Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

7 Noyabr 2018 09:43

“Legion” hərbi vətənpərvərlik klubu “N” hərbi hissəsində oldu

Dövlət siyasətində  ordu və cəmiyyət arasında daim geniş əlaqələrin yaradılması  prioritet məsələlərdən biridir. Müxtəlif təşkilatların nümayəndələri vaxtaşırı hərbi hissələrdə olur, yaradılan xidməti və məişət şəraiti ilə yaxından tanış olmaq imkanı qazanır, əsgər və zabitlərimizlə dəyərli görüşlər keçirirlər. Bu əlaqələr Azərbaycanda ordu-cəmiyyət münasibətlərinin yüksək səviyyədə qurulduğunu sübut edir. Bu günlərdə belə əhəmiyyətli görüşlər çərçivəsində "Legion" hərbi vətənpərvərlik klubunun bir qrup üzvü "N" hərbi hissəsində oldu.
Hərbi hissənin zabiti Niyazi Dadaşov əvvəlcə qonaqları salamladı və onları hərbi hissədə görməkdən məmnunluğunu ifadə etdi. Xalq-ordu birliyinin ifadəsi olan əsgərlərlə belə görüşlərin keçirilməsinin şəxsi heyət arasında böyük ruh yüksəkliyi yaratdığını bildirdi, ordu ilə xalqın monolit birliyinin nümayişinin ifadəsi olduğunu dedi: "Ümummilli liderimiz Heydər Əliyev tərəfindən əsası qoyulan ordu quruculuğu siyasəti bu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün dövlətimizin ordumuza qayğısı və diqqəti sərhədsizdir. Hərbi sahədə əsaslı islahatlar aparılması ilə yanaşı, ordumuz yeni silah və texnika ilə təchiz edilir, maddi-texniki təminatı gücləndirilir, şəxsi heyətin peşəkarlıq səviyyəsi artırılır, mənəvi-psixoloji hazırlığı və döyüş ruhu daha da yüksəldilir. Ordumuzun qüdrətini artıran mühüm amillərdən biri də xalq-ordu birliyidir. Ölkəmizdə güclü xalq-ordu birliyi var. Xalqımız yaxşı bilir ki, dövlətimizin ərazi bütövlüyünün, sülhün, əmin-amanlığın, müstəqilliyimizin təminatçısı ordumuzdur. Ordumuz inanır ki, onun arxasında Azərbaycan xalqı dayanır. Bu birlik ordumuzu daha da yenilməz, qüdrətli edir. Xalqla ordu arasında yaranmış qarşılıqlı inam ordu quruculuğu sahəsində yeni nailiyyətlərə aparır. Əsgər və zabitlərimizin ruh yüksəkliyi və vətənpərvərlik ideyaları üzərində köklənən ordu-vətəndaş münasibətlərinin təcəssümünə çevrilmiş aprel döyüşləri və Günnüt zəfəri əyani şəkildə sübut etdi ki, Azərbaycan Ordusu güclüdür, istənilən hərbi əməliyyatı uğurla yerinə yetirmək qüdrətinə malikdir. Həmin döyüşlər zamanı xalqımızın həmrəyliyi, ruh yüksəkliyi, ordu ilə münasibəti bir daha təsdiqini tapdı, ordumuzun Böyük Qələbənin qazanacağının astanasında olduğunu göstərdi. Prezident, Ali Baş Komandan  İlham Əliyevin qeyd etdiyi kimi "Aprel döyüşləri bizim şanlı hərbi qələbəmizdir, dövlətimizin, xalqımızın, ordumuzun gücünü göstərən qələbədir. Aprel döyüşləri nəticəsində Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğaldan azad edilmiş ərazilərində bu gün Azərbaycan bayrağı dalğalanır. Bu döyüşlər onu da göstərir ki, Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq, öz ərazi bütövlüyünü nəyin bahasına olursa-olsun, bərpa edəcək." 
Bu gün Lələtəpə yüksəkliyinin azad edilməsi nəticəsində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində mülki əhalinin yaşayışı üçün təhlükə tamamilə aradan qaldırıldı. Düşməndən geri alınan mühüm əhəmiyyətli Lələtəpə yüksəkliyində indi Azərbaycan bayrağı dalğalanır. Məhz bu qələbədən sonra Cocuq Mərcanlı kəndi üçün təhlükə sovuşdu. Dövlətimizin başçısının Cocuq Mərcanlı kəndinin bərpası və əhalinin yerləşdirilməsi ilə bağlı müvafiq sərəncamı ilə "Böyük Qayıdış" prosesinə start verildi. Artıq bu kəndin əhalisinin uzun fasilədən sonra doğma torpaqlarına qayıtması işğal altındakı digər ərazilərimizin də tezliklə azad olunmasına bütün xalqımızda dərin inam yaratdı. Artıq Cocuq Mərcanlıda həyat əvvəlki axarına qayıdıb. Cocuq Mərcanlının bərpası həm düşmənə, həm də dünyaya bir mesaj oldu."
