Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

17 Noyabr 2018 09:21

Hazırlığımızı daim artırırıq

"İdman sağlamlığın, cəsurluğun mənbəyidir" fikri idmanla məşğul olan hər bir gəncin həyatının devizidir. Hər gün yüksək əhval-ruhiyyədə olmaq, enerjili və sağlam həyat yaşamaq istəyənlər idmanla müntəzəm məşğul olmalıdırlar.
Hərbi hissələrdə şəxsi heyətin fiziki hazırlığına böyük diqqət yetirilir. Gündəlik qaçış, 100-500 metr məsafəyə kroslar, qışda və yayda turnik məşğələləri orqanizmi möhkəmləndirir, əsgərin fiziki hazırlığı təmin edilir. Sağlam, güclü, mənəvi-psixoloji və döyüş hazırlıqlı şəxsi heyətə malik Azərbaycan Ordusu üzərinə düşən missiyanı yerinə yetirməyə hazırdır.
"N" hərbi hissəsində şəxsi heyətin idmanla məşğul olmasının şahidi olduq. Bölük komandirinin nəzarəti altında əsgərlər alətlərdə bir sıra idman hərəkətləri ilə məşğul idilər. Onlar növbə ilə alətlərdə müxtəlif çalışmalar yerinə yetirir, daha hazırlıqlı, daha da üstün olduqlarını göstərməyə çalışırdılar.
"Əsgərin fiziki hazırlığı başlıca şərtdir", - deyə zabit Asim Seyidov söhbətə başladı. - Əgər belə olarsa, əsgər fiziki hazırlıq məşğələsində yaxşı nəticə göstərər, uğur qazanar. Ona görə də əsgərlərin fiziki hazırlığına xüsusi diqqət ayırırıq. Şəxsi heyət idmana böyük maraq göstərir. Onlardan bir neçəsi ordu sıralarına çağırılanadək idmanın müxtəlif növü ilə məşğul olublar. Hətta bəziləri bir çox beynəlxalq səviyyəli yarışların iştirakçısı olub. Fiziki hazırlıq döyüş hazırlığının tərkib hissəsidir. Buna görə də idman saatlarının səmərəli keçirilməsi üçün bütün imkan və vasitələrdən istifadə edirik.
Əsgər Taleh Camalov bir neçə il cüdo ilə məşğul olub və yaşadığı rayon üzrə keçirilən yarışlarda birinci və ikinci yerlərə layiq görülüb. Əsgər bildirdi ki, daim hərəkətli idmanla məşğul olduğundan məşğələlərdə heç bir çətinlik çəkmir. "Hələ kiçik yaşlarımdan idmana marağım var idi. Daim öz üzərimdə çalışır, məşq edirdim. Daha çox döyüş və hərbi filmlərə tamaşa edir, fərdi hazırlığımı artırırdım. Ordu sıralarına gəldikdən sonra məşqlərimi daha inamla davam etdirirəm. Arzum həmişə ölkəmizi keçirilən turnirlərdə layiqincə təmsil etməkdir. Hamı kimi mən də bayrağımızı ən yüksək pillələrdə dalğalandırmaq istəyirəm. Bu gün ordu sıralarındayam. İndi ən böyük arzum tezliklə işğalda olan torpaqlarımıza qayıtmaq və bayrağımızı Qarabağda dalğalandırmaqdır."
Həm idman həvəskarı, həm də futbol azarkeşi olan əsgər Nicat Əhmədov xidmətə Şəki rayonundan çağırılıb. O deyir ki, gənc nəslin idmana həvəs göstərməsi çox vacibdir. İdmanla məşğul olanlar həm güclü, həm də çevik olurlar.
Əsgərlər Elşad Adıgözəlov, Asif Əhmədli, Adıgözəl Qasımov, Pünhan Talıbov və başqaları da hər bir gəncin sağlam yetişməsində idmanın əhəmiyyətli rolunu qeyd etdilər.
Şübhəsiz, fiziki hazırlığı yüksək olan Azərbaycan əsgəri savaşda düşmənə göz açmağa macal verməyəcək, xalqımıza qələbə müjdəsi bəxş edəcəkdir.


Məhəmməd NƏSİRLİ, "Azərbaycan Ordusu",
fotolar C.CƏFƏROVUNDUR