Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

3 Noyabr 2018 09:13

Hərbi xəbərlər portalının bir yaşı ön xətdə qeyd edildi

Bu günlərdə "Ordu.az" xəbər portalının bir yaşı tamam oldu. Bir il öncə, hərbi xəbərləri təhrif edilmədən ictimaiyyətə çatdırmaq məqsədilə təsis olunan portal yeni kollektivlə fəaliyyətə başladı. İnformasiya müharibəsinin geniş vüsət aldığı dövrdə yaranan "Ordu.az" saytı qısa müddətdə ölkənin ən populyar hərbi xəbər portalına çevrildi.
Üç dildə fəaliyyət göstərərək ölkədə, eləcə də dünyada baş verən hərbi xəbərləri oxucu auditoriyasına çatdıran portal maraqlı xəbərlər, təhlillər, araşdırmalar və reportajlar hazırlayır. Saytın başlıca məqsədi hərbi xəbərlər sahəsində yaranmış informasiya boşluğunu doldurmaq, Azərbaycan Ordusunu və hərbi sənayemizi təbliğ etmək, nəticədə cəmiyyətə dolğun, qərəzsiz və dəqiq məlumatlar çatdırmaqdır.
"Ordu.az" portalı Azərbaycanda baş verən hərbi xəbərlərlə yanaşı, dünyada gündəmə çevrilən məlumatları da öz oxucusuna çatdırır. Eləcə də erməni yalanlarını ifşa edir, işğalçı ölkənin hiyləgər siyasətinin dünyaya çatdırılmasında vasitəçi rolunu oynayır.
Ürəyi Vətən eşqi ilə döyünən "Ordu.az" saytının kollektivi portalın yaranma gününü Azərbaycan əsgəri ilə birgə, ön xətt bölmələrindən birində keçirdi. Bu, olduqca diqqəti çəkən məqamdır: Böyük Qələbəni qazanmaq amalıyla xidmət edən əsgər bu etimadı - təntənənin ön xətdə keçirilməsini böyük güvənc bilir. Bu güvəncin mənəvi-psixoloji hazırlıqda əhəmiyyətli olacağına əminik.
Uzun yolun sonunda bölməyə çatan jurnalistlərin sevinci, əsgərlərlə görüşməyin verdiyi qürur hissi baxışlarından sezilirdi. Xoş günlərini əsgərlərlə birgə keçirmək könül xoşluğuydu. Redaktor Şahin Qocayev tezliklə qələbə reportajını hazırlamaq üçün bu dağlara çıxmaq arzusunda olduğunu da bildirdi:
- “Ordu.az” hərbi xəbərlər portalıdı. Bizim başlıca vəzifəmiz əsgərlərimizin uğurlu və şərəfli xidmətini, Azərbaycan Ordusunun gücünü işıqlandırmaq, eləcə də ermənilərin yalanlarını ifşa etməkdən ibarətdir. Bu gün bir yaşımızı kollektiv olaraq əsgərlərimizin yanında qeyd edərək həm qürur hissi keçirir, həm də onlara “hər zaman yanınızdayıq”, demək istəyirik. Onlar isti-soyuq bilmədən səngərdə, bizlərsə informasiya müharibəsində düşmənə göz dağıyıq. Əsgərlərimizə demək istəyirəm ki, onların uğurlarını işıqlandırmaq borcumuzdur. Biz portalda yerləşdirdiyimiz informasiyaların hər birini Azərbaycan əsgərinin döyüş ruhu, qələbə əzmi kimi veririk. Növbəti yaşımızda yeni uğurlarınızdan yazmaq arzusundayıq.
Zabit Babək Səmidli də öz növbəsində "Ordu.az" portalının kollektivini bir yaşının tamam olması münasibətilə təbrik edib, saytın mühüm fəaliyyətini əsgərlərin diqqətinə çatdırdı. Saytın yaranmasının ildönümünü əsgərlərlə birgə keçirdiyi üçün "Ordu.az" kollektivinə təşəkkürünü bildirdi. Belə görüşlərin mühüm və əhəmiyyətli olduğunu qeyd edən zabit, ordu və cəmiyyətin daim vəhdətdə olduğunu vurğuladı.
Zabit onu da qeyd etdi ki, bu gün düşmənlə təmas xəttində Vətənə övladlıq borcunu yerinə yetirən əsgərlərin döyüş ruhu yüksəkdir, hər bir döyüşçüdə qələbə əzmi vardır. "Əgər işğalçı Ermənistanın ordusunda qeyri-nizamnamə halları, cinayət hadisələri baş alıb gedirsə, bundan tam fərqli olaraq bizim ordumuzda şəxsi heyətin mənəvi-psixoloji hazırlığı və əhval-ruhiyyəsi ürəkaçandır. Çətin və mürəkkəb təbii şəraitdə xidmət edən əsgərlərimiz Vətənin keşiyində ayıq-sayıq dayanırlar. Azərbaycan əsgəri yaxşı bilir ki, apardığı mübarizə haqq işidir, yəni, özgə torpaqlarında gözümüz yoxdur, bizim məqsədimiz yalnız işğalda olan torpaqlarımızı azad etmək və yurd-yuvasından didərgin salınmış insanları əzəli məskənlərinə qaytarmaqdır."
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında qürurla demişdi: "Azərbaycan Ordusu dünya miqyasında 50 ən güclü ordu sırasındadır". Bu qüruru hər bir vətəndaş yaşayır. Qeyd etməliyəm ki, "Ordu.az" portalı bu qüruru yaşayanların amalının, əqidəsinin, istəyinin portalıdır. "Ordu.az" portalı informasiya məkanında Azərbaycan Ordusunun gücünü, qüdrətini, şəxsi heyətin mənəvi-psixoloji hazırlıq səviyyəsini ictimailəşdirən portaldır. Bu baxımdan "Ordu.az" ordu quruculuğunda fəal iştirak edir.
Azərbaycan Ordusunda şəxsi heyətin yüksək hazırlığını təmin edən əsas amillərdən biri də dövlətin öz əsgərinə olan diqqət və qayğısıdır. Artıq bir sıra bölgələrdə müasir əsgər yataqxanaları, yeməkxanalar, camaşırxana və hamam kompleksləri tikilərək şəxsi heyətin ixtiyarına verilib. Döyüşçülərin əşya və ərzaq təminatına da ciddi önəm verilir, onlar üçün müxtəlif çeşidli milli yeməklər hazırlanır. Bir sözlə, dövlətin və ordu rəhbərliyinin əsas diqqəti Vətənimizin keşiyində dayanan şəxsi heyətin hərtərəfli təminatına yönəlib. Bu isə hərbi qulluqçularda dövlətə və xalqa inam hissini artırmaqla yanaşı, onların öz vəzifə borcuna məsuliyyət hissini də gücləndirir.
Təbriklərə qoşulan əsgərlər də "Ordu.az" kollektivinə səmimi arzularını çatdırdılar. Əsgər Pünhan Mehdiyev qeyd etdi ki, istər biz əsgərlərin valideynləri, istər Azərbaycan ictimaiyyəti, istərsə də dünya ictimaiyyəti Azərbaycan Ordusu haqqında ən düzgün informasiyaları həm də "Ordu.az" portalından alır. “İnformasiyaların operativliyini, müxtəlif dillərdə çatdırıldığını nəzərə alsaq, onun nə dərəcədə gərəkli olduğuna bir daha əmin olarıq. Bu əminlik ehtiramdır, sevgidir. "Ordu.az" hamımızın rəğbəti ilə əhatələnib. Mən əsgər yoldaşlarımın adından kollektivə yeni yaşlarında uğurlar diləyirəm. Bizimlə birgə özəl günlərini qeyd etmələri əlamətdar və  sevindiricidir. Hərbi xəbərlər yazan jurnalistlərin zabit və əsgərlərin arasında olması olduqca maraqlıdır. Bir vaxtlar verdikləri xəbərləri oxuyan bizlər indi onlarla ünsiyyətdə olmağın sevincini yaşayırıq. Kollektivə oxucu auditoriyalarının bol olmasını, qələbə reportajları yazmağı arzu edirəm.”
Ehtiyatda olan zabit Ədalət Verdiyev çıxışında 2016-cı ilin aprel döyüşlərində ordu-ictimaiyyət münasibətlərindən danışdı: “O zaman bir daha təsdiqləndi ki, xalq orduya inanır, güvənir, ordu xalqa arxalanır. "Ordu.az" saytı həm də bu inamı, bu güvənci informasiya vasitəsilə gerçəkləşdirən portaldır. Biz bunu böyük könül xoşluğuyla müşahidə edirik... "Ordu.az" portalının daha böyük yaradıcılıq uğurları qazanacağına əminik.”
Əsgər Albert Məmmədov təbrikə qoşularaq növbəti yaşlarını Qarabağda keçirməyi arzu etdi:
- "Ordu.az" kollektivini bir yaşı münasibətilə təbrik edirəm. Yeni yaşlarında yeni uğurlarımızın informasiyasını verməyi, iki yaşlarını Qarabağda sancılan üçrəngli bayrağımızın ətrafında keçirmələrini  arzu edirəm.
Əsgər Ülvi Bayramov da təbriklərə qoşularaq kollektivə çətin və məsuliyyətli işlərində uğurlar dilədi:
- Azərbaycan əsgəri olaraq, bizlərdən yazan jurnalistlərlə görüşmək, eləcə də ad günlərini keçirmək sevindirici haldır. Yüzlərlə kilometr məsafəni qət edərək görüşümüzə gəlib, həm könlümüzü şad etdilər, həm də fərəhləndirdilər. Bir daha səmimi qəlbdən təbrik edirəm.
Bütün çıxışlar bir reallığın təsdiqiydi: Azərbaycan Ordusu Ali Baş Komandanın döyüş əmrinə hazırdır. Hər zabit, hər əsgər Ali Baş Komandanın Azərbaycan Ordusunun 100 illik yubileyinə həsr olunmuş paradda dediklərini gerçəkləşdirmək amalıyla xidmət edir: “Gün gələcək və bu gün işğal altındakı torpaqlar azad olunandan sonra orada qaldırılacaq Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və hərbi paradda göstəriləcək!”
Vətən keşikçilərinin və kollektivin təbrikləri başa çatdıqdan sonra çay süfrəsi ətrafında tort kəsildi, xatirə şəkli çəkildi.
"Azərbaycan Ordusu" qəzetində "Ordu.az" portalının informasiyaları da yer alır. Bu baxımdan qəzetimiz "Ordu.az" portalı ilə oxucuları arasında  mətbu əlaqələndiricidir. 
"Azərbaycan Ordusu" qəzetinin yaradıcı kollektivi "Ordu.az"-ın yaradıcı kollektivini təbrik edir və ona uğurlar arzulayır...

"Azərbaycan Ordusu"