Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

9 Noyabr 2018 09:10

“Sözün də su kimi lətafəti var”

Dahi Nizami Gəncəvi sözü, bu anlamda şeiri - poeziyanı belə dəyərləndirirdi. 1000 ildi şeir duyğuları bu kəlamın işığında çoşdurur, düşüncələrin gerçək nizamını müəyyənləşdirir. Yüz-yüz illərdi Azərbaycan poeziyası, poeziyadan rişələnən Azərbaycan nəsri su kimi lətafəti olan sözü ucalıq mərtəbəsində saxlamaqdadı. Çağdaş poeziyamız, nəsrimiz, publisistikamız da sözün qüdrətinin cəfakeşidi...
Hərbi Dəniz Qüvvələrində 9 Noyabr Dövlət Bayraq Gününə həsr edilən tədbiri bu düşüncələrin zəmanəti ilə izlədim - filologiya üzrə fəlsəfə doktoru, ədəbiyyatşünas, şair Gülhanə Pənah, pedaqogika üzrə fəlsəfə doktoru, yazıçı-publisist Zenfira Məhərrəmli, "Xatirə kitabı"nın baş redaktoru Nəzakət Məmmədova, şair Zəminə Xınalı Bayraq Gününü hərbi dənizçilərlə birlikdə qeyd edirdi. Qonaqların yaradıcılığıyla yaxşı tanışam, əsərlərini oxumuşam. Duyğulanmışam da, kövrəlmişəm də.
Sözə dəyər verənlərlə görüşdü bu...
Sözün şəhd-şəkərini duyğulara sərənlərlə görüşdü bu...
Sözdə ruhun işığını görənlərlə görüşdü bu...
Tədbiri birinci dərəcəli kapitan Natiq Bağırov açaraq dedi ki, əlamətdar günlərin təntənəli şəkildə qeyd olunması ənənəsi dövlətçiliyimizə sədaqətlə bağlıdı. Həm dövlətçiliyimizə, həm də sözə sədaqətli olan qadın yazarlarımızla bu  görüşün hərbçi dənizçilərin vətənsevərliyini daha da yüksəldəcəyinə inanıram. Ona da inanıram ki, bu görüş qonaqlarımızın yaradıcılığını Hərbi Dəniz Qüvvələrinə də yönəldəcəkdir. Bayrağa sevgi dövlətə sevgi deməkdi. Bu tədbir bayrağa, dövlətçiliyimizə sevgi tədbiridi...
Tədbirin mahiyyəti sevgidi - Bayrağa sevgidi.
Tədbir qonaqların hərbçi dənizçilərin timsalında orduya sevgisidi...
Tədbir hərbi dənizçilərin timsalında xalqa sevgisidi...
Bu istəyin - şair istəyinin başlanğıcı hesab edirəm bu tədbiri; qonaqların səmimi fikirləri də, xatırlatma kimi dedikləri də, müharibə haqqında danışdıqları da mənə, (hamıya!) dönməz bir həqiqəti dönməzliklə yaşatdı: xalq ordunun, ordu xalqın dayağıdı, ordu xalqa güvənir, xalq ordusuna inanır (bu tədbirdə qonaqların xalqı təmsil etdiyinə zərrəcə şübhə ola bilməz!)...
Qonaqların hər kəlməsi ana sözü, şair sözü kimi dinlənildi. - Nüşabənin, Sara Xatunun, Məhsəti Gəncəvinin, Xurşudbanu Natavanın, Nigar Rəfibəylinin, Mirvarid Dilbazinin,... sözünün işığı vardı bu kəlmələrdə. Hamı bir daha əmin oldu ki, milli-xəlqi ruh yaşadılır, yaşayır, yaşadılacaq!
Tədbirdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan Ordusunun 100 illiyinə həsr olunmuş paradda dediyi bir kəlam da qürurla xatırladıldı: “Gün gələcək və bu gün işğal altındakı torpaqlar azad olunandan sonra orada qaldırılacaq Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və hərbi paradda göstəriləcək!”
Tədbir, həm də bu inamın tədbiri kimi izlənildi...
Qonaqlar belə bir görüşə görə Hərbi Hava Qüvvələrinin komandanlığına minnətdarlığını bildirdi...
Xoş kəlam xoş ovqat deməkdi. Tədbir boyu xoş ovqat yaşanıldı...

Rəşid HÜSEYNOV, "Azərbaycan Ordusu"