Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

31 Oktyabr 2018 10:38

“Konflikt jurnalistikası məktəbi”nin növbəti auditoriya təlimi keçirildi

 

Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə "Dinc Dünya" Araşdırma Mərkəzinin təşkil etdiyi "Konflikt jurnalistikası məktəbi" adlı birgə layihənin Hərbi Hava Qüvvələrinin  "N" hərbi hissəsində növbəti auditoriya təlimi keçirildi.

Tədbirdə Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqəlar İdarəsinin zabiti Əfqan Əliyev iştirakçıları salamlayaraq, düşmənlə təmas xəttində baş verən hadisələrin ictimaiyyətə ilk mənbədən, dolğun və dəqiq çatdırmağın əhəmiyyətindən söz açdı. Zabit əvvəllər yaranmış problemlərə yol verməmək üçün jurnalistlərin hərbi biliklərinin artırılması və hərbi qulluqçuların KİV-lərlə işləməsi ilə bağlı təlimat hazırlandığını bildirdi. Zabit onu da qeyd etdi ki, Müdafiə Nazirliyi informasiyanın media qurumlarına ötürülməsi məqsədilə zəruri işlər görür, jurnalistlərin akkreditasiyadan keçməsini diqqətdə saxlayır.

Polkovnik-leytenant Rəşad Atakişiyev hərbi hissənin yaranma tarixi, həmçinin aviasiya bazasının fəaliyyəti barədə geniş məlumat verdi. "Hərbi Hava Qüvvələrinin təyinatı respublikamızın hava məkanını nəzarətdə saxlamaq, hava məkanını pozmuş düşməni zərərsizləşdirməklə sərhədlərimizin müdafiəsini təmin etmək, vizual müşahidə olunan hədəfləri (yer və dəniz hədəflərini) məhv etməkdir. Döyüş zamanı aviasiyanın havada üstünlüyün əldə edilməsində böyük rolu var. Hava Hücumundan Müdafiə Qoşunlarının tərkibində olan nəqliyyat təyyarələri, döyüş nəqliyyat və desant-nəqliyyat helikopterləri qoşunların və maddi vasitələrin hava yolu ilə daşınmasına, onların döyüş əməliyyatlarının manevrinin yüksək səviyyədə təmin edilməsinə də imkan verir. Pilotların ustalıq vərdişləri daim təkmilləşdirilir. Bu gün Azərbaycan Ordusunun Hərbi Hava Qüvvələri ən müasir helikopterlərlə təmin olunub. Bu da imkan verir ki, HHMQ-nin şəxsi heyəti hava məkanımızın təhlükəsizliyini tam təmin etsin. Hərbi Hava Qüvvələrinin iştirak etdiyi təlimlər, aprel döyüşləri, bu il keçirilən möhtəşəm paradlar da dediklərimizin sübutudur.

Mayor Babək İskəndərov isə iştirakçılara bölmələrin döyüş tapşırığının yerinə yetirilməsini təmin etmək məqsədi ilə döyüş uçuşuna üç hazırlıq dərəcəsinin müəyyən edilməsi və hava hücumundan müdafiə vasitələri haqqında məlumat verdi. Həmçinin hava məkanındakı kəşfiyyat məlumatlarının toplanılması və təhlili qaydalarını izah etdi. 

Auditoriya təlimindən sonra təlimalanlar hərbi hissənin ərazisindəki mövcud infrastrukturla, silah və texnikalarla, məşq qurğuları ilə yaxından tanış oldular.

 

 

Orxan HÜSEYNLİ, "Azərbaycan Ordusu"