Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

31 Oktyabr 2018 10:29

“Artilleriyaçı olmaq böyük məsuliyyət tələb edir”

Ölkəmizdə aparılan hərbi islahatlar nəticəsində hərbi təlim, döyüş hazırlığı özünün bütün parametrləri ilə daha çox əhəmiyyət daşımaqla xüsusi diqqət mərkəzində dayanır. Azərbaycan əsgərinin formalaşdırılması, onun bir döyüşçü kimi yetişdirilməsinin ağırlıq mərkəzi məhz döyüş hazırlığının üzərinə düşür. Bu vəzifənin yerinə yetirilməsində Azərbaycan Ordusunun hazırlıqlı kadr heyəti əsas vasitələrdən biri olaraq həlledici rol oynayır. Təcrübələr onu göstərir ki, döyüş səhnəsində hazırlıqlı hərbi qulluqçu daha çox əhəmiyyət daşıyır. Əsgərlərin istər fiziki, istərsə də mənəvi cəhətdən inkişaf etməsində, hərbi qulluqçu kimi Vətənin müdafiəsinə hazırlanmasında təlimlər, keçirilən məşqlər, döyüş hazırlığı dərsləri xüsusi rol oynayır.

Xüsusi hazırlıq vasitəsilə əsgərlər taktiki hazırlıq, atəş hazırlığı, topoqrafiya, kütləvi qırğın silahları və təbii fəlakətlərin dağıdıcı amillərinin fəsadlarından mühafizə və ilk tibbi yardım üzrə bilik, bacarıq və vərdişlərə yiyələnirlər. Bu sahədə əldə edilmiş bacarıqlar əsgərlərə döyüş zamanı vəziyyətdən çıxış üçün düzgün qərar qəbul etmək imkanı yaradır.

Bu fikirləri "N" hərbi hissəsinin artilleriya divizion komandirinin şəxsi heyətlə iş üzrə müavini mayor Firudin Mikayılovla müzakirə edə-edə bölmənin döyüş hazırlığı məşğələsi ilə məşğul olan şəxsi heyətinə yaxınlaşırıq. Artilleriyaçılar dərs cədvəlinə uyğun olaraq müxtəlif döyüş tapşırıqlarını məşq edirdilər. 

- Dərs kiçik bir döyüş mühitidir, uzun olmayan təlim şəraitidir. Əsgərlər bu prosesdə öyrənməklə yanaşı, həm də müəyyən təcrübələrə yiyələnirlər. Təlimin, keçirilən döyüş hazırlığı dərslərinin əsgərlərin formalaşmasında əhəmiyyəti böyükdür. Onlar dəqiqlik, konkretlik, çeviklik, intizamlılıq, dözümlülük kimi yüksək dəyərləri daha çox məşq prosesində əldə edə bilirlər, - deyə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Niyaməddin Hüseynzadə bizimlə söhbətində bildirdi.

- Cəbhəboyu zonada yerləşən hərbi hissənin minaatan bölmələrinin döyüşə hazırlıq səviyyəsi yoxlanılır, - deyə kapitan Mirdamət Seyidov söhbətə başladı. - Dağ-meşəlik və  düzənlik ərazilərdə  keçirilən praktiki məşqlərə cəlb olunan şəxsi heyət  60 millimetrlik minaatan komplekslərindən  şərti düşmənin yüngül zirehli texnikası,  canlı qüvvəsi və atəş nöqtələrini imitasiya edən, eləcə də təbii maneələrin arxasında yerləşən və müşahidə edilməyən digər hədəfləri məhv etmək tapşırıqlarını yerinə yetirir. Keçirilən məşqlərdə bölmələrin döyüş və səfər düzülüşü, hədəflərin təyin edilməsi, atış yerinin seçilməsi, mövqeyin dəyişdirilməsi və xüsusi hazırlıq üzrə normativlər icra edilir. Bu təlimlərin əsas məqsədi əsgərlərin vərdişlərinin təkmilləşdirilməsindən, eləcə də ağır şəraitdə aparılan müasir döyüş hazırlığının səviyyəsinin artırılmasından ibarətdir.

Salyan rayonundan hərbi xidmətə çağırılan əsgər Kamran Hüseynov artilleriya bölməsində xidmət edir. Keçirilən dərslərin hesabına vacib artilleriya silahı olan minaatanın taktiki-texniki xüsusiyyətlərini yüksək səviyyədə mənimsəyib: "Hücuma hazırlıq zamanı artilleriyadan açılan sərrast atəş döyüşün taleyini həll edir. Ona görə də bizlər bütün silahların, xüsusən də minaatanın taktiki-texniki xüsusiyyətlərini dərindən öyrənməliyik. Bu işdə dəqiqlik xüsusi əhəmiyyət daşıyır. Gördüyünüz silah imkan verir ki, dəqiqliyə əməl etməklə dərinlikdə yerləşən düşmənin canlı qüvvəsini, istehkam qurğularını məhv edə bilək. Bizim əsas vəzifəmiz hərbi əməliyyatların aparılması zamanı piyada qüvvələrini atəş dəstəyi ilə təmin etməkdir. Piyada qüvvələrinə yardım etmək üçün onların bizə verdiyi hədəfləri sıradan çıxarmalıyıq. Əsgər kimi bu hərbi texnika ilə necə davranmağın sirlərini yaxından öyrənir, özümüzü ən ağır artilleriya döyüşlərinə hazırlamağa çalışırıq. Komandirlər mütəmadi olaraq məşğələlər keçirir, dərslər bilavasitə atəş mövqeyində aparılır. Minaatan da digər artilleriya silahları kimi genişmiqyaslı döyüş əməliyyatlarının taleyini müəyyən edən bir silahdır. Əsgərlərimiz dəqiq koordinatlar əsasında minaatanla zərbə endirmək qabiliyyətinə malikdirlər".

Əsgər Fərhad Abdulsalamov hesab edir ki, qısa müddətdə yetkin heyət nəfəri kimi formalaşıb: "Mənim əsas vəzifəm bölmənin baş zabitindən aldığım tapşırıqları yerinə yetirməkdir. Belə ki, minaatanı vaxtında döyüşə hazırlamaq, heyəti döyüşə hazır vəziyyətə gətirmək, lazımi istiqamətlərə atəş açaraq verilmiş tapşırıqları yerinə yetirmək əzmindəyik".

Əsgər Mais Paşayev bildirdi ki, artilleriyaçı olmaq böyük məsuliyyət tələb edir: "Artilleriya döyüşün gedişinə əsas təsir göstərən hərbi vasitədir. Burada müxtəlif artilleriya qurğularının taktiki-texniki xüsusiyyətlərinə yiyələnmişəm. Aprel və Günnüt döyüşlərinin davamı gələrsə, sözsüz ki, sərrast atəşlərimizlə düşməni məhv edəcəyimizə əminik".

 

Məhəmməd ƏLİYEV, "Azərbaycan Ordusu",

foto Coşqun CƏFƏROVUNDUR