Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

9 Noyabr 2018 09:12

“Qələbələrimizin davamı gələcək”

Sərhəddəyik... Səngərdən qalalı dağları, laçın qayaları, müharibə alovunu, igid oğulları, qəhrəmanlar diyarını, oğullarımızın cövlan etdiyi yerləri özündə ehtiva edən bir məkandayıq. Bu torpağa tuşlanan hər bir mərmiyə, gülləyə sinə gərməyi bacaran, torpağı uğrunda canından keçməyə hazır olan igid Azərbaycan əsgərlərini, hərbi qulluqçularını gördükdə insan qürur hissi keçirir. Əmin olursan ki, bu gün Azərbaycan əsgəri, hərbçisi vətənpərvərlik, qəhrəmanlıq hissi ilə yaşayır, bu torpağa, bu elə sevgi ilə xidmət edir.
"N" hərbi hissəsində Qazax rayonunun Xanlıqlar kəndindən olan müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Amil Vəliyevlə söhbətim də Vətən uğrunda canını qurban verməyə heyifsilənməyən oğullarımızın hər zaman olacağını deməyə əsas verir. İnanırsan ki, Vətənə şərəflə xidmət edən həmkarımın timsalında Azərbaycan əsgəri Vətənin azadlığı və bütövlüyü, millətin birliyi və səadəti uğrunda hər şeyə hazırdır.
Amil Vəliyevin xidmətə məsuliyyətini onun fəaliyyətindən də hiss etmək mümkündür. Onun əsas amalı torpaqlarımızın azad olunması əməliyyatında yaxından iştirak etməkdi. Bunun üçün də hərbi təcrübəsinin artmasına xüsusi önəm verir: "Ordunun döyüş qabiliyyəti əsgərin döyüş hazırlığından asılıdır. İşğal edilmiş torpaqlarımızın geri qaytarılması üçün güclü hazırlığa, maddi-texniki bazaya malik olan ordunun olması əsas şərtdir. Bunun üçün hərbi təcrübəmin artmasına xüsusi əhəmiyyət verirəm. Bu gün şəxsi heyətimiz elə bir səviyyədə döyüş hazırlığına malikdir ki, artıq düşmən qorxu içindədir. Ancaq yaddan çıxartmayaq ki, əsgərlərimiz üçün vətənpərvərlik əsas silah kimi qarşıya qoyulmalıdır.”
- Əgər biz əlimizə silah almışıqsa və bu silahdan Vətənin qorunması üçün istifadə ediriksə, bu bizim  şərəf yolumuzdur, - deyə çavuş Amil Vəliyev söhbətinə davam etdi. - Mübariz İbrahimov, Fərid Əhmədov, Cavanşir Rəhimov, Çingiz Qurbanov və digər şəhidlərimizin keçdiyi şərəfli həyat yolu bugünkü hərbçilərə, xüsusən də əsgərlərə Vətən sevgisinin aşılanması üçün bir məktəbdir. Prezident, Ali Baş Komandan İlham Əliyev xalqımızın iradəsini ifadə edərək dəfələrlə deyib ki, Azərbaycan bir qarış torpağını belə düşmənə verməyəcək. Azərbaycan əsgərləri bu fikirləri rəhbər tutaraq döyüşkən  əhval-ruhiyyəyə kökləniblər.
2016-cı  ilin aprel hadisələrini xatırlayan Amil Vəliyev qeyd etdi ki, Azərbaycan Ordusu təxribat törədən, dinc sakinləri hədəfə alan azğın düşmən üzərində şanlı qələbə qazandı. “Azərbaycan Ordusu düşmənə cavab olaraq sarsıdıcı zərbələr endirdi, Lələtəpə və Talış yüksəkliklərini erməni işğalından azad etdi, on minlərlə hektar əraziyə nəzarət etmək imkanı qazandı. Bütün bunlar qorxu bilməyən, torpaqlarımızın işğaldan azad olunması üçün alışıb-yanan, təşnə olan əsgərlərimizin hesabına mümkün oldu. Özümü ona görə qürurlu hesab edirəm ki, mən də regionun ən güclü ordusunun hərbi qulluqçusuyam. Qürurlanmağa haqqım çatır, ona görə ki, atam da bu torpağın azadlığı uğrunda döyüşənlərin sırasında olub. Mən də bu yolu davam etdirirəm. İnanıram ki, övladım da bu şərəfli peşənin yolçusu olacaq. Arzum tarixi torpaqlarımıza qədəm qoymaq, xalqımla birgə o sevinci yaşamaq, övladımın əsgər kimi müstəqil, suveren Azərbaycanın sərhədlərində xidmət etməsini görməkdir. İnanırıq ki, qələbələrin davamı gələcək və övladlarımıza Zəngəzurlu, Göyçəli, Qarabağlı Azərbaycan miras qalacaq. Bu arzumu silahdaşlarımla birgə reallaşdıracağıq!”

Məhəmməd ƏLİYEV, "Azərbaycan Ordusu",
fotolar Coşqun CƏFƏROVUNDUR