Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

9 Noyabr 2018 09:10

Hərbi hissədə Dövlət Bayrağı Günü münasibətilə tədbir keçirildi

Noyabrın 6-da Həzi Aslanov adına Mərkəzi Zabitlər Evinin təşkilatçılığı ilə "N" hərbi hissəsində 9 Noyabr Dövlət Bayrağı Gününə həsr edilmiş tədbir keçirildi.
Xalqımızın ümummilli lideri Heydər Əliyevin və torpaqlarımızın suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Azərbaycan Respublikasının Dövlət himni səsləndirildi.
Tədbiri giriş sözü ilə açan  Əməkdar mədəniyyət işçisi polkovnik-leytenant Zöhrab İmamquliyev bildirdi ki, Azərbaycan Respublikasının dövlət atributlarından, dövlətçilik rəmzlərindən biri onun Milli Bayrağıdır. "Hər bir xalqın ən müqəddəs rəmzlərindən olan bayraq onun varlığının, mövcudluğunun sübutu, dövlət qurmaq və ona sahib çıxmaq bacarığının əsas göstəricisidir. Odur ki, özünütəsdiq simvolu olan bayraq bütün dünyada qürur və güvənc yeri sayılır. Bayraq həm də dövlətin və xalqın kimliyinin, apardığı azadlıq mücadiləsinin, təfəkkür və düşüncə tərzinin, mənəvi dünyasının göründüyü ən şəffaf və dəqiq meyardır. Dövlət bayrağımız Azərbaycan Respublikasının ərazisində qürurla dalğalanır, bütün dünyaya müstəqil dövlətin varlığını bəyan edir".
Zabit dövlətimizin dünya arenasında danılmaz mövqeyindən, siyasi uğurlarından və bayrağımızın dünyanın aparıcı dövlətlərinin bayraqları sırasında dalğalanmasından qürur duyduğunu da vurğuladı. O, həmçinin bayram münasibətilə hərbi hissənin şəxsi heyətini təbrik etdi, xidmətlərində uğurlar arzuladı.
Hərbi hissənin zabiti Rahib Vəzirov bayrağımızın Azərbaycan dövlətinin suverenliyinin rəmzi olduğunu bildirdi. "Milli Bayrağımız dövlətimizin bütövlüyünün, müstəqilliyinin, yenilməzliyinin, ucalığının rəmzidir. Bizlər bir amalla xidmət edirik, tezliklə Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızı işğaldan azad edib, bayrağımızı Qarabağa, Şuşaya, Laçına, Kəlbəcərə... sancaq. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan ordumuzun qüdrəti bütün dünyaya bəllidir. Hər bir zabitimiz, gizirimiz, əsgərimiz Azərbaycan Ordusunda xidmət etməkdən qürur duyur. Bizlər Vətənin qoruyucularıyıq, bayrağımız daim ucalarda dalğalansın deyə, canımızdan keçməyə hazırıq. Bu Vətən, bu bayraq bizlərə əcdadlarımızın əmanətidir. Tez bir zamanda ərazi bütövlüyümüzü bərpa edərək bayrağımızı zəfər bayramında dalğalandıracağıq. Belə tədbirlərin keçirilməsi ölkəmizdə milli həmrəyliyin daha da möhkəmlənməsinə, azərbaycançılıq məfkurəsinə və dövlət rəmzlərinin təbliğinə xidmət edən əsas amillərdir".
Tədbir H.Aslanov adına Mərkəzi Zabitlər Evinin yaradıcı kollektivinin rəngarəng çıxışları ilə sona çatdı.

Ruslan HƏSƏNZADƏ, "Azərbaycan Ordusu"