Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

27 Oktyabr 2018 10:36

“Qarabağ” instrumental ansamblı Hərbi liseydə

Azərbaycanın Dövlət Müstəqilliyi günü münasibətilə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin akt zalında C.Naxçıvanski adına Hərbi Liseyin kursantlarına hərbi vətənpərvərlik hissinin aşılanması, milli-mənəvi dəyərlərin təbliği məqsədilə bayram tədbiri keçirildi.
Əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin və torpaqlarımızın suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olan soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Azərbaycan Respublikasının Dövlət himni səsləndirildi.
Tədbiri giriş sözü ilə açan Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqəlar İdarəsinin zabiti polkovnik-leytenant Əfqan Əliyev iştirakçıları salamlayaraq dövlət müstəqilliyimizin bərpasının 27-ci ildönümü münasibəti ilə hərbi liseyin zabit və kursant heyətini təbrik etdi. Zabit Azərbaycanın dövlət müstəqilliyini əldə etməsindən, müstəqillik dönəmində milli ordumuzun formalaşması prosesindən, ölkəmizin təhlükəsizliyi və müdafiəsinin təminində Azərbaycan Ordusunun müstəsna rolundan geniş məlumat verdi. "Xalqımızın tarix boyu azadlıq uğrunda fədakarcasına apardığı mübarizələrin nəticəsi bugünkü müstəqil Azərbaycan Respublikasıdır. Əldə olunmuş uğurlar həm daxili, həm də xarici düşmənlərimizin hesabına itirilmək təhlükəsi ilə üz-üzə qaldıqda xalqımızın ümummilli lideri Heydər Əliyevin hakimiyyətə yenidən qayıdışı müstəqilliyimizə yeni nəfəs verdi. Azərbaycan Respublikasının suverenliyinin qorunub saxlanılmasında ümummilli lider Heydər Əliyevin xidmətləri əvəzsizdir. Ulu Öndər tərəfindən əsası qoyulmuş müdrik siyasətin layiqli davamçısı Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin böyük səyləri nəticəsində dövlətimiz daha da güclənərək beynəlxalq birliyin layiqli üzvünə, regionun qüdrətli və lider dövlətinə çevrilib. Bu gün Milli Ordumuz müstəqil Azərbaycan dövlətinin ən böyük dayağı, xalqımızın təhlükəsizliyinin və dövlətimizin ərazi bütövlüyünün təminatçısıdır."
Tədbir Əməkdar artist Feyruz Səxavətin rəhbərlik etdiyi "Qarabağ" instrumental ansamblının rəngarəng çıxışları ilə sona çatdı.

Orxan HÜSEYNLİ,
"Azərbaycan Ordusu"