Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

3 Noyabr 2018 09:00

Azərbaycan tarixinin mərhələli piramidasının təqdimatına həsr olunmuş “Zirvəyə aparan yol” adlı tədbir keçirildi

Azərbaycan Hərb Tarixi Muzeyində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə  Müharibə Veteranları və Beynəlmiləlçi  Hərbçilər İctimai Birliyi tərəfindən hazırlanmış "Zirvəyə aparan yol" adlı Azərbaycan tarixinin mərhələli piramidasının və Silahlı Qüvvələrimizin Azərbaycanın ərazi bütövlüyü uğrunda göstərdikləri qəhrəmanlıqlarından bəhs edən "Fədailər" videoklipinin təqdimatına həsr olunmuş tədbir keçirildi.
Tədbirdə Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr  İdarəsinin, Həzi Aslanov adına Mərkəzi Zabitlər Evinin əməkdaşları, ictimaiyyət nümayəndələri, müharibə veteranları, xüsusi təyinatlı hərbi təhsil müəssisələrinin kursantları və kütləvi informasiya vasitələrinin əməkdaşları iştirak etdilər.
Əvvəlcə ümummilli lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Azərbaycan Respublikasının Dövlət himni səsləndirildi.
Tədbirdə Hərb Tarixi Muzeyinin rəisi ehtiyatda olan polkovnik Əzizağa Qənizadə "Azərbaycan xalqının qədim və qəhrəmanlıqla zəngin tarixi" adlı məruzə ilə çıxış edərək bildirdi ki, xalqımızın çoxəsrlik tarixi misilsiz qəhrəmanlıq səhifələri ilə zəngindir. "Azərbaycan daim çətin sınaqlardan keçib. Gördüyünüz piramidanın 11 pilləsində Vətənimiz Azərbaycanın ən qədim zamanlardan bugünədək 1,5 min illik tarixi əks etdirilir. Piramidanın I pilləsində Azıx mağarası və Qobustan qayaları da daxil olmaqla, xalqımızın tarixinin ən qədim dövrü təbliğ olunur. Piramidanın II-III pillələrində əsasən tariximizin orta əsrlər dövrü əks olunub. Burada Cavanşir, Babək, Uzun Həsən və digər qəhrəmanlarımız, Nizami Gəncəvi başda olmaqla, elm və mədəniyyət xadimlərimiz, Şah İsmayıl Xətai, Nadir Şah Əfşar, habelə XVIII əsr Azərbaycan xanlıqları haqqında müfəssəl məlumatlar var.
Dördüncü pillədə Azərbaycan tarixinin XIX-XX əsrin əvvəllərindəki dövrü öz əksini tapıb. Gülüstan və Türkmənçay müqavilələri, həmçinin Azərbaycanda maarifçilik hərəkatının inkişafında misilsiz rol oynamış Həsən bəy Zərdabi, Hacı Zeynalabdin Tağıyev, Mirzə Kazım bəy və başqa görkəmli şəxsiyyətlər haqqında məlumat verilir.
Piramidanın V pilləsi bütünlüklə Azərbaycan Xalq Cümhuriyyətinə həsr edilib. Sonrakı pillədə Azərbaycanın sovet dövrü tarixinə işıq salınaraq Cəmşid Naxçıvanski, Həzi Aslanov, Mehdi Hüseynzadə və digər qəhrəmanlarımızla yanaşı, Üzeyir Hacıbəyov və Müslüm Maqomayev kimi mədəniyyət xadimlərimiz haqqında da məlumatlar təqdim olunur. Bu pillədə, həmçinin 20 Yanvar faciəsi, eləcə də xalqımızın ulu öndəri Heydər Əliyevin imperiya rəhbərliyinə qarşı kəskin etirazları əksini tapıb".
Muzey rəisi qeyd etdi ki, piramidanın VII və VIII pillələri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ müharibəsinə, ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan dövlətinin, o cümlədən Milli Ordumuzun yeni quruculuğuna dair məlumatlarla zəngindir. "Növbəti - IX pillədə Ümummilli Liderin rəhbərliyi ilə Azərbaycan Respublikasının daxili siyasi həyatında, o cümlədən ordu quruculuğunda əldə etdiyi uğurlar, Azərbaycan həqiqətlərinin beynəlxalq aləmdə tanıdılması istiqamətində görülmüş işlər, qazanılmış nailiyyətlər nümayiş etdirilir.
Piramidanın X pilləsində Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə respublikamızın XXI əsrin əvvəllərində əldə etdiyi böyük nailiyyətlər əks olunub. Bu pillədə Azərbaycanın təkcə kosmik sahədə, beynəlxalq idman həyatında, iqtisadiyyatda, beynəlxalq hərbi əməkdaşlıqda qazandığı nailiyyətlər deyil, həm də ordumuzun uğurları da əksini tapıb."
Ehtiyatda olan polkovnik bildirdi ki, piramidanın sonuncu - XI pilləsi bütünlüklə Azərbaycan Xalq Cümhuriyyətinin və Milli Ordumuzun 100 illik yubileyi, Bakının işğaldan azad edilməsinin 100 illiyi münasibətilə paytaxtımızda keçirilən möhtəşəm paradlara həsr olunub, eyni zamanda bu pillədə Ali Baş Komandan İlham Əliyevin yubileylər münasibətilə çıxışlarından fikirlər, Azərbaycan-Türkiyə dostluğunu əks etdirən fotolar yer alıb. Sonda Əzizağa Qənizadə piramidanın hazırlanmasında iştirak edən muzey əməkdaşlarına, Müdafiə Nazirliyinin bir çox idarələrinin peşəkar hərbçilərinə minnətdarlığını bildirdi.
Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin nümayəndəsi polkovnik Etibar Əliyev qeyd etdi ki, zamanın çətin sınaqlarına mərdliklə sinə gərən Azərbaycan tarixi proseslərin gedişində işğal dönəmlərini yaşamış, lakin buna baxmayaraq öz qəhrəman övladlarının iradəsi, qətiyyəti və igidliyi sayəsində müstəqilliyini bərpa etməyə nail olmuş, suverenliyini qorumağı bacarmışdır.
Tədbirdə tarix elmləri doktoru, ehtiyatda olan birinci dərəcəli kapitan Nurulla Əliyev, tarix üzrə fəlsəfə doktoru Hacı Həsənov, ehtiyatda olan  polkovnik İntiqam Mirzəyev, "Fədailər" mahnısının ifaçısı, Azərbaycanın Xalq artisti Eyyub Yaqubov və başqaları çıxış edərək Azərbaycanın ən qədim tarixə və maddi-mədəni irsə malik olmasını, belə kliplərin gənclərimizin vətənpərvər ruhda tərbiyəsində əhəmiyyətini vurğuladılar.
Sonda ərazi bütövlüyümüz uğrunda qəhrəmanlıq göstərənlərə həsr olunmuş sözləri və musiqisi  Əzizağa Qənizadəyə məxsus "Fədailər" adlı videoklip nümayiş olundu.

Günay TAĞIYEVA, "Azərbaycan Ordusu"