Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

27 Oktyabr 2018 10:37

Naxçıvan Qarnizonundan xəbərlər

Əlahiddə Ümumqoşun Orduda bütün növ silah və texnikanın istismarının qış mövsümünə keçidi aparılıb. Silah və texnikanın qış aylarında fasiləsiz və dayanıqlı istismarını təmin etmək məqsədilə Əlahiddə Ümumqoşun Ordunun birləşmə və hissələri mərkəzləşdirilmiş qaydada yanacaq-sürtkü materialları, digər zəruri ehtiyat hissələri və avadanlıqlarla təmin edilib. Bütün növ silah və texnikalara texniki qulluq göstərilib. Bu zaman texnikaların yanacaq-sürtkü materialları və filtrləri dəyişdirilib, hissə və mexanizmlərə planlı şəkildə qulluq göstərilib, elektrik və hidravlik sistemləri yoxlanılıb. Tankların və döyüş maşınlarının hərəkət hissəsinə, döyüş və güc bölmələrinə xüsusi qulluq göstərilib, bütün hərəkət hissələri yağlanıb, tırtıllar tarımlanıb, mühərriklərə yağ əlavə olunub, zərurət olanların isə yağı dəyişdirilib. Bütün fəaliyyətlər başa çatdıqdan sonra silah və hərbi texnikanın hər bir nümunəsinin təhlili aparılaraq nəticələr qiymətləndirilib.

* * *

Heydər Əliyev adına Hərbi Liseydə təhsil almaq üçün müraciət edən namizədlər liseydəki təlim-tədris şəraiti ilə tanış olublar. Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Əlahiddə Ümumqoşun Ordunun birgə tədbirlər planına əsasən, razılaşdırılmış qrafikə uyğun olaraq keçirilən tədbirdə bu dəfə Naxçıvan şəhərində fəaliyyət göstərən tam orta məktəblərin şagirdləri və hərbi rəhbərləri iştirak ediblər. Məktəblilərin Hərbi liseylə tanışlıq prosesi həftədə bir dəfə olmaqla dekabrın 14-dək davam edəcək.

* * *

Naxçıvan Qarnizonu üzrə hərbi qulluqçular arasında yüngül atletika birinciliyi keçirilib. "Vətənə, xalqa və dövlətə xidmət ömrümüzün mənasıdır" devizi altında təşkil olunan birincilikdə 16 komanda mübarizə aparıb. Hərbi qulluqçuların sürət, çeviklik və dözümlülüyünü yoxlamaq, güclü idmançı və komandaları müəyyən etmək məqsədilə keçirilən birincilikdə 220 idmançı yarışıb. Atletlər Naxçıvan Ordu İdman Klubunun idman şəhərciyində 100, 1000 və 3000 metr məsafəyə qaçış, 400 metr məsafəyə estafet qaçışı, hündürlüyə və uzunluğa tullanma yarışlarında güclərini sınayıblar. Ümumi nəticələrə əsasən yarışların qalibi Heydər Əliyev adına Hərbi Liseyin kursantları olub. Komanda hesabında ikinci yerdə xüsusi təyinatlılar, üçüncü yerdə isə Daxili Qoşunların "Naxçıvan" Əlahiddə Əməliyyat Briqadasının atletləri qərarlaşıb. Əlahiddə Ümumqoşun Ordunun zabiti Vahid Məmmədovun rəhbərlik etdiyi yarışlarda fərdi hesabda 100 metr məsafəyə qaçış üzrə əsgər Rahib Cəfərov, 400 metr məsafəyə estafet qaçışı üzrə kiçik çavuş Azadi Rzayev, 1000 metr məsafəyə qaçış üzrə kursant Vüsal Fərəcov, 3000 metr məsafəyə qaçış üzrə əsgər Nəcəfqulu Hüseynov, hündürlüyə tullanma üzrə gizir Siracət Rüstəmov və uzunluğa tullanma üzrə Rəşid İbrahimov birinci yerin sahibi olublar. İlk üçlükdə qərarlaşan hərbi qulluqçu və komandalar Əlahiddə Ümumqoşun Ordu Komandanlığı tərəfindən diplom və fəxri fərmanlarla təltif ediliblər.

Nəriman NƏCƏFOV, "N" hərbi hissəsi