Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

7 Noyabr 2018 09:32

“Səngər hər birimiz üçün müqəddəsdir”

Düşmənlə təmas xəttində, demək olar ki, hər gün atəşkəs rejimi pozulur. Erməni qəsbkarları aprel döyüşləri və Günnüt zəfəri nəticəsində cəsur igidlərimiz tərəfindən azad olunan torpaqlarımızda nəzarəti itirdikləri ilə barışa bilmir, yaranmış hər fürsətdən istifadə edərək təxribatlar törədirlər. Ancaq Vətənin keşiyində dayanan qorxmaz oğullarımız hər zaman bədxah qonşumuza layiqli cavab verərək, onları geri oturdurlar. Bu gün hər birimizin sakit və firavan yaşaması üçün əsgərlərimiz gecə-gündüz səngərdə döyüş növbətçiliyi aparırlar. Yorğunluğun nə olduğunu bilməyən Azərbaycan əsgərinin bir amalı var - Vətən torpaqlarına uzanan əlləri kəsib atmaq, üçrəngli bayrağımızı işğal olunmuş torpaqlarımızda dalğalandırmaq.
Ön xətt bölmələrimizdə xidmət edən gənclərimizin gözlərindəki qığılcımı görəndə daha da ruhlanıram. O baxışlarda İbadın cəsarətini, Ramilin vətənpərvərliyini, Mübarizin qeyrətini, Fəridin sədaqətini, Samidin hünərini... görürəm. O baxışlar mənə Vətənin müqəddəs, ana nəfəsi qədər doğma olduğunu deyir. O qığılcımdır Vətəni yaşadan, şərəfləndirən.
Düşmənlə təmas xəttində yerləşən "N" hərbi hissəsinin bir bölməsindəyik. Bizi müşayiət edən kapitan Tural Qocayev şəxsi heyətin mənəvi-psixoloji vəziyyətindən danışaraq bildirir ki, əsgərlərimizin döyüş ruhu yüksək səviyyədədir, hər an torpaqlarımızı işğaldan azad etməyə hazırdırlar. "Əsgərlərimizin mənəvi-psixoloji təminatı ordu quruculuğunun və döyüşə hazırlığın əsas göstəricilərindən biridir.  Əgər şəxsi heyətin mənəvi-psixoloji vəziyyəti yetərincə deyilsə, o ordu məğlubiyyətə düçardır. Bu səbəbdən qarşımızda duran əsas vəzifələrdən biri də şəxsi heyətin mənəvi-psixoloji və döyüş qabiliyyətini daim yüksək tutaraq, torpaqlarımızı düşmən işğalından hərb yolu ilə azad etməyə hər an hazır olmaqdır. Azərbaycan Ordusunun yaranmasının və Bakı şəhərinin azad olunmasının 100 illiyinə həsr olunmuş paradlar da deməyə imkan verir ki, ordumuzun döyüş əzmi, mənəvi-psixoloji və peşəkar hazırlığının səviyyəsi yüksəkdir. Döyüş mövqelərində olarkən, əsgərlərimizin gözlərindən "nə zaman döyüş əmri veriləcək" ifadəsini oxumaq olur. Onlar komandirlərinin öyrətdiklərini dərindən mənimsəyirlər. Hər biri yaxşı bilir ki, xalqımızın əsgərlərimizə etimadı böyükdür. Onlar da hər an işğal altında olan torpaqlarımızı azad etməyə, soydaşlarımıza o yerlərə qayıdış gününü yaşatmağa hazırdır".
