Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

31 Oktyabr 2018 10:30

Azərbaycan Ordusunun şəxsi heyəti ilə keçirilən ictimai-siyasi hazırlıq dərsi

(İctimai-siyasi hazırlıq dərsinin qrup rəhbərinə dərsə hazırlaşmaq üçün kömək)

 

Mövzu: Hərbi xidmət əleyhinə olan cinayətlər. Hərbi qulluqçuların hüquqi məsuliyyəti.

 

İctimai-siyasi hazırlıq qrupunun rəhbərinə bu məşğələyə hazırlaşarkən Azərbaycan Respublikası Konstitusiyasının, hərbi qanunvericilik aktlarının, Hərbi andın və hərbi nizamnamələrin tələblərini diqqətlə öyrənmək və öz bölməsinin tapşırıqlarını, xüsusiyyətlərini, xidmət şəraitini nəzərə alaraq mövzunu bölmənin gündəlik həyatı ilə bağlamaq tövsiyə olunur.


Suallar::

1. Azərbaycan Respublikasında vətəndaşların hüquqi məsuliyyəti.

2. Hərbi xidmət əleyhinə olan cinayətlər.

3. Hərbi qulluqçuların hüquqi məsuliyyəti.   

 

Azərbaycan Respublikasında vətəndaşların hüquqi məsuliyyəti

Hər bir cəmiyyətin normal həyatı üçün müəyyən qaydaların mövcud olması və ictimai-sosial münasibətlərin nizama salınması zəruridir. Həmin qaydalara, cəmiyyətin həyat fəaliyyətinin nizamlanmasına onun üzvlərinin davranışını müəyyən edən hüquqi normaların köməyi ilə nail olunur. Ancaq ictimai-sosial münasibətlərə hüquqi çərçivədə təsir göstərən digər amillər də vardır ki, bunlar da əxlaqi və dini normalar, adət və ənənələrdir.

Hüquqi məsuliyyət dedikdə, Azərbaycan Respublikası Konstitusiyasının, qanunlarının, qüvvədə olan hüquqi sənəd və aktların tələblərinin icrasına dövlətin məcburetmə formasının verilməsi başa düşülür.

Müasir Azərbaycan dövlətçiliyinin banisi ulu öndər Heydər Əliyev gənclərimizə Azərbaycan Respublikasının Konstitusiyasını öyrənməyi tövsiyə edərək demişdir: "Konstitusiyada hər bir vətəndaşın hüquqları və azadlıqları öz əksini tapıbdır, eyni zamanda hər bir vətəndaşın vəzifələri öz əksini tapıbdır. Vəzifələr isə, şübhəsiz ki, hər bir vətəndaşın özünün üzərinə düşən borcdur, məsuliyyətdir".

Konstitusiyanın 24-cü maddəsinə əsasən, hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz, ayrılmaz hüquqları və azadlıqları vardır. Bu isə hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini, vəzifəsini  əhatə edir.

Konstitusiyanın 72-ci maddəsinə görə, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Qanunu bilməmək vətəndaşı məsuliyyətdən azad etmir.

Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən, Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur. Hər bir şəxs dərk etməlidir ki, hüquq pozuntusuna yol verdikdə onun dövlət qarşısında məsuliyyət vəzifəsi yaranır və belə hallarda dövlət öz məcburetmə formalarını tətbiq etməkdə haqlıdır. Hər bir demokratik cəmiyyətdə hüquqi məsuliyyətin geniş dərk edilməsinin sosial əhəmiyyəti böyükdür və belə bir cəmiyyətə malik olan ölkə hüquqi dövlət quruculuğu yolunda mühüm nailiyyətlər əldə etməyə qadirdir. Hüquqi məsuliyyətin iki ümumi və konkret məqsədi vardır. Ümumi məqsəd demokratik quruluşun şərtlərini hüquqi cəhətdən təmin etməkdən ibarətdir. Hüquqi məsuliyyətin məqsədi - demokratik hüquq qaydasını pozuntulardan mühafizə və müdafiə etməkdən, vətəndaşları hüquqi cəhətdən, hüququ pozanları isə yenidən tərbiyə etməkdir.

Cinayət törətmiş şəxslər qanun qarşısında bərabərdirlər və irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən və digər hallardan asılı olmayaraq cinayət məsuliyyətinə cəlb olunurlar.

 

Hərbi xidmət əleyhinə olan cinayətlər

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin vəzifəsi sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.

