Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

9 Noyabr 2018 09:09

Müstəqilliyimizin və milli mənsubiyyətimizin müqəddəs rəmzi olan bayrağımız

Üçrəngli  bayrağımız  suverenliyin və müstəqilliyin rəmzidir. Tarixə nəzər salarkən görürük ki, bayraq hər bir xalq üçün müqəddəs olub. İnsanlar öz dövlətlərinin bayraqlarına həmişə ehtiramla yanaşıblar. Bu mənada ölkəmizdə 9 Noyabr Dövlət Bayrağı Gününün qeyd olunması  həm dövlətimiz, həm də xalqımız üçün olduqca əlamətdar bir hadisədir.
Azərbaycan  Hərb Tarixi Muzeyində Dövlət bayrağının qəbul edilməsinin 100 illiyinə həsr olunan "Müstəqilliyimizin və milli mənsubiyyətimizin müqəddəs rəmzi olan bayrağımız" adlı təntənəli tədbir keçirildi.
Tədbirdə Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr  İdarəsinin nümayəndəsi, Suraxanı rayon N.Əliyev adına 282 saylı tam orta məktəbin müəllim və şagirdləri, şəhid ailələri və kütləvi informasiya vasitələrinin əməkdaşları iştirak etdilər.
Ümummilli lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Azərbaycan Respublikasının Dövlət himni səsləndirildi.
Tədbiri Hərb Tarixi Muzeyinin rəisi ehtiyatda olan polkovnik Əzizağa Qənizadə açaraq "Üçrəngli bayrağımız müstəqilliyimizin əsas atributu kimi" adlı məruzəsində hər bir xalqın özünəməxsusluğunu şərtləndirən amillərin onun dövlətçilik ənənələri ilə yanaşı, zəngin milli-mənəvi irsini də müəyyənləşdirdiyini qeyd etdi. Muzeyin rəisi onu da bildirdi ki, Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında ilk hökumət qərarı 1918-ci il iyunun 24-də verilib və  noyabrın 9-da Nazirlər Şurası tərəfindən Azərbaycan bayrağının göy, qırmızı və yaşıl rənglərdən, mərkəzdə ağ aypara və səkkizguşəli ulduzdan ibarət olması barədə qərar qəbul olunub. Üçrəngli bayrağımız ilk dəfə həmin gün Bakıda Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının yerləşdiyi binada qaldırılıb.
Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşadı və 1920-ci ildə qonşu iri dövlətlərin mənfur planları nəticəsində süqut etdi.
Xalq üçrəngli bayrağından məhrum olunsa da, ona olan sevgisini ürəyində yaşatdı. 71 il xalqın qəlbində istiqlal sevgisi və istiqlalın rəmzi  üçrəngli bayrağa məhəbbət səngimədi. Əksinə, millətimiz bu bayrağın nə vaxtsa yenə də Vətənimizin, doğma Azərbaycanımızın üzərində məğrurluqla dalğalanacağı günü səbirsizliklə gözlədi. Həm də yalnız gözləməklə kifayətlənmədi. Onun uğrunda təmkinlə mübarizə apardı. Əzm və şücaət göstərdi, nəhayət, o gün gəlib çatdı. Həmin bayraq bir də 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, ulu öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Muxtar Respublikanın Dövlət bayrağı kimi qəbul edildi...
Ümummilli Liderin bizə ərməğan qoyduğu müasir müstəqil Azərbaycanda onun siyasi xəttini uğurla davam etdirən Prezident, Ali Baş Komandan İlham Əliyevin milli ideallara bağlılığı, həm də üçrəngli bayrağımıza münasibətdə açıq-aydın görünür... Ali Baş Komandanın 2009-cu il noyabrın 17-də imzaladığı Sərəncama əsasən  hər il noyabrın 9-u respublikamızda Dövlət Bayrağı Günü kimi qeyd olunur...".
Dövlət Bayrağı Günü haqqında geniş məlumat verən muzey rəisi çıxışını Ali Baş Komandanın "Bayrağımız eşidilən səsimiz, duyulan nəfəsimizdir. Bayrağımız bizim qürur mənbəyimizdir. Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan Dövlət Bayrağı milli suverenliyin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilib. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq bizim azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir", sözləri ilə bitirdi.
Bayrağımızın tarixindən bəhs edən "Müstəqilliyimizin üç rəngi" adlı sənədli film tədbir iştirakçıları tərəfindən diqqətlə izlənildi.
Suraxanı rayon N.Əliyev adına 282 saylı tam orta məktəbin müəllimi Gülər Musayeva muzeyə üzərində altı ay ərzində 32 şagird tərəfindən ərazi bütövlüyümüz uğrunda canlarından keçmiş 12062 şəhidin adı yazılan üçrəngli bayrağımızı təqdim etdi. Bildirdi ki, bayraq bizim müstəqilliyimizi dərk etməyimiz, onun qədr-qiymətini bilməyimiz baxımından tapındığımız, kölgəsinə sığındığımız müqəddəs bir varlıqdır. "Bayrağımız hər bir Azərbaycan vətəndaşına yüksək vətənpərvərlik duyğuları aşılayır. Onu başı üzərində uca tutmaq, vüqarla dalğalandırmaq hər bir vətəndaşın  şərəf borcudur. Bayrağımızın doğma Qarabağda, Xocalıda, Şuşada, Laçında, Xankəndidə, Kəlbəcərdə... dalğalanacağı günü səbirsizliklə gözləyirik".
Sonda Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla teatrının nəzdində "Oyuq" teatr studiyasının solisti Aysu Cəbrayılovanın ifa etdiyi hərbi vətənpərvərlik mahnıları tədbir iştirakçılarında ruh yüksəkliyi yaratdı.

Günay TAĞIYEVA, "Azərbaycan Ordusu"