Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

9 Noyabr 2018 09:12

Döyüş hazırlığının tərkib hissəsi

Gələcəyimiz olan gənc nəslin sağlamlığı, fəal həyat tərzi keçirməsi bütün arzuların fövqündə dayanır. Gənclərimizin Vətənin müdafiəsinə hazır olan mərd və cəsur əsgərlər kimi yetişməsində idmanın, bədən tərbiyəsinin rolu əvəzsizdir. Ona görə də, hər sahədə olduğu kimi,  ordumuzda da idmana böyük həvəs və maraq olduğunun şahidi oluruq. Bütün hərbi hissələrdə fiziki hazırlığa üstünlük verilir, müxtəlif idman yarışları təşkil olunur. Hərbi qulluqçularımız öz xidməti vəzifələrini yerinə yetirməklə yanaşı, bir və ya bir neçə idman növü ilə də məşğul olurlar.
Tank bölmələrindən birində şəxsi heyətin məişət şəraiti, gündəlik fəaliyyəti, keçdiyi məşğələlərlə tanış olduq. Azərbaycan Ordusunun bütün bölmələrində olduğu kimi, bu bölmədə də günün nizam qaydasına ciddi riayət olunur, təyin olunmuş dərslər yüksək səviyyədə keçirilir. Hərbi hissənin zabiti Rasim Məmmədov dedi ki, əsgərlərin gündəlik fəaliyyəti nizam qaydasına uyğun olaraq həyata keçirilir və buna ciddi nəzarət edilir. Zabitlə birgə idman şəhərciyinə yollanırıq. O, keçirilən məşğələlər arasında fiziki hazırlıq dərsinin önəmindən danışır: "Fiziki hazırlıq döyüş hazırlığının ayrılmaz tərkib hissəsi olaraq döyüş qabiliyyətinə təsir edir, əsgərin dözümlülüyünü, gücünü, çevikliyini artırır. Hər kəsə məlumdur ki, döyüşdə elə məqamlar olur ki, düşmənlə üz-üzə gəlirsən. Həmin an fiziki cəhətdən güclü olmalısan ki, düşməni bir göz qırpımında məhv edə biləsən. Fiziki hazırlıqlı əsgər daha gümrah, sağlam ruhlu olur, verilən tapşırıqları cəld yerinə yetirir. Gördüyünüz kimi, hərbi hissəmizdə idmanla məşğul olmaq üçün hər cür şəraitimiz var. İdman şəhərciyimizdə müxtəlif idman hərəkətləri etmək üçün alətlər, qaçış meydanı və digər qurğular yerləşir. Bununla yanaşı, əsgərlərimizin idmana olan marağını artırmaq üçün mütəmadi olaraq kütləvi idman tədbirləri təşkil edir, onlarla birgə futbol, voleyboy  və s. oyunlar oynayırıq".
Hərbi hissənin müasir idman şəhərciyi diqqətimi çəkmişdi. Geniş ərazisi, müxtəlif idman alətləri, səliqəli futbol və voleybol meydançaları idmana marağı olmayanı belə həvəsə gətirir. Həmçinin burada idman normativləri qeyd olunan lövhə yerləşdirilib. Digər bir stenddə isə müxtəlif idman hərəkətlərinin düzgün icra olunma qaydaları öz əksini tapıb. İdman edən əsgərlərin çevik hərəkətlərini izlədikcə zövq alırsan. Hər biri idmançı görkəminə malik, cəld və dözümlü əsgərlərdir. Onlar idman hərəkətlərini həvəslə və bacarıqla yerinə yetirir, turnikdə, paralel qollarda və digər idman qurğularında məşqlərini davam etdirirlər. Əsgərlərlə qısa söhbət edirəm. Məlum olur ki, günün nizam qaydasına uyğun olaraq, komandirlərinin rəhbərliyi ilə fiziki hazırlıq məşğələsini yerinə yetirirlər.
İlk olaraq hərbi xidmətə Zəngilan rayonundan çağırılan əsgər Mehdi Həsənov düşüncələrini bölüşür:  "Hər birimizin ən birinci məqsədi işğal altında olan torpaqlarımızı azad etməkdir. Onun üçün də nümunəvi xidmət edir, verilən tapşırıqları vaxtında yerinə yetiririk. Hərbi bilikləri öyrənməklə yanaşı, fiziki hazırlığımıza da diqqət edirik. Vəzifələrimizin öhdəsindən layiqincə gəlmək üçün sağlamlıq, dözümlülük, fiziki güc əsas şərtdir. Ona görə də fiziki hazırlıq saatlarında fəal iştirak edir, daim gümrah, sağlam və güclü olmaq üçün idmanla məşğul oluruq. Mənim ən böyük arzum Zəngilana getməkdir. Doğma yurd-yuvamız haqqında ancaq mətbuatdan oxumuşam, valideynlərimdən eşitmişəm. Əsgəri xidmətim məni ruhlandırdı. Ümidimi daha da artırdı. Artıq əminəm ki, tezliklə o yerlərə ayaq basacağıq".
Əsgərlər Nəzər Zeynalov, Nicat Xəlilov və başqaları da fiziki hazırlığın yüksək olmasının hərbi xidmət üçün çox vacib olduğunu bir daha vurğulayırlar. Qürur və qətiyyətlə qeyd edirlər ki, döyüş əmrinə hər an hazırdırlar: "Biz regionun ən güclü ordusunun sıralarında xidmət edirik. Vətəni sevib ona sadiq olmaq, gecə-gündüz keşiyində dayanmaq hər birimizin namus borcudur. Bu borcun öhdəsindən layiqincə gəlmək üçün əlimizdən gələni edirik. Ana Vətənə əsgər olmaqdan qürurlanırıq. Torpaqlarımızın bir qismi işğal altındadır və bizim əsas amalımız Ali Baş Komandanın döyüş əmri ilə torpaqlarımızı düşmən tapdağından azad etməkdir. Ona görə də həm döyüş qabiliyyətimizi, həm də fiziki hazırlığımızı daim artırırıq. Hər gün  idman hərəkətləri edirik ki, döyüş meydanında düşmənə göz açdırmayaq. Onları  məhv edib, torpaqlarımızı işğaldan azad edək".
Əsgərlərin qətiyyətli sözləri, qorxmazlıqları Qarabağda qələbə reportajları hazırlayacağımız günlərin  yaxında olacağına inamımızı daha da artırır...

Mahmud MÖHBALIYEV, "Azərbaycan Ordusu"