Hərbi xidmət əleyhinə olan cinayətlər anlayışı Azərbaycan Respublikası CM-in  327-ci maddəsi ilə müəyyənləşdirilir. Həmin maddəyə görə, çağırış və ya kontrakt üzrə Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmət keçən hərbi qulluqçuların, qanunla müəyyən edilmiş qaydada hərbi qulluqçu statusuna malik olan başqa şəxslərin, habelə təlim və ya yoxlama toplanışlarına cəlb edilmiş hərbi vəzifəlilərin hərbi qulluğun müəyyən edilmiş qaydaları əleyhinə yönələn cinayətləri hərbi xidmət əleyhinə olan cinayətlər hesab olunur.

Hərbi xidmət əleyhinə olan cinayətlərin təsnifatı CM-in XII bölməsinin 35-ci fəslində verilmişdir. Bu fəslə 27 maddə daxildir.

Hərbi xidmət əleyhinə olan cinayətləri törədilmə xarakterlərinə görə aşağıdakı kimi qruplaşdırmaq olar:

- hərbi qulluqçular arasında tabelik münasibətləri olduqda və ya olmadıqda  qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma xarakterli cinayətlər (CM-in 328-332-ci maddələri);

- hərbi hissəni özbaşına tərketmə, fərarilik, öz sağlamlığına zərər vurmaq və s. üsulla hərbi xidmətdən yayınma məqsədilə törədilən cinayətlər (CM-in 333-335-ci maddələri);

- qarovul, daxili xidmət, patrul, döyüş növbəsi və digər xidmət qaydalarını pozmaqla törədilən cinayətlər (CM-in 336-340-cı maddələri);

- vəzifəli şəxslərin öz səlahiyyətlərindən sui-istifadəsi və ya vəzifə borclarına səhlənkar yanaşması, döyüş meydanını özbaşına tərk etmələri nəticəsində törədilən cinayətlər (CM-in 341-346-cı maddələri);

- hərbi əmlakı itirmə, zədələmə, xarab etmə və ya məhv etmə ilə nəticələnən cinayətlər (CM-in 347-349-cu maddələri);

- silahla və ya digər təhlükə törədən əşyalarla davranış, maşınların istismarı, uçuş və uçuşa hazırlıq, hərbi gəmiləri idarəetmə qaydalarını pozma nəticəsində törədilən cinayətlər (CM-in 350-353-cü maddələri).

Törətdiyi cinayət üçün intizam cəzası almış hərbi qulluqçu cinayət məsuliyyətindən azad edilmir və qüvvədə olan qanunvericiliyə müvafiq surətdə məsuliyyət daşıyır.

 

Hərbi qulluqçuların hüquqi məsuliyyəti

Azərbaycan Respublikasının Konstitusiyası Vətənin müdafiəsini, onun hər bir vətəndaşının müqəddəs borcu və qanunla müəyyən edilmiş qaydada hərbi xidmət keçməyi vətəndaşların əsas vəzifələrindən biri kimi müəyyənləşdirmişdir.

Azərbaycan Respublikasının Silahlı Qüvvələri sıralarına daxil olarkən hər bir vətəndaş Hərbi andı qəbul edir və andını pozarsa, Azərbaycan Respublikası qanunlarının tam ciddiyyəti üzrə məsuliyyət daşımağa hazır olduğunu elan edir.

Hərbi qulluqçu öz Vətəninin müdafiəsi üçün şəxsi məsuliyyət daşıyır və borcludur ki: Azərbaycanın mənafeyini qorusun; onun nüfuzunun və qüdrətinin möhkəmlənməsinə səy göstərsin; Azərbaycan Respublikası Konstitusiyasına, qanunlarına və Hərbi anda müqəddəs və sarsılmaz surətdə riayət etsin; intizamlı, vicdanlı, doğruçu və cəsarətli olsun; hərbi borcunu yerinə yetirərkən bütün qüvvəsini və lazım gəldikdə canını belə əsirgəməsin; komandirlərə (rəislərə) sözsüz tabe olsun və döyüşdə onları müdafiə etsin; öz hissəsinin Döyüş Bayrağını göz bəbəyi kimi qorusun.

 Hərbi qulluqçu hərbi nizamnamələrin tələblərini və öz vəzifələrini yaxşı bilməli və vicdanla yerinə yetirməli; hərbi biliklərini müntəzəm surətdə təkmilləşdirməli; ona tapşırılmış silahları, döyüş texnikasını və digər texnikanı mükəmməl bilməli, həmçinin hərbi əmlakı və xalq əmlakını qorumalı; ağlabatan təşəbbüslər göstərməli; hərbi xidmətin bütün çətinlik və məhrumiyyətlərinə mətinliklə dözməli; döyüşçü yoldaşlığına sadiq olmalı, öz yoldaşlarına sözü və işi ilə kömək etməli, onları nalayiq hərəkətlərdən çəkindirməli, həyatını əsirgəmədən təhlükədən xilas etməli; sayıq olmalı, dövlət sirrini ciddi surətdə saxlamalıdır.

