Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

3 Noyabr 2018 09:10

“Ərazi bütövlüyümüzü bərpa edəcəyik”

Oktyabrın 29-da cəbhə xəttində yerləşən "N" hərbi hissəsində Zəngilan rayonunun erməni təcavüzkarları tərəfindən işğal edilməsinə həsr olunmuş anım tədbiri keçirilib. Tədbirdə hərbi hissənin şəxsi heyəti, Zəngilan uğrunda döyüşlərdə iştirak edən keçmiş döyüşçülər və ictimaiyyət nümayəndələri iştirak ediblər. Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimayi Birliyinin Zəngilan rayon şöbəsinin təşkilatçılığı ilə keçirilən anım tədbiri ümummilli lider Heydər Əliyevin və Azərbaycanın suverenliyi, ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Bu gün Azərbaycan Ordusunun dünyanın ən güclü orduları sırasında olduğunu bildirən "N" hərbi hissəsinin zabiti Eldəniz İmaməliyev qeyd edib ki, dövlətimizin başçısı, Ali Baş Komandan cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində ölkəmizin müdafiə qüdrəti, maddi-texniki təminatı gündən-günə daha da güclənir. "2016-cı ilin aprel döyüşlərində ordumuz düşmənə öz gücünü bir daha göstərdi. Erməni işğalçılarının nəzarətində olan strateji əhəmiyyətli yüksəkliklərimiz, hektarlarla ərazimiz ordumuzun vətənpərvər, peşəkar hərbçiləri tərəfindən azad olundu. Lələtəpə, Bayraqtəpə yüksəkliklərinə bu gün qəhrəman Azərbaycan Ordusu nəzarət edir. O yüksəkliklərdə üçrəngli Azərbaycan bayrağı dalğalanır. Hərbi hissəmizin şəxsi heyətində döyüş və mənəvi-psixoloji hazırlıq yüksək səviyyədədir. Onlar düşmən işğalında olan torpaqlarımızın azadlığı və Azərbaycanın ərazi bütövlüyü naminə Ali Baş Komandanın döyüş əmrinə həmişə hazırdırlar".
Zabit əminliklə bildirib ki, biz tezliklə Ali Baş Komandanımızın rəhbərliyi altında ərazi bütövlüyümüzü bərpa edib Zəngilanımıza, Qarabağımıza, Şuşamıza və digər işğal altında olan torpaqlarımıza da üçrəngli bayrağımızı sancacağıq.
Tədbir Zəngilan rayonunun müdafiəsi uğrunda gedən döyüşlərdə iştirakçı olan müharibə veteranları Azad Musayevin, Sənan Həmidovun, Ənvər Qarayevin, Novruz Məmmədzadənin çıxışları ilə davam edib. Onlar bildiriblər ki, Ali Baş Komandanın döyüş, səfərbərlik əmrinə həmişə hazırdırlar. "Biz veteranlar aprel döyüşlərində də ordumuzun, döyüşən zabit və əsgərlərimizin yanında idik. Fəxr edirik ki, bu gün ordumuz ən müasir silahlarla təmin edilir. Hərbi hissələrimizdə müasir əsgər yataqxanaları tikilir. Onların məişət şəraiti daha da yaxşılaşır. Ordumuzun qüdrəti artır. Biz veteranlar ordumuzun günü-gündən artan gücünə arxalanırıq, Azərbaycan Ordusuna güvənirik. İnanırıq ki, ordumuz yaxın vaxtlarda işğal altında olan bütün torpaqlarımızı azad edəcək, qələbə bayramlarını Qarabağımızda, Şuşamızda qeyd edəcəyik."
Tədbir müasir ordu quruculuğundan bəhs edən, aprel döyüşlərində şəhid olan hərbçilərimizin xatirəsinə həsr olunan və Zəngilan döyüşlərini əks etdirən video-çarxların nümayişi ilə sona çatıb.

Lalə HÜSEYNOVA, "Azərbaycan Ordusu"