Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

17 Noyabr 2018 09:15

Vətəni qorumaq müqəddəs borcumuzdur

Bu gün ordu sıralarında xidmət edən gənc zabitlərimizə baxanda vətənpərvər, dövlətinə və xalqına sədaqətli, mərd və cəsur Azərbaycan gəncliyini görür, Vətənin keşikçiləri olan bu gəncliklə qürur hissi keçiririk.
Belə zabitlərdən biri də baş leytenant Emin Mehdiyevdir. Hələ yeniyetmə yaşlarından hərbi mundir geyinmək arzusunda olan zabit 2006-cı ildə Heydər Əliyev adına Hərbi Liseyə daxil olur. Liseyi müvəffəqiyyətlə bitirdikdən sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində motoatıcı ixtisasına yiyələnərək zabit kimi xidmətə yollanır. Ön xətdə nümunəvi xidməti ilə yuxarı komandanlığın rəğbətini qazanan zabit hərb peşəsinə yiyələnməyin qürurverici olduğunu bildirdi:
- Vətənə xidmət etmək hamımızın vətəndaşlıq borcudur. Hər birimiz Vətənin keşiyində dayanırıq. Düzdür, əsgər xidmətini başa vurduqdan sonra ehtiyata buraxılır, amma zabit ömrünü Vətənlə yaşayır. Bizim müqəddəs borcumuz Vətənə, onun çiçəklənməsinə xidmət etmək, hər qarış torpağına sinəmizi sipər edərək onu qorumaqdır. Torpaqlarımızın bir hissəsinin düşmən tapdağında olduğu vaxtda Vətən bizdən daha böyük hünər gözləyir. Bu gün mən də qanım və canım bahasına olsa belə Vətənimi qorumağa, onun ərazi bütövlüyü uğrunda vuruşmağa hazıram.
Zabitimizin də dediyi kimi, Vətən sevgisi əbədi və əzəli bir qəlb odudur, heç vaxt öz təravətini və gücünü itirmir. Elə buna görədir ki, insan bu sevgiyə köklənəndə dünyanın bütün gücü onun qoluna toplanır.
- Hərb peşəsi elə bir peşədir ki, insanların sənə münasibətini görəndə tutduğun peşəylə qürurlanırsan, - deyə zabit sözünə davam etdi. "Bir gün məzuniyyətə çıxıb evə gedirdim. Avtobusda ağbirçək ana harada xidmət etməyimlə maraqlandı. Düşmənlə üz-üzə mövqelərdə xidmət etdiyimi bildirdim. Üzümə baxıb gülümsündü və "ay oğul, bizi qoruyursan. Afərin sizin kimi övladlara", - dedi. Qürurverici bir hissdir. Burada gənc əsgərlərə öz xidmətimlə bağlı xatirələrimi danışıram və onlara da izah edirəm ki, doğma yurdu qorumaq müqəddəs borcumuzdur."
Gənc zabitimiz tabeliyindəki şəxsi heyətə qarşı son dərəcə tələbkar və qayğıkeşdir. Onların təlim-tərbiyəsi ilə məşğul olur, vaxtaşırı fərdi söhbət aparır, problemləri ilə maraqlanır. Burada komandirlər onlara lazımi diqqət və qayğı göstərirlər ki, əsgərin heç bir problemi olmasın.
“Mütəmadi olaraq əsgərlərlə söhbət edir, onlarla dostluq münasibəti qururuq”, - deyə zabit sözünə davam etdi. - Belə olan halda əsgər səndən heç bir problemini gizlətmir və sənə inanır. Əgər tabeliyindəki şəxsi heyət komandirinə inanmasa, gələcək döyüşlərdə idarəetmə yaxşı nəticə verməz və çoxlu itki verərək geri çəkilməyə məcbur olarsan. Amma əminəm ki, şəxsi heyətimiz istənilən an Ali Baş Komandanın əmri ilə döyüşə atılmağa və biz komandirlərlə birgə tarixə yeni səhifələr yazmağa hazırdır.
Zabitlə söhbətdən xoş təəssüratlarla ayrılırıq. Ona və onun timsalında bütün zabit, gizir və əsgərlərimizə "Vətən sizin kimi oğullara əmanətdir" deyərək seçdiyi çətin, məsuliyyətli və bir o qədər də şərəfli hərbçi həyatlarında uğurlar arzulayırıq.

Məhəmməd NƏSİRLİ, "Azərbaycan Ordusu",
foto C.CƏFƏROVUNDUR