Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

17 Noyabr 2018 09:20

Qarabağı azad edəcəyik!

Sizlərə bir hekayə danışmaq istəyirəm. Əsgər dostluğu haqqında Birinci Dünya müharibəsi tarixindən qalma dostluq hekayəsi. Hərbi xidmətə yollanmazdan öncə təsadüfən oxumuşdum. Kimə aid olduğunu bilmirəm. Bəlkə də həqiqət, bəlkə də bir insanın təxəyyülüdü. Əsas odur ki, bu hekayə insan ruhuna dostluğu aşılayır.
- Müharibənin qızğınlaşdığı ən qanlı günlərdən biriydi. Tərəflər sığındıqları mövqelərdən bir-birilərinə ölümünə atəş açırlar. Həmin anda əsgər Jim ən yaxın dostu Hansın səngərdən irəlidə düşmən atəşindən yaralandığını və yerə yıxıldığını görür. Dostuna kömək etmək istəyir, lakin ardı-arası kəsilməyən atəşdən başını bir saniyə olsun belə səngərdən çıxara bilmir. Amma ən yaxın dostu Hans gözünün qarşısında can verir.
Jim səngərin içində sürünərək komandirinin yanına gedir. "Komandir, icazə verin Hansı xilas edim", - deyir. Komandir əsəbləşərək etirazını bildirir: "Canını təlükəyə atmağa dəyər? Böyük ehtimalla ölüb. Sənin də ölmənə icazə verə bilmərəm". Əsgər Jim ağlayaraq komandirinə yalvarır. Dostunu xilas etmək üçün lazım olan icazəni alır və irəli atılır.
Möcüzə nəticəsində Jim güllə yağışı altından dostu Hansı çiyninə alaraq səngərə qədər daşıyır. Komandir yaralı Hansı müayinə edir. Jimə əsəbləşərək: "Mən sənə Hansın öldüyünü dedim. Sən canını təhlükəyə atdın. Dəydimi bu riskə girməyə?".
"Dəydi komandir, dəydi", - ağlayaraq Jim deyir. Daha da əsəbləşən komandir Hansın öldüyünü deyir. Buna görə canını təhlükəyə atmağın düz olmadığını bildirir.
Yanına çatanda ölməmişdi. Dediyi sözləri eşitmək ölümə dəyərdi. Hans "gələcəyini bilirdim Jim, gələcəyini bilirdim..." deyərək son nəfəsini verdi.
Hərbi xidmətə bu hekayənin təsiri altında yollandım. Özümə belə dostlar qazanmaq, onlarla çiyin-çiyinə döyüşərək torpaqlarımızı azad etmək niyyətindəydim. Şükürlər olsun ki, bu gün birgə xidmət etdiyim, hər anımızı birgə keçirdiyimiz əsgər dostlarım var. Corc Qafarov, Şahin Xasayzadə, Orxan Sultanov belə dostlardandı. Hamımızın bir arzusu, bir məqsədi var: Qarabağı işğaldan azad etmək. Keçirilən təlimlərdə birgə iştirak edir, döyüş hazırlığımızı artırır, dərslərimizə diqqətlə yanaşırıq. Hər birimiz dərk edirik ki, hazırlıqlı əsgər döyüş meydanında qalib qəhrəmandı.
Onu da qeyd edim ki, ölkə rəhbərliyi tərəfindən bizlər üçün müasir məişət şəraiti yaradılıb. Maddi-texniki təminatımız yüksək səviyyədədir. Bu şəraitdə xidmət aparmağın özü insana güvənc verir. Təlimlərdə, dərslərdə həvəslə iştirak edir, döyüş qabiliyyətimizi artırırıq. Həmçinin hərbi hissəmizdə əsgəri münasibət əsl döyüşçü həmrəyliyinə çevrilib, hamı özünü doğma bir ailədə olduğu kimi hiss edir. Döyüş bacarıqlarımızı artırmaq üçün əsgərlərimiz arasında formalaşan dostluğa önəm veririk. "Əsgər əsgər üçün dost və qardaşdır". Bu həmrəylik düşmən üzərində qələbə üçün etibarlı təminatdır. Hansı bir əsgərin problemi, qayğısı ortalığa çıxarsa, hər kəs onunla dərdləşir. Çalışırıq ki, sıralarımızda kimsə məyus görkəmdə olmasın.
Sonda Corc Qafarovun hər zaman dediyi bir fikri xatırlamaq istəyirəm. Hansı ki, dediyi sözlər mənim dostluq haqqındakı fikirlərimi bütövləşdirir. "Elə bir dost seç ki, sən onun uğrunda ölməyi düşünərkən, o sənin üçün ölmüş olsun". Həqiqətən də, hərbi xidmətdə yaranan dostluq möhkəm olur və silahdaşın üçün ölümü gözə ala bilirsən. Çünki döyüş meydanında ondan əziz adam yoxdur.
Əsgərin tribunasına yazdığım bu yazını oxuyanların böyük əksəriyyəti Azərbaycan Ordusunda xidmət edən mənim kimi əsgərlərdi. Bir anlıq düşünün: belə dostlarınız varmı? Ölməsin deyə, canınızı sipər edəcəyiniz, ölməyin deyə canından keçə biləcək? Bəli, var deyə bilirsinizsə, dünyanın ən xoşbəxt insanlarından birisiniz. Dəyərini yaxşı bilin can dostlarınızın...

Əsgər Yusif ŞAHSUVAROV, "N" hərbi hissəsi