Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

21 Noyabr 2018 09:47

Məşqlərimiz maraqlı keçir

Cəbhə bölgəsində yerləşən "N" hərbi hissəsində əsgərlərimizin fiziki hazırlıq məşğələsini yaxından izlədik. Gizir Rəhman Əmirovun nəzarəti altında keçirilən məşğələdə şəxsi heyət idman qurğularında müxtəlif hərəkətlər edir, qarşıya qoyulan tapşırıqları yerinə yetirirdi.
Gizir Rəhman Əmirov aprel döyüşlərinin, qardaşları Əlisafa və İslam isə Qarabağ döyüşlərinin iştirakçısıdırlar. O bildirdi ki, ordu sıralarına çağırılan əsgərlərin arasında idmanın müxtəlif növləri üzrə kifayət qədər vərdişlərə malik olan gənclərin sayı artıb. "Cəbhə xəttində xidmət edən əsgərin fiziki hazırlığa malik olması olduqca önəmlidir. Çünki onlar ən çətin şəraitdə döyüş tapşırığını icra edirlər. Fiziki hazırlıq döyüş hazırlığının tərkib hissəsidir. Hazırlıqlı, bacarıqlı, peşəkar və əsl döyüşçü kimi formalaşmaları üçün onlar yorulmaq bilmədən məşq edirlər. Fiziki hazırlıq məşğələlərinin səmərəli keçməsi məqsədilə hərbi hissəmizdə hərtərəfli şərait yaradılıb. Məşğələlərimiz yüksək səviyyədə keçirilir. Cəbhə xəttində düşmənlə üz-üzə mövqelərdə əsgəri borcunu yerinə yetirən gənclərimizin fiziki sağlamlığı, əsl idmançı gümrahlığı diqqət çəkən məsələlərdəndir".
- Hələ kiçik yaşlarımdan idmana böyük həvəsim olub, - deyə Quba rayonundan ordu sıralarına çağırılan əsgər Elvin Məmmədov söhbətimizə qoşuldu. - Hər zaman idmançı olmaq, beynəlxalq yarışlarda qalib kimi Dövlət himnimizi səsləndirmək istəmişəm. Buna görə də idmanla məşğul olmaq qərarına gəldim. Məktəbimizin idman zalında məşq etmək üçün yaxşı şərait var idi. Dərsdən sonra asudə vaxtlarımda yorulmaq bilmədən məşq edirdim. İdmanın sirlərinə dərindən yiyələnirdim. İdman müəllimimizin sayəsində idmana olan həvəsimiz günü-gündən daha da artırdı. Ordu sıralarında xidmətə başlayandan sonra da məşqlərimi davam etdirirəm. Bu gün biz əsgərik və əsas məqsədimiz təkcə idman zalında deyil, döyüş meydanında qalib olmaqdır. Əlbəttə, Ali Baş Komandanımız İlham Əliyevin döyüş əmri ilə buna nail olacağıq. Düşmənlərimizdən qisasımızı alacağıq, yolumuzu həsrətlə gözləyən Qarabağımızı işğaldan azad edəcəyik.
Sumqayıt şəhərindən ordu sıralarına çağırılan əsgər Zaur Quliyev də idmana böyük həvəs göstərir. İdmanın boks növü üzrə bir sıra uğurlara imza atan Zaur qeyd etdi ki, bu gün Vətən qarşısındakı övladlıq borcunu yerinə yetirir. "Orduya gəlməzdən əvvəl dostlarımla birgə idman məşqlərinə gedirdim. Hər məşğələdə kim nəyə qadir olduğunu sübut etmək üçün bacarığını əsirgəmirdi. Aramızda əsl rəqabət hökm sürürdü. Buna görə də məşqlərimiz daha maraqlı keçirdi. İndi başa düşürəm ki, mükəmməl idman vərdişləri qazanmaq hərbi xidmətdə bir yarağımızdır. Arzu edirəm ki, fiziki gücümüzü döyüş meydanında erməni təcavüzkarlarının üzərində göstərək. Qarabağımızda axıdılan hər damla qanın, alınan hər canın qisasını alaq. Həmin günə çox az qalıb. Hər bir Azərbaycan vətəndaşının arzusu Ali Baş Komandan İlham Əliyevin döyüş əmri ilə həyata keçəcəkdir".
Daha sonra əsgərlərdən İbrahim Bayramlı, Təbriz Həsənli, Sənan Əlizadə, Nail Dəmirçiyev və digərləri hərbi xidmətlərindən, fiziki hazırlıqlarından və idmana olan maraqlarından danışdılar. “Şəxsi heyətimiz fiziki hazırlıqla yanaşı, döyüş hazırlığını da günü-gündən artırır. İnanırıq ki, yüksək döyüş səriştəsi qazanmış əsgər oğullarımız işğalda qalan Vətən torpaqlarını düşməndən azad edəcək, Böyük Qələbə sevincini xalqımıza yaşadacaq”.
 
Orxan HÜSEYNLİ, "Azərbaycan Ordusu"