Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

21 Noyabr 2018 09:43

Kursantlar mükafatlandırıldı

Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının C.Naxçıvanski adına Hərbi Liseyə qayğısı neçə illərdir davam edir. Konfederasiya əməkdaşlarının iştirakı ilə təhsil ocağında hərbi vətənpərvərlik mövzusunda müxtəlif tədbirlər keçirilir. Yaddaqalan belə tədbirlərdən biri də cari təhsil ilində həm təhsildə, həm də nizam-intizamda fərqlənən, başqalarına nümunə ola bilən kursantlara mükafat və diplomların təqdim edilməsidir.
İştirakçıların dərin marağına səbəb olan növbəti tədbiri Hərbi lisey rəisinin şəxsi heyətlə iş üzrə müavini polkovnik-leytenant Kamran Nəsibov açıq elan edərək Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyası ilə Hərbi lisey arasındakı sıx əməkdaşlıqdan, qarşılıqlı xoş münasibətlərdən söz açdı. Sonra ulu öndər Heydər Əliyevin və ərazi bütövlüyümüz uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad olundu. Mərasim iştirakçıları Azərbaycan Respublikasının Dövlət himnini ifa etdilər.
Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının məsul işçisi Xoşqədəm Bağırova çıxışı zamanı dedi:
- Hörmətli mərasim iştirakçıları! Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyası ilə C.Naxçıvanski adına Hərbi Lisey arasında 2000-ci ildən sıx əməkdaşlıq yaranıb. 18 ildir ki, bu əməkdaşlıq davam edir. Bildiyiniz kimi, Konfederasiyanın sədri, millət vəkili Səttar Möhbalıyevin təşəbbüsü ilə təhsil ocağında hərbi vətənpərvərlik mövzusunda müxtəlif yönümlü tədbirlər keçirilir. Artıq neçə ildir ki, biz həmkarlar təşkilatı olaraq gənclərin hərbi peşəyə marağını daha da artırmaq məqsədi ilə təhsildə yüksək nəticə göstərən kursantlara pul mükafatı və diplomlar təqdim edirik.  Bu tədbiri keçirməkdə əsas məqsədimiz gələcək zabitlərin həm hərbi vətənpərvərlik ruhunu artırmaq, həm də nizam-intizamı möhkəmləndirməkdir. 
Mükafatları kursantlara Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının məsul işçisi Xoşqədəm Bağırova və C.Naxçıvanski adına Hərbi Liseyin rəisi general-mayor Bəkir Orucov, həmçinin Hərbi liseyin həmkarlar ittifaqı komitəsinin sədri Sahib Əsədov təqdim etdilər.
Həyatlarının gözəl anlarını yaşayan kursantlardan bir neçəsi ilə görüşüb ürək sözlərini dinlədim. Mehdi Əzimov, Zəmirxan Məmmədzadə, İntiqam İmanzadə, Ramazan İbrahimov, Rəşad Kərimli və başqaları onların təhsillərini yüksək qiymətləndirdiklərinə görə Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının rəhbərliyinə dərin minnətdarlıqlarını ifadə etdilər.
C.Naxçıxanski adına Hərbi Liseyin rəisi general-mayor Bəkir Orucov çıxış edərək təhsil ocağına göstərdiyi diqqət və qayğıya görə Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının sədri, millət vəkili Səttar Möhbalıyevə minnətdarlığını bildirdi.

Vahid MƏHƏRRƏMOV, C.Naxçıvanski adına Hərbi Lisey