Döyüş mövqeyində bizləri qarşılayan baş leytenant Samir Mehdiyev bildirir ki, şəxsi heyətin xidməti günün nizam qaydasına uyğun olaraq aparılır. "Düşmənlə üzbəüz dayanmağımız əsgərlərimizin dərslərə cəlb olunmasına heç bir maneçilik törətmir. Bunun üçün hər cür şərait yaradılıb. Nəzəri məşğələlərlə yanaşı, praktiki təlimlərin keçirilməsinə üstünlük veririk. Həmçinin asudə vaxtda Vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizdən söhbət edirik. Hər birimiz onların göstərdikləri qəhrəmanlıqla yaxından tanış olmalıyıq. Unutmamalıyıq ki, düşmənlərimizin törətdikləri vəhşiliklərə görə minlərlə həmvətənlimizə doğma el-obalarında böyümək qismət olmadı. Bu gün Vətənimizin keşiyində cəsarətlə dayanmışıq ki, onların həsrətinə tezliklə son qoyaq. Ali Baş Komandanımızın döyüş əmri ilə qısa müddətdə ərazi bütövlüyümüzü bərpa etməyə hazırıq. Bunu düşmən də yaxşı bilir. Onlar aprel döyüşlərində ordumuzun gücünü gördülər. Yenə də torpaqlarımızı sülh yolu ilə qaytarmaq istəməsələr, əsgərlərimizin nəyə qadir olduğunun şahidi olacaqlar".
- Səngərdə xidmət etmək çətin olsa da, şərəflidir. Çünki biz Vətənimizi düşmənlərdən qoruyuruq, - deyə Beyləqan rayonundan hərbi xidmətə çağırılan kiçik çavuş Elçin Kərimov söhbətə başlayır. - Vətəni qorumaq üçün birinci özünü qorumalısan. Əgər özünü, əsgər yoldaşlarını qoruya bilməsən, onda torpağını necə qoruyarsan? Bu səbəbdən hər an ayıq-sayıq, diqqətli xidmət aparırıq. Düşmənin bütün fəaliyyətini nəzarət altında saxlayırıq. Müşahidə zamanı aşkar olunmuş ən adi bir hərəkəti belə yuxarı komandanlığa məruzə edirik. Hər gün əsgərlərimə təlimat keçəndə bütün bunları xatırladıram. Onlar da unutmurlar ki, arxamızda bizə güvənən ailəmiz, dostlarımız, yaxınlarımız var. Xalqımızın bizə olan inamını tez bir zamanda doğruldacağıq.
- Düşmənlə təmas xəttində xidmət etmək arzum olub. Artıq xidmətimi başa vursam da, sevinirəm ki, ön xətdə xidmət edirəm. İlk gündən komandirlərimizin diqqət və qayğısı ilə əhatə olunmuşuq. Onlar bizlərə hərb sənətinin bütün incəliklərini öyrədirlər. Hər birimiz silahların taktiki-texniki xüsusiyyətlərini bilir, onlardan istifadə etməyi bacarırıq. Vətənimizin hər qarış torpağı bizim üçün əzizdir. Bunun üçün də xidmət etdiyimiz  səngəri evimiz bilirik. İstidə, soyuqda ona sığınırıq, ondan güc alırıq. Müharibə şəraitində olduğumuz üçün hər an döyüşə hazırıq. Ali Baş Komandanımızın döyüş əmri ilə düşmənin üzərinə irəli atılaraq, onlara göz açmağa macal verməyəcəyik, - Şamaxı rayonundan hərbi xidmətə çağırılan əsgər Elvin Əlpaşayev bizimlə fikirlərini bölüşür.
Döyüş növbətçiliyindən qayıdan, ordu sıralarına Balakən rayonundan çağırılan əsgər Saleh Yaqubov söhbətə qoşulur: "Hərbi xidmətə gələnə qədər əsgər həyatından məlumatım az idi. Hərbi hissədə əsgərlər üçün yaradılan şəraiti görəndə, həqiqətən də, qüdrətli dövlətin vətəndaşı olduğumdan bir daha əmin oldum. İlk gündən komandirlərimizin diqqəti və qayğısı ilə əhatə olunmuşuq. Hər zaman bizlərə Vətənimizin hərb tarixindən, şəhidlərimizin qəhrəmanlığından söhbətlər edirlər. Fiziki hazırlığımıza da xüsusi diqqət yetirilir. Günün nizam qaydasına uyğun olaraq səhər və axşam fiziki hazırlıqdan məşğələlər keçirik. Bilirik ki, bütün tədbirlər hər an hazırlıqlı, xalqımızın bizlərə olan inamını doğrultmağımız üçündür. Necə ki, aprel döyüşlərində ordumuz bu inamı doğrultdu. Biz də hər an işğal altında olan torpaqlarımızı düşmən tapdağından azad etməyə hazırıq. Arzu edirik ki, torpaqlarımızın azad edilməsi bizim hərbi xidmət dövrümüzə təsadüf etsin. Qalib ordunun əsgərləri kimi ailəmizin yanına dönək. Bu, hər birimiz üçün ən böyük şərəf olardı".