Hərbi qulluqçuların hüquqi məsuliyyətinin hərbi xidmətdən irəli gələn xüsusiyyətləri Azərbaycan Respublikası Silahlı Qüvvələrinin fəaliyyətini tənzim edən qanunlarla, Hərbi and, hərbi nizamnamələr və digər hərbi normativ aktlarla (əmrlər, direktivlər, sərəncamlar və s.) müəyyən edilir. Həmin xüsusiyyətlərin ən mühümlərini nəzərdən keçirək:

- hüquq pozuntularının (hərbi xidmət əleyhinə olan cinayətlər, hərbi intizam pozuntuları) xüsusi dairəsi dövlət tərəfindən müəyyən edilir;

- komandirlər (rəislər) tabeliklərində olan hərbi qulluqçuları hüquqi məsuliyyətə cəlb etmək üçün xüsusi səlahiyyətlərə malikdirlər;

- komandirlərin (rəislərin) hərbi qulluqçulara tətbiq etdikləri hüquqi məsuliyyət tədbirlərinin icrasının xüsusi şərtləri müəyyən edilmişdir;

- yalnız hərbi qulluqçulara tətbiq edilməli olan xüsusi məsuliyyət tədbirləri müəyyən edilmişdir.

Bütün hərbi qulluqçular rütbələrindən və vəzifələrindən asılı olmayaraq qanun qarşısında bərabərdirlər və onlar:

- hərbi intizamın və ictimai asayişin pozulması ilə bağlı nalayiq hərəkətlərə, eləcə də əxlaq qaydalarına zidd hərəkətlərə görə - ictimai təsir tədbirlərinə; 

- hərbi intizamı pozduqlarına görə - Azərbaycan Respublikası Silahlı Qüvvələrinin İntizam Nizamnaməsində müəyyən edilmiş qaydada intizam məsuliyyətinə; 

- inzibati xətalara görə - Azərbaycan Respublikasının inzibati qanunvericiliklə müəyyən edilmiş ümumi əsaslarla inzibati məsuliyyətə və ya Azərbaycan Respublikası Silahlı Qüvvələrinin İntizam Nizamnaməsində müəyyən edilmiş qaydada intizam məsuliyyətinə; 

- mülki qanunvericiliklə nəzərdə tutulmuş öhdəliklərin yerinə yetirilməməsinə görə və ya hərbi xidmət vəzifələrini icra etmədikləri vaxt dövlətə və vətəndaşlara vurduqları ziyana görə - mülki-hüquqi məsuliyyətə; 

- hərbi xidməti yerinə yetirərkən, dövlətə vurduqları maddi ziyana görə - "Hərbi qulluqçuların dövlətə vurduqları ziyana görə maddi məsuliyyəti haqqında" Əsasnaməyə müvafiq olaraq maddi məsuliyyətə; 

- cinayət törətdiklərinə görə - cinayət məsuliyyətinə cəlb oluna bilərlər. 

Hərbi qulluqçu ezamiyyətdə, məzuniyyətdə, tibb müəssisəsində müalicə zamanı və digər hallarda törətdiyi nalayiq hərəkətlərə görə böyük rəislərdən aldığı intizam cəzası barədə daimi xidmət yerinə qayıdan kimi özünün bilavasitə rəisinə məlumat verməlidir, əks təqdirdə o, bu iş üçün inzibati məsuliyyət daşıyır. 

Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi intizam hərbi qulluqçuların şüurluluğuna, vətənpərvərlik borclarını dərindən dərk etmələrinə və Vətənə sonsuz məhəbbət bəsləmələrinə əsaslanır. Lakin bunlar öz hərbi borcuna etinasız yanaşan hərbi qulluqçulara məcburiyyət tədbirlərinin tətbiqini istisna etmir.

Hərbi hissələrdə şəxsi heyətin hüquqi tərbiyəsi məqsədi ilə hüquq hazırlığı keçirilir və Azərbaycan Respublikasının qanunları, hərbi qanunvericilik aktlarının tələbləri haqqında ətraflı məlumatlar verilir. Aparılan ciddi hüquqi-profilaktik tədbirlər nəticəsində cinayət və hadisələrin sayı qat-qat azalmışdır. Bütün bunlar isə ordunun döyüş qabiliyyətinin və döyüş hazırlığının yüksəldilməsi, hərbi hissələrin döyüş tapşırıqlarını müvəffəqiyyətlə yerinə yetirməsi üçün ən vacib amillərdəndir.

 

Müdafiə Nazirliyi Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsi