Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

17 Noyabr 2018 09:18

Bayraq həm də bizim qələbə sevincimizdir

Bu günlərdə ön xətdə yerləşən hərbi hissələrdə dövlət atributlarına hörmət və Vətənə məhəbbət hisslərinin təbliği məqsədilə Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsi Dövlət Bayrağı Gününə həsr olunan silsilə tədbirlər həyata keçirdi. Tədbirlərdə əsgərlərimizə  bayrağımızın önəmindən danışıldı, 100 il ərzində keçdiyi çətin və şərəfli yol barədə məlumat verildi.
Əsgərlər qarşısında çıxış edən dövlət qulluqçusu Zümrüd Səmədova onları  bu əlamətdar gün münasibətilə təbrik etdi, Dövlət bayrağının hər bir Azərbaycan vətəndaşının qürur mənbəyi, müstəqil dövlətimizin şərəfi, qüdrəti olduğunu və gənc nəslin vətənpərvərlik ruhunda formalaşmasında böyük rol oynadığını bildirdi. Dövlətin və xalqın kimliyinin, apardığı azadlıq mücadiləsinin, təfəkkür və düşüncə tərzinin, mənəvi dünyasının göründüyü ən şəffaf və dəqiq meyarın bayraq olduğunu vurğuladı. Azərbaycan Respublikasının Dövlət bayrağının Azərbaycan dövlətinin suverenliyinin rəmzi olduğunu dedi. Daim zirvələrdə dalğalanan üçrəngli bayrağımız bizim qələbə sevincimizdir, - deyən Zümrüd xanım Prezident, Ali Baş Komandan İlham Əliyevin bayrağımıza xitabən dediyi "Bayrağımız eşidilən səsimiz, duyulan nəfəsimizdir. Bizim bayrağımız qürur mənbəyimizdir. Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın Dövlət bayrağı milli suverenliyin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilib, Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir" dəyərli fikirlərini tədbir iştirakçılarının diqqətinə çatdırdı. Qeyd etdi ki, bu hikmətli sözlər insan qəlbini qeyri-adi riqqətə gətirir, riqqətdən köksümüz qabarır, qəlbimiz qürur hissi ilə dolur. 
Çıxışını davam edən Z.Səmədova Dövlət Bayrağı Gününün bütün azərbaycanlılar tərəfindən qeyd edilməsini milli birliyin nişanəsi adlandıraraq əsgərlərə uğrunda minlərlə Vətən övladının canından keçdiyi bayrağımızı uca tutmağı tövsiyə etdi. "Bayraqları bayraq edən üstündəki qandır, torpaq əgər uğrunda ölən varsa, Vətəndir. Bizim bayrağımız müqəddəsdir. Çünki bu bayrağın qərar tutduğu yüksəklikdən enməməsi üçün ona canlar fəda olunub. Bu gün üçrəngli, aylı-ulduzlu bayrağımız respublikamızın hər yerində, Lələtəpə, Günnütdə dalğalanır. Həmin bayraq bizim qələbə sevincimizin nişanəsidir. İnamla, ilhamla, əzəmətlə dalğalanan bayrağımız həm də düşmənə göz dağıdır. Bayrağımızın kölgə salacağı Vətən torpaqları  bizi gözləyir. Bu ünvan Qarabağımızdır. Düşmən artıq gözəl bilir ki, güclü, mətin, mərd Azərbaycan əsgəri tezliklə bayrağımızı orada da dalğalandıracaq. Cənab Ali Baş Komandanımızın Bakıda keçirilən hərbi paradda söylədiyi fikirləri xatırlayıram: "2016-cı ilin aprel döyüşlərində, 2018-ci ilin Naxçıvan əməliyyatında işğalçılardan azad edilmiş torpaqlarda Azərbaycan bayrağı qaldırıldı. Bunun çox böyük mənəvi əhəmiyyəti var. Həmin o bayraqlar bu gün bu paradda, Azadlıq meydanında nümayiş etdiriləcək. Bu bayraqlar hərbçilərimizi qabağa aparırdı. Bu bayraqlar döyüşdə olan bayraqlardır. Bu gün bu bayraqlar Azərbaycanın işğaldan azad edilmiş torpaqlarında dalğalanır və bu parad üçün buraya gətirilib. Gün gələcək və bu gün işğal altındakı torpaqlar azad olunandan sonra orada qaldırılacaq Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və hərbi paradda göstəriləcək. Biz bu müqəddəs günü yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq." Ölkə başçısının dediyi bu fikirlər Azərbaycan əsgərinə sonsuz güvəncin göstəricisi, Böyük Qələbə inamının təzahürüdür. Daim zəfər soraqlı olsun, Azərbaycan bayrağı!"
Dövlət qulluqçusu Sairə Rəsulova isə bayrağımızın tarixi haqqında əsgərlərimizə məlumat verdi. Qeyd etdi ki, Azərbaycan Respublikasının Dövlət bayrağı 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin iclasında qəbul edilmişdir. Milli bayrağımız ilk dəfə həmin gün Bakıda Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının yerləşdiyi binada qaldırılmışdır və 1920-ci ilin aprelinədək dövlət statusuna malik olmuşdur. Xalqımız üçrəngli bayrağından məhrum edilsə də, ona olan sevgini daim ürəyində yaşatmışdı. Həmin bayraq 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının Dövlət bayrağı olaraq təsdiq edilmişdir. 1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti "Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında" Qanun qəbul edərək onu Dövlət bayrağı elan etmişdir. Ulu Öndərin siyasi kursunun layiqli davamçısı, möhtərəm Prezidentimiz İlham Əliyev dövlət rəmzləri sırasında xüsusi yeri olan üçrəngli bayrağımıza daim həssaslıqla yanaşmışdır. Cənab Ali Baş Komandanın təşəbbüsü ilə paytaxtımızın ən gözəl yerində, Xəzərin sahilində Dövlət Bayrağı Meydanının və Dövlət Bayrağı Muzeyinin yaradılması, daha sonra isə noyabrın 9-nun Dövlət Bayrağı Günü kimi elan edilməsi  hər bir ölkə vətəndaşının qürur hissini artıran, dövlətçiliyimizə məhəbbət və ehtiramını yüksəldən yeni bir amilə çevrildi.
Çıxışının sonunda Sairə xanım, tezliklə Ali Baş Komandan İlham Əliyevin döyüş əmri ilə Azərbaycan əsgərinin üçrəngli bayrağımızı Şuşada, Laçında Kəlbəcərdə... dalğalandıracağına və belə görüşlərin işğaldan azad olunan torpaqlarımızda baş tutacağına inamını əminliklə bildirdi.
Tədbir mütaliənin təbliği, vətənpərvərlik hisslərinin aşılanması, kitab oxumağa olan marağın yüksəldilməsi  məqsədilə  əsgərlərimizə Azərbaycan və dünya ədəbiyyatından seçilmə kitabların hədiyyə edilməsi ilə davam etdi.

Samir HÜSEYNOV, "Azərbaycan Ordusu"