Əsgər Boqdan Hüseynov isə bildirir ki, hərbi xidməti müddətində çoxlu dost qazanıb. "Səngər hər birimiz üçün müqəddəsdir. Düşmənə nifrəti, Vətənə məhəbbəti məhz burada daha yaxından hiss etdik. Dostlarımla işğalda olan torpaqlarımızı azad edəcəyimiz günün xəyallarını qurub, müzakirələr aparırıq. Dərslər zamanı çalışırıq ki, hər şeyi daha yaxından mənimsəyək. Komandirlərimizin dediyi kimi, döyüşdə qalib olmaq cəsarətlə kifayətlənmir. Əgər əlində tutduğun silah haqqında məlumatın az olsa, ən güclü silah belə dəmir parçasına çevriləcək. Əsgəri xidmətim ərzində düşmənlə üzbəüz dayanmağımdan qürurlanıram. Tərxis olsam da, komandirlərim və əsgər yoldaşlarımla daim əlaqə saxlayacam. Hər birinin şad günündə yanlarında olacam. Necə ki, bu gün hamımız bir yataqxanada qalırıq, bir səngərdə döyüş növbətçiliyi aparırıq, eləcə də həyatımızın növbəti məqamlarını da bölüşməliyik. Təmas xəttində olmağımıza baxmayaraq, asudə vaxtımızdan səmərəli istifadə edirik. Kitab, jurnal, qəzet oxuyur, radio dinləyir, viktorinalar və yarışlar keçiririk.
Əslən Ucar rayonundan olan əsgər Röyal Qədirzadə də düşüncələrini bölüşür:
- Xidmətimizin ilk günlərindən ölkə başçımızın qayğısını hiss edirik. Əsgərlər üçün yaradılan məişət şəraiti müasir standartlara cavab verir. Yeni tikilmiş yataqxanamız, qidalanmağımız, geyimimiz yüksək səviyyədədir. Komandirlərimiz də bizlərə hərb elminin sirlərini öyrədirlər. Hər an Böyük Qəbələ uğrunda gedən döyüşlərə hazır olmağı, lazım gələrsə, canımızı belə fəda etməkdən çəkinməməyi aşılayırlar. Dərslərdə aprel döyüşlərində hərbi qulluqçularımızın qəhrəmanlıqlarından  da söhbət edirlər. Belə peşəkar, Vətənini sevən zabitlərimizin tabeliyində xidmət etməyimizlə fəxr edirik. Həyatlarını orduya bağlayan hərbçilərimizdən ilham alırıq. Onların etimadını doğrultmaq üçün daim öz üzərimizdə çalışırıq. Xidmətimizi layiqincə başa vuraraq, ailəmizin, dostlarımızın yanına alnıaçıq, başıuca dönəcəyik.
Əsgərlər Əşrəf Məmmədov və Cahangir Şıxəliyev də Vətənimizi göz bəbəyimiz kimi qoruduqlarını, hər an Ali Baş Komandan İlham Əliyevin döyüş əmri ilə işğal olunan torpaqlarımızı azad etməyə hazır olduqlarını bildirirlər. "Ermənilər atəşkəs rejimini nə qədər pozsalar da, dinc əhalini atəşə tutsalar da, anlamalıdırlar ki, hərb yolu ilə işğal etdikləri torpaqlarımızı əldə saxlaya bilməyəcəklər."


Ruslan HƏSƏNZADƏ,  Azərbaycan Ordusu"