Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

27 Oktyabr 2018 10:33

“O, Vətənini ən ülvi hisslə sevirdi”

Oktyabrın 24-də Suraxanı rayonundakı Heydər Əliyev Mərkəzində, Suraxanı rayon İcra Hakimiyyəti və Veteran Tankçılar Birliyinin birgə təşkilatçılığı ilə "Azərbaycan Bayrağı" ordenli, şəhid baş leytenant Əhməd Suliddin oğlu Möhbalıyevin  anadan olmasının 50 illik yubileyinə həsr olunmuş anım mərasimi keçirildi.
Tədbirdə şəhidin ailə üzvləri, döyüş yoldaşları, ictimaiyyət nümayəndələri və məktəblilər iştirak edirdilər. İştirakçılar tərəfindən əvvəlcə ümummilli lider Heydər Əliyevin büstü önünə əklil qoyuldu. Azərbaycan Respublikasının Dövlət himni səsləndirildi. Tədbirin rəsmi hissəsi Azərbaycanın suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı.
Çıxış edən tədqiqatçı-jurnalist, "Azərbaycan Ordusu" qəzetinin müxbiri Lalə Hüseynova Azərbaycan Ordusunun birinci tank taborunun tərkibində Laçın, Qubadlı, Kəlbəcər, Şuşa, Ağdam, Tərtər bölgələrində gedən ağır döyüşlərdə qəhrəmancasına vuruşan şəhid Əhməd Möhbalıyevin döyüş yolundan söz açdı. "Əhməd Naxçıvan Muxtar Respublikasının Kəngərli rayon Qıvraq qəsəbəsində anadan olub.
O, hələ uşaq yaşlarından hərbçi olmaq, zabit mundiri geyinmək arzusunda olub. Elə bu arzu da onu Cəmşid Naxçıvanski adına Hərbi Məktəbə gətirib. Daha sonra təhsilini Kazan Ali Tank Qoşunları Məktəbində davam etdirib. Kiyev və Moskvada tank qoşunları diviziyasında xidmət edib. Qarabağ müharibəsi başlayanda, Sovet Ordusunda xidmət edən digər azərbaycanlı zabitlərimiz kimi, Əhməd də doğma torpaqların müdafiəsində dayanmaq üçün Vətənə dönüb, Azərbaycan Milli Ordusunda baş leytenant kimi xidmətə başlayıb. Peşəkar zabit kimi çoxlu sayda əsgər yetişdirib. Qızğın döyüşlər zamanı öz təkidi ilə ön cəbhəyə yollanıb. Təcrübəli tankçı kimi torpaqlarımızın müdafiəsi uğrunda qəhrəmancasına vuruşub. Saysız erməni tankını sıradan çıxarıb. Mahir tankçı 1993-cü il iyunun 26-da Ağdamın Qızıllı-Kəngərli kəndlərinin müdafiəsi uğrunda düşmənlə ölüm-dirim savaşına girib. Həmişə olduğu kimi, yenə idarə etdiyi tankı ilə öndə vuruşan Əhməd qəhrəmancasına şəhid olub. Bakıda Şəhidlər  xiyabanında dəfn olunub.
Əhməd Möhbalıyev 1989-cu ildə leytenant, 1991-ci ildə baş leytenant rütbəsi alıb. 1994-cü ildə "Azərbaycan  Bayrağı" ordeninə layiq görülüb. Suraxanı rayonundakı mərkəzi küçələrdən biri onun adını daşıyır."
Şuşa rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov bildirdi ki, torpaqlarımızın qorunması, Vətənimizin müdafiəsi uğrunda canından, qanından keçərək şəhidlik zirvəsinə ucalanların xatirəsini daim yüksək tutmaq, onları gəncliyə nümunə göstərmək hər kəsin vətəndaşlıq borcudur. "Bu mövzuda danışmaq qürurverici və bir o qədər də çətindir.  Şəhidlik elə bir uca zirvədir ki, ana Vətən uğrunda canını qurban verib bu zirvəyə yüksələn soydaşlarımız  bizim aramızda olmasa da, ürəklərimizdə hər zaman yaşayırlar. Bu gün ölkəmizdə vətənpərvərliyin təbliği işi uğurla aparılır.  Müasir yeniyetmə və gənclərimiz Vətənimizi sevib, onun uğrunda canından keçən şəhidlərimizi heç vaxt unutmur, onlarla daim fəxr edirlər. Hər biri şəhidlərimizin qısa, lakin  şərəfli ömür yolunu daim özlərinə örnək bilərək, qəhrəmanlığı onlardan öyrənirlər. Ulu öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bu gün dünya miqyasında seçilən ölkələr sırasında yer alır. Müstəqilliyimizi, ərazi bütövlüyümüzü qorumağa qadir olan müzəffər orduya sahibik və əminliklə deyə bilərik ki, tez bir zamanda əzəli və əbədi ata-baba yurdlarımıza qayıdacağıq. Üçrəngli bayrağımız Qarabağda Şuşada, Xankəndidə dalğalananda, Əhməd kimi Vətən uğrunda son damla qanına qədər vuruşaraq şəhid olan igid oğullarımızın ruhları rahatlıq tapacaq".
