Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

7 Noyabr 2018 09:39

Qəhrəmanlar unudulmur

Oktyabrın 31-də Həzi Aslanov adına Mərkəzi Zabitlər Evində Azərbaycanın Milli Qəhrəmanı Koroğlu Rəhimovun anadan olmasının 65 illik yubileyinə həsr olunmuş "Qəhrəmanlar unudulmur" adlı tədbir keçirildi. Tədbirdə Müdafiə Nazirliyinin, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin əməkdaşları, ictimaiyyət nümayəndələri, şəhid Koroğlu Rəhimovun ailə üzvləri və döyüş yoldaşları iştirak etdilər.
Xalqımızın ümummilli lideri Heydər Əliyevin və Azərbaycanın suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Azərbaycan Respublikasının Dövlət himni səsləndirildi.
Tədbiri giriş sözü ilə polkovnik-leytenant Zöhrab İmamquliyev açaraq Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən Milli Qəhrəmanın şərəfli döyüş yolundan danışdı:
- Hər bir xalqın, millətin dayağı və güvənc yeri onun ordusu və bu orduda şərəflə xidmət edən mərd oğullarıdır. Bu gün bura şücaəti, igidliyi və dönməzliyi ilə adını qızıl hərflərlə tariximizin şanlı səhifəsinə yazdıran Milli Qəhrəman Koroğlu Rəhimovun anım gününə toplaşmışıq. Yetkinlik yaşından Koroğlu həmyaşıdlarından Vətəninə bağlılığı ilə seçilirdi. Soydaşlarımızın doğma yurd-yuvalarından deportasiya olunması, 20 Yanvar hadisələri, Xocalı soyqırımı qəhrəmanımızın düşməndən qisas almaq, torpaqlarımızı işğalçılardan təmizləmək arzusunu daha da alovlandırırdı. O, könüllü cəbhəyə getməyi, torpaqlarımızı düşmənlərdən qoruyanların sıralarına daxil olmağı qərara alır. Bunu atasına və həyat yoldaşına bildirir. Atası İsmayıl Rəhimov bu cür mərd, cəsur, qorxmaz oğul böyütdüyü üçün fəxr edir və ona xeyir-dua verir. Vətənimizi, ana-bacılarımızı ermənilərdən qorumağı tövsiyə edir. Qoç Koroğlu kimi qəhrəman olmağı arzulayır. Koroğlu könüllü olaraq yenicə yaranmaqda olan milli ordu sıralarına qatılır. Öz arzusu ilə Qarabağın ən gərgin döyüş bölgəsinə gedir. Qısa müddət ərzində Koroğlunun qəhrəmanlığı dillər əzbəri olur. Goranboy rayonunun Buzluq, Çantaz, Erkəc kəndlərinin azad olunmasında onun başçılıq etdiyi bölük əsl qəhrəmanlıq nümunəsi göstərir. Həmin döyüş zamanı düşmən məhv edilir, bir neçəsi əsir götürülür, xeyli döyüş sursatı ələ keçirilir. Daha sonra qəhrəman komandirin rəhbərlik etdiyi bölmə Başkənd, Madagiz, Gülüstan kəndlərini də düşməndən azad edir. 1992-ci il iyulun 3-də Koroğlunun komandiri olduğu bölük Ağdərə istiqamətində hücuma keçir. Bu qəhrəmanımızın son döyüşü olur. O, Ağdərə yaxınlığında gedən ağır döyüşlərdə şəhidlik zirvəsinə ucalır. Qəhrəmanımızın məzarı Bakıda Şəhidlər xiyabanındadır.
Anım mərasimində çıxış edən millət vəkili Adil Əliyev Milli Qəhrəman Koroğlu Rəhimovu fəxrlə xatırladı və 2016-cı il aprelin əvvəllərində hərbçilərimizin göstərdikləri şücaətdən danışaraq, onlarla qürur duyduğunu bildirdi: "Gənc nəslin milli mənlik şüurunun, hərbi vətənpərvərlik ruhunun yüksəldilməsinə nail olmaq üçün Qarabağ savaşında və düşmənlə təmas xəttində yerləşən ərazilərimizin müdafiəsində, erməni quldurlarından təmizlənməsində igidlik göstərmiş Milli qəhrəmanlarımızı təbliğ etməliyik. Ölkə rəhbərliyi bu məsələni daim diqqət mərkəzində saxlayır. Mütəmadi olaraq şəhidlərimizin anımına həsr olunan tədbirlər keçirilir, məzarları ziyarət olunur. Biz də Milli Qəhrəman adına layiq görülən hər bir Vətən övladını yaxından tanımalıyıq, onların keçdiyi böyük və şərəfli döyüş yollarını, göstərdikləri igidlikləri öyrənməliyik. Çünki qəhrəmanlarımızın həyat yolu gənclərimiz üçün örnəkdir! Nə qədər ki, Vətənin taleyini öz taleyindən üstün tutan mərd, ölümün gözünə dik baxan, rəşadətli oğullarımız var, heç bir qüvvə, heç bir ordu bizə qalib gələ bilməz. Unutmamalıyıq ki, müharibə qurtarmayıb. Torpaqlarımız düşmən tapdağı altında olduğu müddət Azərbaycan əsgəri, vətəndaşı hər an ərazi bütövlüyümüzü təmin etmək üçün müharibəyə hazır olmalıdır. Bizlər də döyüşlərə hazır olmaq üçün üzərimizə düşən vəzifəni vicdanla yerinə yetirməliyik. İnanıram ki, Azərbaycan əsgəri tezliklə Böyük Qələbə sevincini xalqımıza yaşatmaqla, aprel döyüşlərində və Günnüt zəfərində olduğu kimi, düşmənə bir daha nəyə qadir olduğunu sübut edəcək".
Daha sonra tədbirdə çıxış edənlər qeyd etdilər ki, Vətənin dar günündə torpaqlarımız uğrunda canlarını fəda edən şəhidlərimizin, Milli qəhrəmanlarımızın keçdikləri rəşadətli həyat yollarının, döyüşlərdə göstərdikləri igidliklərinin təbliği gənclərimizdə vətənpərvərlik hissinin inkişafına və güclənməsinə, mübarizə əzminin daha da qüvvətlənməsinə xidmət edir.
Həzi Aslanov adına Mərkəzi Zabitlər Evinin yaradıcı kollektivinin ifa etdiyi vətənpərvərlik mahnıları şəhidə, şəhidliyə ehtiram kimi dinlənildi.

 
Ruslan HƏSƏNZADƏ, "Azərbaycan Ordusu"