Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

17 Noyabr 2018 09:19

“İstəyirəm ki, Ağdama üçrəngli bayrağımızı mən sancım!”

Sıra hazırlığı məşğələsi bitdikdən sonra gənc zabitimizlə söhbət etmək üçün fürsət yaranır. Əslən Lənkəran şəhərindən olan leytenant İlkin Abdullayev bildirdi ki, ordumuza layiqli zabit olmaq onun uşaqlıq arzusudur. "Uşaq vaxtlarımdan hərbi formada yanımdan keçənləri görəndə üzümdə təbəssüm yaranardı, onlara hərbi salam verərdim. Həmişə özümə sual verərdim: "Nə üçün ordu lazımdır?" Tariximizi öyrəndikcə başa düşdüm ki, ordu müstəqilliyimizin və ərazi bütövlüyümüzün qarantıdır. Həmin andan mən də Vətənin müdafiəçilərinin sırasında olmağı qərara aldım. Müddətli həqiqi hərbi xidmətim bitdikdən sonra sənədlərimi gizir hazırlığı kursuna təqdim etdim. Təhsil aldığım müddət ərzində hərbin sirlərinə dərindən yiyələndim. Hər bir əsgər general olmaq istədiyi kimi, mən də zabit olmaq istəyirdim. Xidmət müddətində əldə etdiyim nailiyyətlərə görə komandir heyəti məni ehtiyat zabit hazırlığı kursunda təhsil almağa göndərdi. Hər zaman komandirlərimin etimadını doğrultmağa çalışıram. Tabeliyimdə xidmət edən əsgərlərimə tədris müddətində mənimsədiklərimi aşılayaraq onların Vətənimizə, millətimizə layiqli övlad olmalarına səy göstərirəm".
Hərbi xidmətə Qəbələ rayonundan çağırılan əsgər Seymur Məmmədov bildirdi ki, qalib ordunun əsgəri olmağıyla qürur duyur. "Vətənimizə layiqli əsgər olmaq nə qədər çətindirsə, bir o qədər də şərəflidir. Bunun üçün hər birimiz məşğələlər və asudə vaxtdan səmərəli istifadə etməliyik. Hərbi biliklərimizi artıraraq, qarşıya qoyulan tapşırıqları və vəzifələri yüksək məsuliyyətlə yerinə yetirərək, xalqımızın etimadını doğrultmalıyıq. Komandirlərimiz düşmənə qarşı qətiyyətli, prinsipial olmağı, üzərimizdə işləyərək peşəkarlığımızı daim artırmağı, ərazi bütövlüyümüzün qorunmasında əlimizdən gələni əsirgəməməyi tövsiyə edirlər".
"Uşaqlıqdan valideynlərim mənə doğulub böyüdükləri Ağdamın gözəlliyindən danışardılar", - bu sözləri Xətai rayonundan hərbi xidmətə çağırılan əsgər Tural Səlimov bildirdi. - Həmişə deyərdilər ki, Ağdam rayonu füsunkar təbiətilə Qarabağımızın ürəyi sayılırdı. Bir vaxtlar günəş şüaları ilə nurlanmış el-obamızın üzərində indi qara buludlar kök salıb. Ancaq bu müvəqqətidir. Tezliklə Ali Baş Komandanımızın döyüş əmri ilə işğalda olan torpaqlarımızı azad edəcəyik. Bunun üçün komandirlərimizin öyrətdiklərini dərindən mənimsəyirik. Arzu edirəm ki, Ağdama üçrəngli bayrağımızı mən sancım.
"Xidmətə gəldiyim ilk gündən komandirlərin diqqət və qayğısı ilə əhatə olunmuşuq. Müasir standartlara cavab verən yataqxana, yeməkxana və sanitar qovşağı bizim istifadəmizdədir. "Açıq qapı" günündə valideynlərim əsgərlər üçün yaradılan şəraiti görəndə çox sevindilər. Çalışırıq ki, bu cür şəraiti qoruyub saxlayaq. Bizim üçün yaradılmış şəraitə görə Ali Baş Komandan İlham Əliyevə və Müdafiə naziri general-polkovnik Zakir Həsənova minnətdarlığımızı bildiririk. Dərslərdə əldə etdiyimiz nailiyyətlərlə çalışıb onların etimadını doğruldacağıq. İşğal altında olan dədə-baba yurdlarımızı mənfur ermənilərdən azad edəcəyik", - deyə Neftçala rayonundan ordu sıralarına çağırılan əsgər Elvin Talıbov bildirdi.
Bir daha əmin oldum ki, əsgərlərimiz işğal altında olan torpaqlarımızı hər an azad etməyə hazırdırlar!

Ruslan HƏSƏNZADƏ, "Azərbaycan Ordusu"