Anım mərasimində şəhidin döyüş yoldaşları adından çıxış edən, vaxtilə Ə.Möhbalıyevin komandiri olmuş ehtiyatda olan kapitan Hacı Əzimov onun qəhrəmanlıqla dolu döyüş yolundan, peşəkarlığından və vətənpərvərliyindən bəhs etdi. O qeyd etdi ki, Əhməd kimi peşəkar zabitlər o zaman yenicə yaranmaqda olan Azərbaycan Ordusunda çox az idi. "Əhməd tank qoşunları üzrə təhsil alan ilk kadr zabitlərindən olub. Baş leytenant kimi Milli Ordumuzda xidmətə başlayan Əhməd heç vaxt tapşırıqdan boş qayıtmaz, mahir tankçı kimi tanınardı. Özünün cəsurluğu, çevikliyi, yüksək fiziki və taktiki hazırlığı ilə şəxsi heyət arasında seçilirdi. Ən çətin əməliyyatlarda öndə gedirdi. Yoldaşlıqda, dostluqda əvəzsiz bir insan idi. Onun adı qəlbimizdə daim yaşayır. Hər birimiz  onun və şəhid olan bütün döyüşçülərimizin xatirəsini daim əziz tutur, onların məzarlarını tez-tez ziyarət edirik. Əhməd kimi oğulların şərəfli ömür yolu Azərbaycan Ordusunun şəxsi heyətinə hər zaman nümunədir, Allah bütün şəhidlərimizə rəhmət eləsin".
Zabit, həmçinin xəstəxanaya zabit yoldaşına baş çəkməyə gələn Əhmədin də yaralı olduğunu görən  həkimlə arasında baş tutan dialoqu da tədbir iştirakçılarının nəzərinə çatdırdı. "Əhməd Möhbalıyevin yarasını təmizləyərək sarıyan həkim ona deyir ki,  siz həkim nəzarətində olmalısınız, bu yaralar ayaqüstə sağalan deyil. Əhməd "yaram boş şeydi, təki Vətənin yarası sağalsın, mənim yaralarım, bax, onda özü sağalacaq", - deyərək yenidən ön xəttə yollanır. Elə axırıncı döyüşdə də ağır yaralandı, lakin döyüşdən çıxmadı, son damla qanına kimi vuruşdu və şəhid oldu".
Tədbirdə "Azərbaycan Bayrağı" ordenli şəhid Əhməd Möhbalıyevin timsalında şəhid olan oğullarımıza həsr olunmuş mahnı səsləndirildi. "Dədə Qorqud" Milli Fondu tərəfindən Əhməd Möhbalıyevə "Həzi Aslanov" ordeni (ölümündən sonra), həyat yoldaşına isə "Mehriban ana" ordeni təqdim edildi. Tədbirin təşkili və ərsəyə gəlməsində zəhməti keçən şəxslər diplom və plaketlərlə mükafatlandırıldılar.
Sonda ailə üzvləri adından çıxış edən şəhidin qardaşı Xaliq Möhbalıyev tədbirin təşkilatçılarına və iştirakçılarına dərin minnətdarlığını bildirdi. O qeyd etdi ki, azadlığı, müstəqilliyi, babalardan miras qalan, torpağı uğrunda şəhidlər verən xalq xoşbəxt xalqdır. "Bu mənada xalqımızın qürur hissi keçirməyə, başını uca tutmağa tam mənəvi haqqı çatır. 1990-cı ilin 20 Yanvar gecəsində, Dağlıq Qarabağ uğrunda gedən döyüşlərdə, aprel və Günnüt zəfərlərində xalqımızın yüzlərcə igid övladı uca şəhidlik zirvəsinə yüksəlib. Həmin zirvələrdə adı hallanan mərd oğullar sırasında ailəmizin üzvünün də olması hər birimiz üçün qürur mənbəyidir. Biz Əhmədi çox görməmişdik. On dörd yaşından öz istəyi ilə hərbi məktəbə gedib. Ancaq tətillərdə görürdük. Ön xətdə xidmət etdiyi zaman məzuniyyətə gələndə əvvəlcə Şəhidlər xiyabanına gedərdi, sonra evə. Bütün xalq onu sevdi. Qəhrəman kimi böyümüşdü, qəhrəman kimi də şəhidlik məqamına qovuşdu. Mən bir qardaş kimi Əhmədlə qürur duyuram. Düzdür, o, həyatda yoxdur, amma qürur duyuram ki, Vətən yolunda getdi, təki Vətən sağ olsun."
