Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

17 Noyabr 2018 09:18

Hərb Tarixi Muzeyində ekskursiya

Uşaqların, bu anlamda məktəblilərin vətənpərvərlik ruhunda formalaşması olduqca zəruri məsələlərdəndir. Məktəblərdə bu istiqamətdə diqqətəlayiq tədbirlər həyata keçirilir. Tarixi yerlərə, muzeylərə ekskursiyalar da belə tədbirlər sırasındadır.
Bakı şəhəri Nizami rayonu 220 saylı məktəb-liseyin 4d sinif şagirdləri bu günlərdə Hərb Tarixi Muzeyində ekskursiyada oldular. Sinif rəhbəri Gülnarə Quliyeva bu ekskursiyanın məktəbdən xaric zəruri tədbir olduğunu bildirdi:
- Vətən geniş məfhumdur. Biz çalışırıq ki, hər bir şagird Vətənini təkcə torpaq sahəsi kimi dərk etməsin. Milli-mənəvi dəyərlərimizi öyrənə-öyrənə yaşatsınlar. Yaşada-yaşada öyrənsinlər. Tədris prosesində hərb tariximiz haqqında şagirdlərə əhatəli məlumatlar verilir. Belə tədbirlərin və ekskursiyaların təşkili məktəblilərin yüksək milli-mənəvi dəyərlərlə böyüməsində, dövlət rəmzlərimizə sevgi və ehtiramın aşılanmasında, həmçinin şagirdlərin vətənpərvərlik tərbiyəsində böyük rol oynayır.
Şagirdlərdən Fidan Cəfərzadə, Zəhra Cəfərli, Firəngiz Xalıqova, Əli Cəfərli və digərləri bu ekskursiyanı heç zaman unutmayacaqlarını bildirdilər. Onların baxışlarındakı sevinc hərb tariximizə məhəbbətin nişanəsidi. Bu məhəbbət dərinləşəcək, rişələnəcək. Bu şagirdlər əsl vətənpərvər kimi formalaşacaq, Vətən qarşısında vətəndaşlıq borcunu layiqincə yerinə yetirəcəklər. Oğullarımız isə əsgər olaraq Vətənin keşiyində dayanacaqlar. İnanırıq ki, onların hər biri xələflərinin hərbi xidmət yolunu uğurla, məsuliyyətlə davam etdirəcəklər.
Şagirdlərin Hərb Tarixi Muzeyinə ekskursiyası vətənpərvərlikdir, Vətən sevgisinin tərkib hissəsidir.

Orxan HÜSEYNLİ, "Azərbaycan Ordusu"