Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

21 Noyabr 2018 09:48

Hərb Tarixi Muzeyinə ekskursiya


Gənclərimizdə hərbi vətənpərvərlik hissinin yüksəldilməsi məqsədilə Azərbaycan Hərb Tarixi Muzeyinə Sumqayıt şəhər Təbiət Elmləri Təmayüllü Gimnaziyanın direktoru Nizami Əhmədovun təşəbbüsü ilə bir qrup müəllim, şagird və valideynlərin ekskursiyası təşkil olundu.
Muzey rəisi ehtiyatda olan polkovnik Əzizağa Qənizadə qonaqları salamlayaraq bildirdi ki, Azərbaycan Hərb Tarixi Muzeyi 1992-ci ildə yaradılıb. "Muzey bu illər ərzində böyük inkişaf yolu keçib. İki mərtəbədən ibarət muzey Azərbaycanın hərb tarixini, hərb sənətini dövrlər üzrə öz ekspozisiya və vitrinlərində əks etdirir. Muzeyimizdə dünyaşöhrətli siyasi xadim, dahi şəxsiyyət, ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən fotolar, sənədlər və ona məxsus əşyalar, hərbi geyim nümunəsi, ordu quruculuğu ilə bağlı gördüyü işlər, keçirdiyi görüşlər, həmçinin Silahlı Qüvvələrin qoşun növləri üzrə hərbi geyim nümunələri də nümayiş olunur. Muzeydə Azərbaycanın Milli Qəhrəmanlarından 211 şəxsə aid ayrıca stend də var. Bu stendlər 1991-1993-cü, 1993-2003-cü və 2003-2010-cu illəri əhatə edir. Buraya gələnlər Milli qəhrəmanların fotostendinə, quru qoşunlarına aid hərbi geyimlərə, ordumuzun əsgərlərinə məxsus əşyalara, cəbhə bölgəsində istifadə olunan hərbi sursata böyük maraq göstərirlər".
Muzeyin rəisi çıxışının sonunda bildirdi ki, belə ekskursiyaların təşkil olunması gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunmasına, orduya qədərki hazırlığına və asudə vaxtlarının səmərəli keçirilməsinə müsbət təsir edir.
Hərb Tarixi Muzeyinin tədqiqatçı elmi işçisi Sevər Həsənova qeyd etdi ki, bu gün muzeydə əsrlər öncə istifadə edilən silahlardan tutmuş, hazırda Azərbaycan Ordusunda yer alan müasir silahların maketləri və həqiqi vahidləri sərgilənir. “Qarabağ müharibəsi dövründə istifadə edilən silahlar, şəhid hərbçilərimizə məxsus geyimlər, şəxsi əşyalar gənclər arasında xoş təəssürat yaratdı”.
Daha sonra şagirdlər açıq havada sərgilənən hərbi texnikalarla tanış oldular. Məktəblilərin filmlərdə, şəkillərdə gördüyü texnikaların sərgisi onların həyəcan və sevincinə səbəb oldu. İki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun və Azərbaycanın Milli Qəhrəmanı, tank komandiri Albert Aqarunovun idarə etdiyi tankın maketləri şagirdlər tərəfindən maraqla qarşılandı. Muzey əməkdaşı tanklar, PDM və KDM, təyyarə və helikopterlər, HHM vasitələri, HDQ silah və sursatları, gəmilər, artilleriya və zenit qurğuları haqqında məlumat verərək iştirakçıların suallarını cavablandırdı.
Sumqayıt şəhər Təbiət Elmləri Təmayüllü Gimnaziyanın  5b sinfinin rəhbəri Gülnar Məşədiyeva hər bir  gəncin Vətəninin tarixini dərindən bilməsinin vacibliyindən, onlarda vətənpərvərlik hisslərinin aşılanmasından danışdı. "Gənclərimiz vətənpərvər ruhda böyüməlidirlər. Bunun üçün də hər bir müəllimin üzərinə  böyük məsuliyyət düşür. Tədris dövründə şagirdlərimizə Vətənimiz və onun azadlığı uğrunda canından keçən oğul və qızlarımız haqqında geniş məlumatlar veririk. Şagirdlərimizin hərb tariximizlə, torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçən mərd oğullarımızla yaxından tanış olmasına, vətənpərvər ruhda formalaşmasına göstərdikləri köməkliyə görə Müdafiə Nazirliyinin rəhbərliyinə biz də kollektivimiz adından minnətdarlığımızı bildiririk".
Gimnaziyanın  müəllim, şagird və valideynlərdən ibarət heyəti Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri Heydər Əliyevin və Azərbaycanın bir sıra görkəmli ictimai-siyasi və mədəniyyət xadimlərinin məzarlarını, həmçinin Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçən qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edərək məzarları üzərinə gül dəstələri qoydular.


Orxan HÜSEYNLİ, "Azərbaycan Ordusu"