Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

9 Noyabr 2018 09:11

“Bayrağımız tezliklə Qarabağda dalğalanacaq!”

Sumqayıt Hərbi prokuroru ədliyyə polkovniki  Zöhrab  Kazımov və Respublika Veteranlar Təşkilatının sədr müavini ehtiyatda olan polkovnik Cəlil Xəlilov "N" hərbi hissəsində olublar.
Qonaqlara hərbi hissənin yaranma tarixi, keçdiyi döyüş yolu haqqında ətraflı məlumat verilib. Sonra əsgərlərdə vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, hərbi nizam-intizamın və hərbi borcun dərindən dərk edilməsinin aşılanması məqsədilə hərbi hissənin şəxsi heyəti ilə görüş keçirilib.
Tədbirdə ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş həmvətənlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Dövlət himni səsləndirilib.
Görüşdə ehtiyatda olan polkovnik Cəlil Xəlilov çıxış edərək ordumuzun dünənindən, keçdiyi şərəfli yoldan danışıb, günü-gündən qüdrətlənən Azərbaycan Ordusunun tezliklə bayrağını Qarabağda dalğalandıracağına inam ifadə edib. "Azərbaycan Ordusu ən müasir silahlarla, hərbi texnika və digər müdafiə təyinatlı qurğularla tam təchiz edilib. Ordumuzun hərbi-texniki və döyüş hazırlığının yüksək səviyyədə olduğunu son dövrlərdə qazanılan hərbi uğurlar da aydın surətdə göstərir. Ölkə rəhbərliyinin bu istiqamətdə həyata keçirdiyi uğurlu siyasətin və düşünülmüş strateji xəttin nəticəsidir ki, bu gün Azərbaycan ən müasir silahları almaqla yanaşı, onların bir çoxunu özü istehsal etmək qabiliyyətindədir. Hərbi arsenalın bir hissəsi Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illik yubileyi münasibətilə iyunun 26-da keçirilən hərbi paradda fəxrlə nümayiş etdirildi. Bu gün Azərbaycanın Müdafiə Sənayesi Nazirliyi ümumilikdə 1200 adda hərbi təyinatlı məhsul istehsal edir. Ölkəmizin hərbi əməkdaşlıq çərçivəsində əldə etdiyi müasir silah və texniki vasitələr ordumuzun imkanları barədə aydın təsəvvür yaradır. Azərbaycanın dünyanın müxtəlif ölkələri ilə hərbi təyinatlı məhsulların satışı üzrə müqavilələri ilbəil artır.
Azərbaycan veteranları hər zaman ordumuzun yanındadır. Ordumuzun şəxsi heyətinin döyüş ruhunun, mənəvi-psixoloji hazırlığının və vətənpərvərlik hissinin daha da yüksəldilməsində Respublika Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının üzvləri yaxından iştirak edirlər".
Sumqayıt Hərbi prokuroru Zöhrab  Kazımov çıxışında əsgərləri məsuliyyətli olmağa, əsgəri borclarının öhdəsindən layiqincə gəlməyə səsləyib. Bu gün Azərbaycan Ordusunun dünyanın ən güclü orduları sırasında olmasının, hərbi kollektivlərdə nizam-intizamın yüksək dəyərləndirilməsinin hər bir azərbaycanlı üçün qürurverici olduğunu bildirib.
Xidmətdə fərqlənən bir qrup hərbi qulluqçuya Respublika Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının təsis etdiyi yubiley medalları təqdim edilib.
Tədbirin sonunda hərbi hissənin şəxsi heyəti ilə birgə xatirə şəkli çəkdirilib.

"Azərbaycan Ordusu"