Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

27 Oktyabr 2018 10:29

Azərbaycan Ordusunun şəxsi heyəti ilə keçirilən ictimai-siyasi hazırlıq dərsi

(İctimai-siyasi hazırlıq dərsinin qrup rəhbərinə dərsə hazırlaşmaq üçün kömək)

Mövzu: Azərbaycan Respublikası Konstitusiyası dövlətimizin siyasi-iqtisadi əsasları və dövlət hakimiyyəti haqqında. Dövlət institutları arasında Azərbaycan Ordusunun rolu və yeri.

İctimai-siyasi hazırlıq qrupunun rəhbərinə bu dərsə hazırlaşarkən Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan tarixinə dair tarixi və bədii ədəbiyyatdan istifadə etmək və mövzunu bölmənin gündəlik həyatı ilə bağlamaq tövsiyə olunur.

Suallar:
1. Azərbaycan Respublikasının Konstitusiyası dövlət hakimiyyəti haqqında.
2. Azərbaycan Respublikasının Konstitusiyası dövlətimizin siyasi-iqtisadi əsasları haqqında.
3. Dövlət institutları arasında Azərbaycan Ordusunun rolu və yeri.

Azərbaycan Respublikasının Konstitusiyası dövlət hakimiyyəti haqqında

Azərbaycan Respublikasının Konstitusiyası Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin sədrliyi ilə yeni konstitusiya layihəsi hazırlayan komissiya tərəfindən hazırlanmış, 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsində - referendum yolu ilə qəbul edilmiş və 1995-ci il noyabrın 27-dən qüvvəyə minmişdir. 2002-ci il avqustun 24-də, 2009-cu il martın 18-də və 2016-cı il sentyabrın 26-da keçirilən referendumlarda Azərbaycan Respublikasının Konstitusiyasına bir sıra dəyişikliklər edilmişdir.
Azərbaycan Respublikasının Konstitusiyasında dövlət hakimiyyəti haqqında aşağıdakı məqamlar açıqlanır:
- Azərbaycan Respublikasında dövlət hakimiyyətinin yeganə mənbəyi Azərbaycan xalqıdır. Azərbycan xalqı Azərbaycan Respublikası ərazisində yaşayan, Azərbaycan dövlətinə və onun qanunlarına tabe sayılan Azərbaycan Respublikası vətəndaşlarından ibarətdir;
- sərbəst və müstəqil qaydada öz müqəddəratını həll etmək və öz idarəetmə formasını müəyyən etmək Azərbaycan xalqının suveren hüququdur. Azərbaycan xalqı öz suveren hüququnu bilavasitə ümumxalq səsverməsi - referendum və ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, gizli və şəxsi səsvermə yolu ilə seçilmiş nümayəndələri vasitəsilə həyata keçirir;
- xalqın seçdiyi səlahiyyətli nümayəndələrindən başqa heç kəsin xalqı təmsil etmək, xalqın adından danışmaq və xalqın adından müraciət etmək hüququ yoxdur;
- Azərbaycan xalqı vahiddir. Azərbaycan xalqının vahidiyi Azərbaycan dövlətinin təməlini təşkil edir. Azərbaycan Respublikası bütün Azərbaycan Respublikası vətəndaşlarının ümumi və bölünməz Vətənidir. Azərbaycan xalqının heç bir hissəsi, sosial qrup, təşkilat və ya heç bir şəxs hakimiyyətin həyata keçirilməsi səlahiyyətini mənimsəyə bilməz. Hakimiyyətin mənimsənilməsi xalqa qarşı ən ağır cinayətdir;
- İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir.
Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini Azərbaycan Respublikasının Milli Məclisi həyata keçirir və 125 deputatdan ibarətdir. Azərbaycan Respublikası Milli Məclisinin deputatları majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Milli Məclisin hər çağırışının səlahiyyət müddəti 5 ildir.
Azərbaycan Respublikasının Konstitusiyasında aşağıdakı müddəalar açıqlanır:
- Qanunvericilik, icra və məhkəmə hakimiyyətləri qarşılıqlı fəaliyyət göstərir və öz səlahiyyətləri çərçivəsində müstəqildirlər;
- Azərbaycan dövlətinin başçısı Azərbaycan Respublikasının Prezidentidir. O, ölkəmizin daxilində və xarici münasibətlərində Azərbaycan dövlətini təmsil edir;
- Azərbaycan Respublikasının Prezidenti Azərbaycan xalqının vahidliyini təcəssüm etdirir və Azərbaycan dövlətçiliyinin varisliyini təmin edir;
- Azərbaycan Respublikası Prezidenti Azərbaycan dövlətinin müstəqilliyinin, ərazi bütövlüyünün və Azərbaycan Respublikasının tərəfdar çıxdığı müqavilələrə riayət olunmasının, məhkəmə hakimiyyətinin müstəqilliyinin təminatçısıdır;
- Azərbaycan Respublikasının ərazisi vahiddir, toxunulmazdır və bölünməzdir.

Azərbaycan Respublikasının Konstitusiyası dövlətimizin siyasi-iqtisadi əsas­la­­rı haqqında

Azərbaycan dövlətinin siyasi əsasları aşağıdakılardır:
Azərbaycan dövləti demokratik, hüquqi, dünyəvi, unitar respublikadır. Azərbaycan Respublikasında dövlət hakimiyyəti hakimiyyətlərin bölünməsi prinsipi əsasında təşkil edilir:
- qanunvericilik hakimiyyətini Azərbaycan Respublikasının Milli Məclisi həyata keçirir;
- icra hakimiyyəti Azərbaycan Respublikasının Prezidentinə mənsubdur;
- məhkəmə hakimiyyətini Azərbaycan Respublikasının məhkəmələri həyata keçirir.
- Qanunvericilik, icra və məhkəmə hakimiyyətləri qarşılıqlı fəaliyyət göstərir və öz səlahiyyətləri çərçivəsində müstəqildirlər;
- Azərbaycan dövlətinin başçısı Azərbaycan Respublikasının Prezidentidir. O, ölkəmizin daxilində və xarici münasibətlərində Azərbaycan dövlətini təmsil edir;
- Azərbaycan Respublikasının ərazisi vahiddir, toxunulmazdır və bölünməzdir. