Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

17 Noyabr 2018 09:22

Asudə vaxt

Leytenant Ömər Muradlının nəzarəti altında əsgərlərimiz ideoloji otaqda toplaşaraq asudə vaxtlarında dama, şahmat oynayır, eyni zamanda kitab, jurnal və qəzet oxuyurdular. Əsgərlərin bəziləri mehriban və səmimi söhbət edir, bəziləri arasında isə gərgin idman mübarizəsi gedirdi. Leytenant Ö.Muradlı hərbi hissədə asudə vaxtın idman təşkili qaydasından söz açdı:
- Asudə vaxt şəxsi heyətin hərtərəfli inkişafı, fiziki, mənəvi və estetik mədəniyyətini yüksəltmək üçün ən gözəl vasitədir. Bu gün bütün hərbi hissələrdə asudə vaxtı düzgün təşkil etmək üçün sinif otaqları, ideoloji otaqlar, istirahət otaqları yaradılıb. Belə şərait əsgərlərin mənəvi cəhətdən kamilləşməsində müsbət rol oynayır. Buna görə də günün nizam qaydasına uyğun olaraq onlara asudə vaxtlarında istirahət etmələri üçün hərtərəfli şərait yaradılır. Əsgərlərimiz mütəmadi olaraq voleybol, futbol, stolüstü oyunlar oynayır, şənbə və bazar günləri valideynləri ilə görüşür, televizorda müxtəlif proqramları seyr edirlər. Əsgərlərimizin döyüş, atəş, fiziki, sıra hazırlıqları yüksəkdir.  Aprel döyüşləri bir daha sübut etdi ki, Azərbaycan güclü orduya malikdir və doğma torpaqlarını işğaldan azad etmək üçün hər bir Azərbaycan əsgəri son damla qanına qədər döyüşməyə hazırdır.
Zabitlə söhbətimizdən sonra asudə vaxtlarının təşkil olunması barəsində fikirlərini öyrəndik.
Sumqayıt şəhərindən ordu sıralarına çağırılan əsgər Nəsir Cahangirov hərbi xidmətin ona qazandırdığı müsbət keyfiyyətlərdən söz açdı: "Hərbi xidmət məni qorxmaz, mərd, cəsur döyüşçü kimi yetişdirib. Komandirlərimizin sayəsində döyüş, atəş, fiziki hazırlıqlarımızı, tarixi biliklərimizi artırırıq. Yuxarı komandanlığın bizə göstərdiyi diqqət və qayğı nəticəsində sosial-məişət şəraitimiz yüksək səviyyədədir.  Bizim borcumuz isə  şərəflə xidmət etməkdir".
Əsgər Şamil Abbasov asudə vaxtlarının səmərəli keçdiyini bildirdi: "Bizim üçün yaradılan şəraitdən çox razıyam. Komandirlərimiz bizə həm hərb sənətinin sirlərini öyrədir, həm də qayğı ilə yanaşırlar. Biz də xidmətimizi düzgün təşkil edir, verilən əmr və tapşırıqları vaxtlı-vaxtında yerinə yetiririk. Hər birimiz torpaqlarımızı işğaldan azad etmək üçün döyüşə hazırıq. Ali Baş Komandan İlham Əliyevin döyüş əmri ilə doğma torpaqlarımızı düşmən tapdağından qısa zamanda azad edəcəyik. Biz tezliklə qələbə qazanacağıq! "
- Aprel döyüşlərində bütün dünyaya sübut olundu ki, Azərbaycan Ordusu torpaqlarını işğaldan azad etməyə hazırdır. Şəxsi heyətimiz doğma torpaqları uğrunda savaşda qarşısında heç bir əngəl tanımayacaq. Düşmənlərimiz bilməlidirlər ki, torpaqlarımız hansı yolla olursa olsun, azad olunacaq. Xalqımızın səbirsizliklə gözlədiyi günlərə çox az qalıb. Əsgər yoldaşlarımla Böyük Qələbə gününün sevincini Kəlbəcərdən, Laçından, Şuşadan... xalqımıza çatdıracağıq, - deyə Salyan rayonundan hərbi xidmətə çağırılan əsgər Röyal Tağıyev bildirdi.
 
Orxan HÜSEYNLİ, "Azərbaycan Ordusu"