Tədbir iştirakçıları sonra hərbi hissənin ərazisində ictimai birliklər üçün ayrılmış sahədə ağac əkdilər. Təzə əkilən ağacları suvardılar, mövcud yaşıllıqlara aqrotexniki qulluq göstərdilər. Əsgər yeməkxanasında şəxsi heyətlə birgə nahar etdilər. Sonra qonaqlar hərbi hissənin komandanlığı ilə birlikdə ön xətdə xidmət edən əsgərlərimizə baş çəkdilər. Xidməti, məişət şəraiti ilə maraqlandılar, əsgərlərlə söhbət apardılar.
"Legion" hərbi vətənpərvərlik klubunun sədri Abuzər Əbilov dedi ki, ümummilli liderimiz Heydər Əliyevin qeyd etdiyi kimi, ordu quruculuğunu inkişaf etdirmək üçün cəmiyyətdə tutduğu mövqeyindən, mənsubiyyətindən asılı olmayaraq hər kəs birlikdə fəaliyyət göstərməlidir.  Ulu Öndərin layiqli davamçısı, Prezident İlham Əliyev öz çıxışlarında dəfələrlə vurğulayıb ki, ordu quruculuğu, müdafiə potensialının möhkəmlənməsi və güclü ordunun yaranması dövlət üçün, hökumət üçün, hər bir vətəndaş üçün bir nömrəli vəzifədir. "Biz bu istiqamətdə öz səylərimizi davam etdirəcəyik. Biz hər an hazır olmalıyıq ki, öz doğma torpaqlarımızı işğalçı qüvvələrdən hərbi yolla azad edək və bu məqsədlə nə lazımdır, Azərbaycan dövləti edir".
"Ordu hər bir ölkənin müstəqilliyinin qarantı, xalqımızın milli ləyaqət rəmzidir. Ölkəmizdə ordu və cəmiyyət əlaqələri xeyli güclənib, cəmiyyətin mühüm tərkib hissəsi olan orduya münasibətin səviyyəsi həmişə dövlətçiliyə münasibət kimi anlaşılıb. Vətəndaşlıq mövqeyinə söykənən bu münasibət qarşılıqlı inamdır, qarşılıqlı güvəncdir. Xalqımız öz ordusunu sevir və ona hər zaman mənəvi dəstək göstərir. Bu isə ordumuzun şəxsi heyətinin mənəvi-psixoloji durumuna müsbət təsir göstərməklə işğal edilmiş torpaqlarımızın tezliklə düşməndən azad edilməsində hərbi qulluqçularımızın qələbə əzmini daha da artırır. Bizim ön xəttə gəlişimiz ordumuza mənəvi dəstək olmaq, eyni zamanda  düşmənlə təmas xəttində, torpaqlarımızın keşiyində dayanan mərd oğullarımızla həmsöhbət olub, bu igidləri yaxından tanımaq və onlara sonsuz güvəncimizi bir daha bildirmək məqsədi daşıyır. Belə görüşlər bizdə xoş ovqat yaradır. Döyüş mövqelərimizin inamla qorunduğunun bir daha şahidi olduq", - deyə Abuzər Əbilov qeyd etdi.
Əsgərlər adından çıxış edən Nihad Abdullayev də belə görüşlərin şəxsi heyətə xoş ovqat bəxş etdiyini bildirərək "Legion" hərbi vətənpərvərlik klubunun nümayəndələrinə silahdaşları adından minnətdarlığını bildirdi: "Uğurlu xidmət etməyimiz üçün hər cür şəraitimiz var. Güclü silah və texnikaya sahibik. Zabitlərimiz bizə yüksək döyüş bacarığı aşılayırlar. Bunlarla yanaşı, xalqımızın dəstəyini, güvəncini hiss etmək gücümüzə güc qatır. Uzun yol qət edib bizimlə görüşə gəldiyiniz üçün bütün əsgərlər adından sizə təşəkkürümüzü bildiririk. Sizin timsalınızda bütün xalqa səslənirik ki, firavan həyatlarını yaşasınlar, biz düşmən qarşısında mətinliklə və ayıq-sayıq dayanmışıq. İmkan vermərik ki, düşmən təxribata əl atıb irəliləyə bilsin. Torpaqlarımızı işğaldan azad edib xalqımıza zəfər bayramının sevincini yaşatmağa hər an hazırıq."
Tədbirin sonunda göstərdikləri səmərəli fəaliyyətə görə klubun bir qrup üzvünə hərbi hissə komandanlığı tərəfindən fəxri fərman təqdim edildi.
Bugünkü səfərdən də təəssüratlarımız kifayət qədər yüksək və ürəkaçandır. Ordu və cəmiyyət arasında belə sıx əlaqələrin olması Azərbaycan Ordusunun şəxsi heyətinin mənəvi-psixoloji hazırlığında mühüm amillərdən biri olaraq, yeniyetmələrin, çağırış yaşlı gənclərin vətənpərvərlik duyğularının formalaşmasını təmin edir.
 
 

Samir HÜSEYNOV, "Azərbaycan Ordusu"