edilmişdi. Gecənin bir vaxtı hər tərəf sakit idi. Sanki ətraf lal sükuta qərq olmuşdu. Düşünürdüm ki, bircə an belə sayıqlığı əldən vermək olmaz. Qarşıda xalqımıza qarşı qanlı faciələr törətmiş düşmən var. Düşməni gözdən qoysam, nələr baş verər? Bu düşüncələr məni məsuliyyətli, ayıq-sayıq olmağa yönəltdi. Həmin anda qürur duydum ki, mən də Vətənimə gərəkli insanlardan biriyəm. Mən də xalqımızın, dövlətimizin müdafiəsində dayanan ordunun əsgəriyəm.
"Əsgərlərimizin bu cür düşüncələri hamımızı qürurlandırır. Belə əsgərləri olan orduda xidmət etmək bizlərə də sonsuz sevinc bəxş edir", - müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Röyal Məmmədov söhbətimizə qoşulur. Röyal Məmmədov əsgəri xidmətini ön xətt hərbi hissəsində keçirib. Pulemyotçu olan Röyal Məmmədov bildirir ki, ən böyük arzusu döyüşlərə atılmaq və tabeliyindəkilərlə birgə tarix yazmaqdır. "Əsgərliyə çağırılanda aprel döyüşləri yenicə başa çatmışdı. Təəssüflənirdim ki, döyüşlərdə iştirak edə bilmədim. Əgər bir müddət qabaq gəlsəydim, tarixləşən igidlərimizin sırasında mənim də adım çəkiləcəkdi. Dərk etdim ki, igidlik təkcə döyüşdə qazanılmır. Vətəni məsuliyyətlə qoruyan, ömrünü Vətənin taleyiylə bağlayan hər kəs igiddir, qəhrəmandır. Ona görə də xidmətimi başa vuran kimi yenidən ordu sıralarına qayıtdım. Bu gün sevincliyəm ki, Vətənimin taleyinə şərik olanlardanam. Bir vaxt gələcək ki, onun yarasına da məlhəm çəkənlərin sırasında olacağıq. Az bir müddətdir manqa komandiriyəm. Bu müddətdə təkcə bir məqsəd üçün çalışmışam - tabeliyimdə olanların döyüş hazırlığını yüksəltmək, onların vətənpərvər ruhda xidmət etməsini təmin etmək. Hər döyüş növbətçiliyini dəyişəndə onlara deyirəm ki, qarşıda dayanan düşməni diqqətlə müşahidə edin. Gün gələcək Ali Baş Komandanımız döyüş əmri verəcək və sizinlə birlikdə düşməni məğlub edərək xalqımıza Qələbə sevinci bəxş edəcəyik. Bax, onda tarix yazan Azərbaycan oğulları sırasında olacağıq".
Sumqayıt şəhərindən olan əsgər Mehdi Qəhrəmanov da hər an döyüşlərə hazır olduqlarını bildirir. "Hər birimiz Vətənin müdafiəçiləriyik. Bizdən arxada olan hər kəs bizə inanır, güvənir. Ona görə də çalışırıq ki, bu inama layiq olaq. Vətən bizim üçün necə müqəddəsdirsə, onun üzərində yaşayan insanlar da elədir. Çünki tarix boyu qəhrəmanlar xalqın azad, firavan yaşaması üçün vuruşublar. Təhsil aldığımız məktəblərdə olduğu kimi, burada da komandirlərimiz Vətən uğrunda şəhid olan igidlərimizin keçdiyi döyüş yolunu bizimlə bölüşür, onlar kimi igid, qəhrəman olmağı tövsiyə edirlər. Bu gün səngərdə Vətənimizin keşiyində dayanmaqla döyüş sirlərinə yiyələnirik. Qarşıda bizi müqəddəs vəzifə - torpaqlarımızın işğaldan azad edilməsi vəzifəsi gözləyir. Mütləq Vətənimizi azad və bütöv görəcəyik."
Döyüş mövqeyində görüşdüyümüz bu məğrur əsgərlərin hamısı Mehdinin sözlərinə qoşularaq səngər ömrü yaşamağın nə qədər qürurverici olduğunu bildirərək, Vətənimizi azad, bütöv görmək üçün haqq savaşına atılacaqları günü həsrətlə gözlədiklərini dedilər.


Məhəmməd NƏSİRLİ, "Azərbaycan Ordusu",
fotolar C.CƏFƏROVUNDUR