Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

14 Noyabr 2018 09:26

İgid əsgərlərə salamlar olsun!

Günəşli bir payız səhəridi. Əlamətdarlığı ilə fərqlənən bir gündü. Ruhumuzun, yaddaşımızın yurd yerləri, dədə-babalarımızın xatirələr məskəni, əzəli milli-mənəvi dəyərlərimizi qoruyub-saxlayan, canlı tarix olan dağların əhatəsindəyik. 100 yaşlı Azərbaycan bayrağının işığına yığışmışıq. Əlamətdardır ona görə ki, aprel və Günnüt zəfərlərinə nail olan Azərbaycan əsgərinin davamçılarının andiçmə mərasimidi. Duyğular baş alıb gedir... Ürəklər sevinclə döyünür. Hələlik baxışlar danışır. Sənə elə gəlir ki, hamının ürək döyüntülərini eşitmək mümkündür.
Tədbir başlayır. Çıxışlar bir-birini əvəz edir. Nədənsə gözlərim yol çəkirmiş kimi məchul bir nöqtəyə zillənib. Qarabağ müharibəsi iştirakçısı Mövlan İsmayılovun odlu-alovlu çıxışı məni bu məchulluğun əlindən alır: "Hər kəs həyata bir dəfə gəlir, hər kəs də Tanrının verdiyi ömrü müxtəlif cür yaşayır. Yalnız mərd, xalqını və Vətənini böyük məhəbbətlə sevənlər - qartal xarakterlilər bu uca zirvəyə yüksələ bilərlər. Belə ömür şərəflidir. Həyatda şücaətlər göstərən, Vətən naminə çarpışan qəhrəmanların adı xatirələrdə yaşayır, onların şərəfinə abidələr ucaldılır, əməlləri barədə şeirlər yazılır, mahnılar, dastanlar qoşulur. Sizlərə belə bir şərəfli ömür yaşamağı, torpaqlarımızı işğaldan azad edənlərin sırasında olmağı arzu edirəm.”
Müharibə iştirakçısı çıxışını şeirlə bitirir:

Aydın olsun gözünüz ey atalar, analar,
Bu gün əsgər olur bizim igid balalar
Geyinəcək əyninə onlar əsgər libası
Yollarını gözləyir qalibiyyət davası.

Bağlayın bellərinə iti kəsən qılıncı
Qoy düşmənin bağrını doğrasın xıncı-xıncı
Minib polad atlara səyirdin sola-sağa
Qovun o düşmənləri qaçıb girsinlər kola

Arxanızda Vətən var Tanrı yar olsun sizə,
Qələbə müjdəsi ilə qayıdın evinizə.

* * *

Şahin tək göylərdə şığıyan, süzən,
Coşqun dənizlərin qoynunda üzən,
Qartal baxışını səngərə düzən
İgid əsgərlərə salamlar olsun!

Üçrəngli bayrağı tutub əlində
Nazını çəkəcək hər bir gülün də...
Azəri yurdunda, Oğuz elində
İgid əsgərlərə salamlar olsun!

Qələbə qazanar Azərbaycan da,
Bu soraq dolaşar onda hər yanda.
Vətən əsgəridi, deyir Mövlan da,
İgid əsgərlərə salamlar olsun!

Tədbirin rəsmi hissəsindən sonra Mövlan İsmayılovla görüşdük.
Mövlan İsmayılovun ilk sözü də Vətən olur, son sözü də: "Vətən dünyaya göz açdığımız doğma el-oba sayılır. Hər kəs öz sevgisi, məhəbbəti, varlığı ilə Vətənini öz şəxsiyyətində yaşatmalıdır. Hər bir Azərbaycan vətəndaşı eli, obası, xalqı üçün yaşamalıdır. Fəxrlə deyə bilərəm ki, elim, obam, xalqım üçün yaşayanların sırasındayam. 1990-1993-cü illərdə Goranboyda, Ağdərədə, Ağdamda torpaqlarımızın azadlığı uğrunda döyüşmüşəm.
Müharibə iştirakçıları yaxşı bilirlər ki, müharibə filmlərdəki kimi, maraqlı və asan olmur. Düşmən gülləsinə sinə gərmək üçün sağlam canın, dəmir iradən, döyüşkən ruhun və ən əsası köksündə Vətən sevgisi ilə döyünən ürəyin olmalıdır. Qarabağ müharibəsində minlərlə cəsur oğul gözlərini qırpmadan, canlarını əsirgəmədən döyüşdü. Vətənin azadlığı və onun torpaqlarının qorunması üçün atılan hər bir addım Vətənin var olması deməkdir və Vətənimizin var olması bizim də varlığımızın təsdiqidir. Torpaqlarımızı işğaldan azad etməliyik.”
Mövlan İsmayılov xidmət etdiyi dövrlə indiki dövrü müqayisə edərək bildirdi ki, ordumuz müqayisəyə gəlməz dərəcədə inkişaf edib: “Azərbaycan Ordusu dünyanın aparıcı orduları sırasındadır. Ordumuz ən müasir silah və texnika, standartlara uyğun məişət şəraiti ilə təchiz olunub. Şəxsi heyətin ruh yüksəkliyi yüksək səviyyədədir. Ordumuz aprel və Günnüt zəfərləri ilə sübut etdi ki, torpaqlarımızı azad etmək iqtidarındadır. Bu gün sıra meydanında Azərbaycan əsgərini görəndə sevincimdən sinəm dağa döndü. İnanırıq ki, övladlarımız ata-babalarımızın qəhrəmanlıq ənənələrini yaşadacaq və xalqımızı sevincə qərq edəcəklər".
Müharibə veteranının tədbirdə iştirakının səbəbkarı gənc əsgər Əli Əliyevin dediklərini veteranın sözünün davamı bildim: "Tezliklə Ali Baş Komandanımızın əmri ilə könüllərin yurd həsrətinə son qoyacağıq. O günə isə az qalıb, lap az."
"Azərbaycan oğullarının bu təpəridi bizi yaşadan, bizə ruh verən", - deyə Mövlan İsmayılov sözünə davam etdi. - Oğlum, milli bayrağımızın Azərbaycan səmasında dalğalanması, bir kərə yüksələn bayrağın bir daha enməməsi üçün minlərlə oğul və qızlarımız canlarını qurban veriblər, qazi olublar. Məqsəd odur ki, Azərbaycan xalqı firavan yaşasın, bir də ağrı-acılı günlər görməsin. Azərbaycan dövləti var olduqca onun üçrəngli müqəddəs bayrağı səmasında dalğalansın. Ali Baş Komandanın qeyd etdiyi kimi Qarabağda, Şuşada, Xankəndidə dalğalansın.  


Məhəmməd ƏLİYEV, "Azərbaycan Ordusu",
foto C.CƏFƏROVUNDUR