Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

9 Noyabr 2018 09:08

Bayrağımız - qürurumuz

Ali Baş Komandan İlham ƏLİYEV: Gün gələcək və bu gün işğal altındakı torpaqlar azad olunandan sonra orada qaldırılacaq Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və hərbi paradda göstəriləcək.

Torpaq - Vətən deməkdir, Vətən - dövlətdi, dövlətin rəmzi - bayraqdır.
Bayraq dövlətin və xalqın kimliyinin, düşüncə tərzinin və mənəvi dünyasının görünən ən şəffaf, ən işıqlı meyarıdır.
Dövlət bayrağımız suverenliyimizin rəmzidir.
Özünütəsdiq simvolu olan bayraq qürur və güvənc yeri sayılır.  Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan üçrəngli bayrağımız xalqımızın azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideyalara sadiqliyini nümayiş etdirir.
Azərbaycan Respublikası üzərində dalğalanan müqəddəs Dövlət bayrağımız ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda, Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının yerləşdiyi binada  qəbul edilmiş və qaldırılmışdır. Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşadı. İmperiya onu 1920-ci ildə süquta uğratdı. Dövlət ilhaq edildi, dövlətçilik ideyaları, mübarizə əzmi yaşadı, yaşadıldı. Dövlət bayrağımız 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, ümummilli lider  Heydər Əliyevin təşəbbüsü ilə keçirilən sessiyada Muxtar Respublikanın Dövlət bayrağı kimi qəbul edildi. Sessiyada Naxçıvan Muxtar Respublikası Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağımızın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırdı.
Nəticədə 1991-ci il fevralın 5-də bayraq Azərbaycan Respublikasının Ali Soveti tərəfindən ikinci dəfə dövlət rəmzi kimi təsdiq edildi.
Ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra üçrəngli bayrağımız ümumxalq referendumu ilə qəbul edilən Konstitusiyada da öz əksini tapdı.
Azərbaycan bir çox nüfuzlu beynəlxalq təşkilatların, o cümlədən Avropa Şurasının tamhüquqlu üzvüdür. Dövlət bayrağımız Avropanın mərkəzində dalğalanmağa, varlığımızı, gücümüzü bütün dünyaya tanıtmağa başladı. Ulu öndər Heydər Əliyev Azərbaycanın Avropa Şurasına üzv qəbul edilməsi ilə əlaqədar keçirilən mərasimdəki çıxışında bayrağımızın çox böyük önəm daşıdığını bir daha vurğuladı: "Bu dəqiqələrdə biz tarixi anlar yaşayırıq. Az sonra Azərbaycanın bayrağı Avropa Şurası Sarayının önündə dalğalanacaqdır. Bu bayrağın rənglərindən birinin mənası müasirləşmək, yəni avropalaşmaqdır. Xoşbəxtik ki, hamımızın ümumi səyləri ilə bayrağımız bir daha öz həqiqi mənasına qovuşur, öz həqiqi yerini tutur".
Ümummilli lider Heydər Əliyevin müstəqil Azərbaycanda siyasi xəttini uğurla davam etdirən Prezident İlham Əliyevin milli ideyalara bağlılığı həm də üçrəngli bayrağımıza münasibətdə açıq-aydın görünür. "Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında Əsasnamə"yə edilmiş əlavə və dəyişikliklərin təsdiqlənməsi, "Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında" Qanunun imzalanması da bu yüksək ehtiramın ifadəsidir.
Prezident İlham Əliyevin 17 noyabr 2009-cu ildə imzaladığı Sərəncamla Azərbaycanın üçrəngli bayrağının ilk dəfə rəsmi ucaldığı 9 noyabr (1918-ci il) tarixi Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü kimi təsis edildi. 2010-cu ildən etibarən noyabrın 9-u respublikamızda Dövlət Bayrağı Günü kimi qeyd olunur. 2010-cu il sentyabrın 1-də Bakıda dünyanın ən uca bayraqlarından birinin dalğalandığı Dövlət Bayrağı Meydanının təntənəli açılışı Ali Baş Komandanın bir daha dövlət rəmzlərimizə sevgisinin bariz nümunəsidir. Dövlətimizin başçısının həmin mərasimdə səslənən tarixi nitqində deyilir: "Bizim bayrağımız qürur mənbəyimizdir. Bizim bayrağımız canımızdır, ürəyimizdir. Bu gün Azərbaycanın hər bir yerində Dövlət bayrağı dalğalanır. Azərbaycan ərazi bütövlüyünü bərpa edəndən sonra milli Dövlət bayrağımız bu gün hələ də işğal altında olan torpaqlarda qaldırılacaqdır. Bizim bayrağımız Dağlıq Qarabağda, Xankəndidə, Şuşada... dalğalanacaqdır. O günü biz hər an öz işimizlə yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq. Eşq olsun, Azərbaycan bayrağına! Yaşasın, Azərbaycan!"
Harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı üçün müstəqil Azərbaycan Respublikasının üçrəngli Dövlət bayrağı fəxr, fəxarət mənbəyidir.
Bakıda, Dövlət Bayrağı Meydanında Azərbaycanın 100 yaşlı üçrəngli bayrağı dalğalanır; ən ucalıqda, dünya miqyasında bənzərsiz ucalıqda. Səkkizbucaqlı, ulduzlu hilalımız 20 ildən çoxdur ən mötəbər beynəlxalq qurumların qarşısında bütün dövlətlərin bayraqları ilə bir sıradadır. Bayrağımızın yaranmasının və ilk dəfə dalğalanmasının 100-cü  payızıdır. Millətimiz 100 il öncə başı üzərinə qaldırdığı üçrəngli bayrağının bir daha enməməsi üçün ağır sınaqlarla üzləşdi - qalib gəldi. Bu qələbə işığın qaranlıqları əritməsi qələbəsidi. Mübarizlər - ömrünü bu mübarizəyə həsr edənlər millətin millət olması üçün yaşamaq hüququndan keçdi.
Hər vətəndaşın mənəvi dünyası Dövlət bayrağıyla bağlıdır. Bu gün əzəmətlə dalğalanan üçrəngli bayrağımız qürur və varlığımızın təcəssümüdür.
Azərbaycanın hər bir yerində dalğalanan bayraqlar sanki durna qatarı kimi sıralanaraq Qarabağa, Şuşaya, işğal edilən digər torpaqlara sarı qanadlanır, bizi Vətən uğrunda müqəddəs döyüşə haraylayır.
                                        
"Azərbaycan Ordusu"