Şəhidin qardaşı ölkə səviyyəsində şəhid ailələrinə göstərilən diqqət və qayğıdan da söz açdı. "Bu gün Əhməd və digər şəhidlərin arzularının bir çoxu həyata keçib. Azərbaycan suverenliyini təmin edib, onların arzuladıqları müstəqil dövlətimiz qurulub. Prezident İlham Əliyevin qətiyyətli addımları nəticəsində ölkəmizin iqtisadi, hərbi gücü getdikcə artıb və artmaqdadır. Bu gün ölkənin hər yerində şəhidlərin əziz xatirəsinə dərin ehtiram bəslənildiyinin şahidiyik. Bakının ən uca yerində qərar tutan Şəhidlər xiyabanı dövlət tərəfindən yüksək səviyyədə abadlaşdırılıb və bütün azərbaycanlıların, Vətənimizi, xalqımızı sevən hər kəsin and, ziyarət yerinə çevrilib, onların xatirəsinə əbədi məşəl alovlanır. Belə yüksək diqqət və qayğıya görə şəhid ailələri adından ölkə başçısına dərin minnətdarlığımızı bildiririk."
Şəhidlik zirvəsi bütün yüksəkliklərdən ucada dayanan bir zirvədir. Bu zirvəyə qalxmaq yalnız müqəddəs amallar uğrunda çarpışan, Vətən və xalq yolunda canını fəda etməkdən çəkinməyən cəsarətli, ləyaqətli insanlara nəsib olur. Bu yüksəkliyə ucalan insanlar ölmürlər, əksinə, ölümləri ilə bir əbədilik qazanırlar. İllər ötüb, qərinələr dolaşsa da, şəhidlər heç vaxt unudulmur, həmişə minnətdarlıq duyğuları ilə yada salınır. Əhməd Möhbalıyev də xalqın qəhrəmanlıq salnaməsinə adını yazdıran mərd oğullardandır. Bu gün onunla təkcə ailə üzvləri yox, bütün xalq qürur duyur. Anım mərasimində iştirak edən digər ailə üzvləri kimi mən də qürurluyam, fərəh, həyəcan dolu qarışıq hisslər keçirirəm. Hər zaman şəhidlərimizlə fəxr etmişəm, lakin bu gün haqqında danışılan qəhrəmanın ailə üzvü olmaq ikiqat sevinclidir. Onun adı hər zaman ailəmizdə qürurla anılır, xatirəsi daim bizimlə yaşayır. Çıxışçılar Əhmədin Vətən sevgisindən danışanda düşüncələrimə sarılıb onun həyat yoldaşı Şəhla xanımın şəhidimizlə bağlı danışdığı xatirəsini xatırlayıram. "O, Vətənini ən ülvi hisslə sevirdi. Onunla son görüşümüz zamanı bunun bir daha şahidi oldum. Qızımız Firənginazın bir yaşı tamam olurdu. İyulun 11-də atası da gəldi, bir yaşını qeyd etdik. Qarabağda qızğın döyüşlərin davam etdiyini bildirərək üç gün sonra, iyunun 14-də yola düşməyə hazırlaşdı. Onu yolundan döndərməyə cəhd etdim,  bəlkə getməyəsən, deyərək onu saxlamaq istədim. O isə "yox, getməliyəm, uşaqlarım (əsgərlərini nəzərdə tuturdu. - M.M) məni gözləyir" dedi və getdi. Bu son görüşümüz oldu, 12 gün sonra iyunun 26-da şəhid oldu".
Könül misralarımızı titrədən bu duyğular, sinəmizi qabardan qürur, şəhidlərin xatirəsinə bəslənən ehtiram, adlarının hər yerdə anılması onun göstəricisidir ki, şəhidlərimiz ölməyiblər, ölümsüzləşiblər, sıralarımızda daim yaşayırlar.

Mahmud MÖHBALIYEV, "Azərbaycan Ordusu",
fotolar Coşqun CƏFƏROVUNDUR