Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

31 Oktyabr 2018 10:24

“Vətən sevgisindən güc alırıq biz!”

Ön xətdə yerləşən "N" hərbi hissəsində Vətənin müdafiəsi uğrunda mübariz, əzmli, qorxmaz və ayıq-sayıq olan, düşmənin bir addımlığında xidmət edən əsgərlərimizin yanındayıq. İlk həmsöhbətim gizir Şəhriyar Əsgərovdur. "Vəzifələrin içərisində ən müqəddəsi Vətəni, torpağı qorumaqdır. Hərbi xidmətin insanın həyatında oynadığı rol çox böyükdür. Konstitusiyamızda da dövlətin mənafeyini qorumaq, nüfuzunun möhkəmlənməsinə xidmət etmək Azərbaycan vətəndaşlarının vəzifəsi kimi aydın göstərilib", - Şəhriyar deyir.

Vətən sevgisinin nədən qaynaqlandığını soruşuram. 

- Kürdəmir rayonunda doğulub boya-başa çatsam da, həmişə Qarabağı, işğalda olan doğma yurdumuzu düşünmüşəm. Hərbi xidmətə marağım kiçik yaşlarımdan yaranıb. Atam daim bizə vətənpərvərlik duyğuları aşılayırdı. Qarabağdan, ermənilərin burada törətdikləri qırğınlardan söz açanda, hərbi mundir geyinib ordu sıralarına qatılmaq və əlimdə silah ana Vətənin keşiyində dayanmaq istəyirdim. Məhz həmin amal, həmin istək məni hərb həyatına bağladı. 

Gizir hazırlığı kursuna qəbul olanda atama dedim ki, inşallah, təyinatım döyüş postuna olar. Bura təyin olunanda atam çox qürurlanmışdı. Səngərdə xidmət etmək ən böyük arzum olub. Bu gün fəxr edirəm ki, xidmət etdiyim hərbi hissə cəbhə bölgəsində yerləşir. Bu bizim məsuliyyətimizi daha da artırır. Mən və xidmət yoldaşlarım səngərdə həmişə ayıq-sayıq dayanmağa, düşmənin hər bir hərəkətini izləməyə çalışırıq. Hiss olunur ki, düşmən aprel döyüşlərindən sonra hələ də qorxu içindədir, özünə gələ bilməyib. Onlar gözəl bilirlər ki, sülh yolu ilə torpaqlarımızı geri qaytarmasalar, cəsur əsgərlərə malik şanlı Azərbaycan Ordusu Ali Baş Komandanın əmri ilə əcdadlarımızdan miras qalan Vətən torpaqlarını hərb yolu ilə tezliklə geri qaytaracaq, - deyə gizir Əsgərov cavab verir.

Gizir Ş.Əsgərovla söhbətdən sonra Vətənin keşiyində dayanan belə igid, cəsur  gənclərimizlə fəxr edirəm və Prezident, Ali Baş Komandan İlham Əliyevin sözlərini xatırlayıram: "Ordumuzda xidmət edənlərin əksəriyyəti gənclərdir. Mən çox şadam ki, gənclərimiz milli ruhda, vətənpərvərlik ruhunda tərbiyə alırlar. Gənclərimiz bizim ümidimizdir. Gələcəkdə ölkəmizi onlar idarə edəcəklər. Mən çox şadam ki, orduda xidmət edən gənclər Vətənə bağlı olan insanlardır." 

Döyüş növbəsini təhvil verən əsgərlərlə söhbətləşirik. Onların qətiyyətli sözləri, məğrur duruşları Ali Baş Komandanın gənclərimiz haqqında dediklərini bir daha təsdiq edir.  Hər birinin Vətənə bağlı, ürəkləri Vətən sevgisi ilə döyünən oğullar olduğunun şahidi oluruq. İlk olaraq əsgər Elşad Mehdizadə söhbətə başlayır: 

"Əsgəri xidmət hər birimizin övladlıq borcudur. Qoynunda böyüyüb boya-başa çatdığımız Vətənimizə xidmət etmək hər birimizin vətəndaşlıq borcudur. Havasından, suyundan qidalandığımız Vətən bu gün bizdən hünər gözləyir. Əsgəri xidmət böyük məktəbdir. Bu məktəbdə möhkəm dostlar əldə edirsən, dözümlülük, mərdlik, mətinlik qazanırsan. Əsgər olmaq, torpaqlarımızın keşiyində durmaq şərəflidirsə, döyüş postunda, səngərdə xidmət etmək ikiqat şərəflidir. Hərbi formanı geyindiyim ilk gündən arzum döyüş postunda xidmət etmək olub. Keçirilən məşğələlərdə daha məsuliyyətli və aktiv iştirak edirəm ki, bacarıqlı əsgər kimi formalaşım. Silahımın taktiki-texniki xüsusiyyətlərini, ondan düzgün istifadə etmək qaydalarını, sərrast nişan almağı mükəmməl öyrənmişəm. İstənilən an düşməni məhv etməyə hazıram. Vətənə bağlılığım və düşmənə olan nifrətim döyüş ruhumu artırır, növbətçilik zamanı ayıq-sayıq xidmət aparmağıma müsbət təsir göstərir. Daim çalışıram ki, nümunəvi xidmətimlə həm ailəmin, həm də komadirlərimin başını uca edim. Heç nədən korluq çəkmirik. Hər cür şəraitlə təmin olunmuşuq. Ali Baş Komandanımızın əmri ilə torpaqlarımızı işğaldan azad edib, Qarabağımızda keçiriləcək möhtəşəm paradda nizami addımlarla tribuna önündən keçəcəyimiz günü səbirsizliklə gözləyirik".

Əsgərin sözləri mənə Bakının Qafqaz İslam Ordusu tərəfindən bolşevik-daşnak qüvvələrindən azad edilməsinin 100 illiyi münasibətilə keçirilən hərbi paradı xatırladır. Həmin gün düşüncələrim bir arzuya köklənmişdi. Qarabağın işğaldan azad olunmasının 10, 20... illik yubileylerini qeyd edəcəyimiz günləri xəyal etmişdim. Ordumuzda xidmət edən belə mərd oğulları tanıdıqca həmin düşüncələrin reallaşacağına əminliyim bir daha artır. Döyüş qabiliyyəti ilə yanaşı, hər əsgərin mənəvi-psixoloji hazırlığının yüksək olması, Vətən sevgisi ayrıca silahdır. Artıq hər kəs bilir ki, bu cür mənəvi keyfiyyətləri özlərində cəmləşdirən şəxsi heyətə malik ordumuz yenilməzdir və istənilən hərbi əməliyyatı yerinə yetirməyə qadirdir.

Xalqın güvənc yeri olan Vətən oğullarından daha biri fikirlərini bölüşür. Əsgər Pərviz Qurbanov hərbi xidmətə Quba rayonundan çağırılıb. O, hərbi xidmətin ona qazandırdığı keyfiyyətlərdən danışır: 

- Əsgəri xidmətim məndə Vətənə bağlılıq, vətənpərvərlik hissləri aşılamaqla yanaşı, mətinlik, dözümlülük, qorxmazlıq formalaşdırdı, Vətən sevgisinin nə demək olduğunu öyrətdi, düşmənə nifrət hissimi artırdı. Artıq qarşıda dayanan düşmənin vəhşiliyinə yaxşı bələdəm. Burada hərbi biliklərə yiyələndim, fiziki və mənəvi-psixoloji cəhətdən formalaşdım. Silahımın xüsusiyyətlərini yaxşı öyrənib atıcılıq vərdişləri qazandım. Qəhrəman oğulların canı bahasına bizə əmanət edilən bu torpaqların hər qarışı üçün son damla qanıma qədər döyüşməyə hazıram. Vətənpərvər əsgər kimi formalaşmağımda komandirlərimə minnətdarlığımı bildirirəm.

Pərvizin sözləri hərbi xidmətin gənclərin həyatında vacib rol oynadığını bir daha təsdiqləyir. 

Əsgər Kamran Mamedov  digər əsgər yoldaşları kimi Vətən sevgisindən güc aldığını bildirir: 

- Vətən sevgisi insanın qəlbinə hakim kəsilən, özündən asılı olmadan yaranan bir ümmandır. Bu sevgi insanı ucaldan ən ülvi hissdir. Vətəni sevmək və bu sevgi uğrunda canından belə keçməyə hazır olmaq isə hər bir vicdanlı Vətən övladının borcudur. Bu vəzifənin öhdəsindən layiqincə gəlmək hər birimizin arzusudur. Artıq bu gün mən hazırlıqlı əsgər kimi səngərdə dayanmışam. Ön xətdə xidmət etmək ikiqat məsuliyyətlidir. Valideynlərim də fərəhlənirlər ki, oğulları Vətən qarşısında borcunu layiqincə yerinə yetirir, ön xətdə xidmət etməyinin qürurunu yaşayırlar. Xidmətə gəlməmişdən öncə qohum-əqrəbada hərbi xidmətdən qayıdanlarla söhbətlərim yadıma düşür. Xatirələri bitib tükənmirdi. Bəzən yarı zarafat deyirdim ki, ilyarım hərbi xidmətdə olmusan, amma bir ömür əsgərlikdən danışırsan. İndi anlayıram ki, hərbi xidmət illəri o qədər dolğun, o qədər mənalı, o qədər maraqlı keçir ki, həvəslə, fəxrlə danışmağa bir ömürlük sözün var. Yeni dostlar qazanırsan, şəxsi məsuliyyət hissinin nə demək olduğunu anlayırsan.

Həmsöhbətlərimin əsgər adını daşımaqdan, torpaqlarımızın keşiyində dayanmaqdan qürur duyduqlarının şahidi olduqca, bir daha əmin oluruq ki, Azərbaycan Ordusunun vətənpərvər, qorxmaz, cəsur, Vətən uğrunda hər an döyüşə atılmağa hazır olan şəxsi heyəti var. Qətiyyətlə deyə bilirik ki, mövqelərimiz əmin əllərdədir və göz bəbəyi kimi qorunur. 

 

Samir HÜSEYNOV, "Azərbaycan Ordusu",

fotolar Coşqun CƏFƏROVUNDUR