Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

7 Noyabr 2018 09:46

“MOİK” komandası qrupda liderdir

2018-ci ilin avqustunda start verilən birinci divizion üzrə Azərbaycan çempionatında “MOİK” komandası uğurlu çıxış edərək birincilik əldə edib. Komanda keçirdiyi 9 görüşün 8-də qalib gələrək, digər bir oyunu bərabərliklə başa vuraraq adını ən yüksək pilləyə yazıb. Kütləvi informasiya vasitələrinin apardığı müqayisələr göstərir ki, “MOİK” futbol komandası çempionatda hələ də məğlub olmayan komandalar sırasında yer alır. Bu bir daha sübut edir ki, ordumuzda idman və fiziki hazırlıq daim inkişafdadır. Mərkəzi Ordu İdman Klubunun rəisi polkovnik-leytenant Rəşad Quliyev ordu rəhbərliyinin idmana göstərdiyi diqqət və qayğıdan, komandanın qazandığı qalibiyyətdən söz açdı.
"1961-ci ildən fəaliyyət göstərən klubumuzda idmanın bütün növlərinə önəm verilib. Təbii ki, həm ölkə başçısı, həm də Müdafiə Nazirliyinin rəhbərliyi daim idmançılarımıza qayğı ilə yanaşıb, onların problemləri ilə maraqlanıblar. Bu gün də idmançılarımızın sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində işlər aparılır. Onlar da öz növbəsində üzərlərinə düşən məsuliyyətin öhdəsindən layiqincə gəlirlər. Klubun əldə etdiyi hər bir nailiyyət bunun bariz nümunəsidir", - deyə polkovnik-leytenant Rəşad Quliyev bildirdi.
Qalib gələn komandanın üzvlərini yaxından tanımaq, düşüncələrini qələmə almaq üçün məşq keçdikləri stadiona yollandıq. Yol boyu Mərkəzi Ordu İdman Klubunun rəis müavini kapitan Şahin Arzumanov bildirdi ki, komandalar arasında gərgin mübarizə getməsinə baxmayaraq idmançılarımız uğurlu çıxış edərək birinci oldular. "Futbolda qabaqcadan danışmaq düzgün deyil. Düzdür, komandamız təlim-məşq toplanışlarında məşqçinin proqramına uyğun yüksək əzmkarlıqla çalışırdı. Məşq zamanı yaranan bütün problemlər vaxtında aradan qaldırılırdı. Komanda üzvləri ayrılıqda öz üzərlərinə düşən məsuliyyəti dərk edirdilər. Ona görə də hər zaman komanda şəklində məqsədə doğru irəliləyirdilər. Qalib olmaq üçün son dəqiqəyə kimi mübarizə aparırdılar. Əsas məqsədimiz birincilik olsa da, ilk olaraq qrupdan çıxmaq uğrunda çalışmalıydıq. Belə də oldu. Komandamız qarşıya qoyulan tapşırığın öhdəsindən layiqincə gələrək divizionda birinci oldu. “MOİK” komandası bu günə qədər qatıldığı bütün yarışlarda yüksək nəticələr əldə edib. Ordu rəhbərliyi də onların qazandığı nailiyyətləri yüksək qiymətləndirir. Qazanılan uğurlar ordumuzda idman siyasətinin düzgün qurulduğunu bir daha təsdiqləyir".
Zabitin sözləri uzun yolumuza körpü salaraq vaxtın necə keçdiyini bizlərə hiss etdirmədi. Artıq komandanın məşq keçdiyi stadiona çatırıq. Bir azdan idmançılarımızın məşq prosesini izləyəcək, onlarla həmsöhbət olacağıq.
Futbolçularımıza məşq keçən komandanın baş məşqçisi Azər Bağırov yarışa hazırlıq dövründən və əldə edilən uğurdan söz açdı:
- Həmişə demişəm, şansı düşünməkdənsə, komandanın üzərində çalışmaq lazımdır ki, yüksək nəticələr əldə edəsən. Həmçinin komanda üzvləri də tapşırıqları dəqiqlik və əzmkarlıqla yerinə yetirməlidirlər. Qatıldığımız çempionatda iştirak edən hər bir komanda qalib olmaq istəyirdi. Təbii ki, biz çempionatda iştirak etmək xatirinə çıxış etmirdik. Əsas məqsədimiz uğurlu çıxışla yadda qalmaq idi. Bunun üçün bütün qüvvəmizi səfərbər edərək, qalib adı uğrunda mübarizə apardıq. Demək olar ki, tez bir zamanda komandamızda birlik formalaşdıra bildik. Komandadan çox razıyam. Nöqsansız komanda yoxdur. Əsas aşkar olunan iradları və çatışmazlıqları daima komanda şəklində aradan qaldırmaq üçün birgə çalışmaqdır. Çempionat müddətində futbolçularımızda yorğunluq hiss olunurdu. Bunları nəzərə alıb məşq proqramını elə qururduq ki, onlar yüngül məşqlərlə bərpa olunsunlar. Təbii ki, iştirak etdiyimiz turnirin mahiyyətini anlayırdıq və idmançılarımızın maksimum dərəcədə motivasiya olmaları üçün çalışırdıq. Bunun nəticəsidir ki, yarış zamanı həm futbolçularımız, həm də azarkeşlər oyundan zövq aldılar. "Turan" komandası ilə oyunumuz digərlərindən daha gərgin keçdi. Son dəqiqələrdə vurduğumuz qol oyunun müqəddaratını həll etdi.
Komandanın kapitanı Orxan Həsənov isə söhbət zamanı bildirdi ki, qarşıdakı rəqib nə qədər güclü olsa, əgər sənin qazanma istəyin varsa, onda qalib gələcəksən. "Hər bir oyunun ilk dəqiqələrində gərginlik olurdu. Çünki rəqib komandanın hansı taktika ilə oynayacağını əvvəlcədən bilmək olmur. Komandamızın hər bir üzvü qalib olmaq istəyi ilə oynayırdı. İstər təlim-məşq toplantılarında, istərsə də oyun ərəfəsində təkcə bir məqsəd barədə düşünürdük - qalib olaq. Bütün komandalar güclü oynayırdı. "Ağsu" komandası ilə oyunumuz çətin alındı. Nəticədə uduzmadıq, oyun 1:1 hesabı ilə başa çatdı. Ümumi nəticədə komandamız divizionun lideri oldu. Əldə etdiyimiz uğura görə hər kəsə ayrı-ayrılıqda təşəkkürümü bildirirəm. Bu qələbə bizim yox, ordumuzun qələbəsidir. Bizə inanan, daim diqqət və qayğı ilə yanaşan ordu rəhbərliyinə, məşqçilərimizə öz minnətdarlığımızı bildiririk. Arzu edirik ki, dünya kuboklarında çıxış edək və komandamızın adını Azərbaycanın futbol tarixinə qızıl hərflərlə yazaq."
Komandanın üzvü Raul Yaqubzadə heç bir qalibiyyətin asanlıqla əldə olunmadığını, bunun üçün güclü mübarizə aparmalı olduqlarını qeyd etdi: "Yarışa hazırlaşdığımız müddət ərzində sadəcə qələbəyə motivasiya olmuşduq. Komandamızın üzvləri peşəkar futbolçulardır. Yarışda iştirak edən komandalar güclü olduğundan birincilik uğrunda gərgin mübarizə gedirdi. Ancaq idmanın hər növündə olduğu kimi, futbolda da ən hazırlıqlı komanda qalib olur. Daha hazırlıqlı olduğumuz və əlimizdən gələni əsirgəmədiyimiz üçün qalib olduq. Onu da qeyd edim ki, azarkeşlərdən narazılıq edə bilmərik. Onlar bizi hər oyunda dəstəkləyirdilər. Oyunun nəticəsini əvvəlcədən bilmək mümkün olmasa da, onları məyus etməyə ixtiyarımız yoxdur. Heç bir azarkeş komandasının məğlubiyyəti ilə barışmaq istəmir, onlar yalnız qələbə istəyirlər. Komandamızın hər bir üzvü kimi, mən də çox sevinirəm ki, komandir heyətinin və azarkeşlərimizin bizlərə göstərilən etimadını doğrultdaraq adımızı qalib komandanın futbolçuları kimi tarixə yazdırdıq. Bununla kifayətlənməməliyik, öz üzərimizdə daim işləməliyik, vərdişlərimizi daha da təkmilləşdirməliyik. Çünki qələbəni əldə saxlamaq, onu qazanmaqdan çətindir."
- Fərqi yoxdur, hansı idman növü ilə məşğul olursan. Əsas odur ki, çıxış etdiyin idman növündə əzmkar, dözümlü olasan, - bu sözləri komandanın gənc üzvü Rəvan Babazadə dedi. - Düzdür, bizlər üçün dözümlülük əsas şərtdir. Çünki biz Ordumuzu təmsil edirik. Hər gün fiziki hazırlıqla məşğul oluruq. Futbol elə bir idman növüdür ki, gərək rəqib komandadan daha çevik, daha cəld və dözümlü olasan. Belə olsa, həmişə bir addım öndə olacaqsan. Oyunlarda da çalışırdıq ki, cəld və əvvəlcədən təyin olunmuş taktika üzrə hücum edək. Komandamızın bütün üzvləri arasında qarşılıqlı anlayış vardı. Oyunlarda bir-birimizi başa düşürdük. Nəticədə gözəl oyun nümayiş etdirdik və qalib gəldik. Bundan sonrakı turnirlərdə də daha fəal oyun nümayiş etdirəcək, ordumuzun fiziki hazırlığının yüksək olduğunu hər kəsə göstərəcəyik.
“MOİK” futbol komandasının qapıçısı İsmayıl Muradov "Qapıçı olmaq çətindirmi?" sualımıza cavab olaraq bildirdi ki, qapıçı az dincəlməli, çox məşq etməlidir. "Qapıçı olmaq çətin və məsuliyyətli vəzifədir. Onun balaca səhvi qolla nəticələnir, komandanın bütün üzvlərinin çəkdiyi əziyyət bəhrəsiz qalır. Ona görə də, məşqlərdə verilən tapşırıqlara oyun zamanı ciddi riayət etməlisən. Psixoloji cəhətdən də möhkəm olmalısan. Oyun zamanı yaranan vəziyyətin təsiri altına düşməməli, yalnız irəli baxaraq, psixoloji gərginliyi aradan qaldırmalısan. Çempionat boyu mübarizə çox gərgin keçdi. Bütün komandalar güclü idi. Buna baxmayaraq mübarizə apardıq və qalib gəldik".
Komandanın həkimi Anar Nəsibov bildirdi ki, futbolçuların sağlamlığını qorumaq kimi məsuliyyətli vəzifə üzərinə düşür. "Mütəmadi olaraq futbolçular həkim müayinəsindən keçirilir, kiçik zədələr daim nəzarətdə saxlanılır."
İnanırıq ki, “MOİK” komandasının futbolçuları və digər idman növləri üzrə yarışlarda iştirak edən idmançılarımız əldə etdikləri nailiyyətlərlə həm müstəqil Azərbaycan Respublikasının, həm də günü-gündən güclənən ordumuzun şan-şöhrətini bundan sonra da dünyaya yaymağa davam edəcəkdir.


Məhəmməd NƏSİRLİ, Ruslan HƏSƏNZADƏ,
fotolar Namiq PƏNAHOVUNDUR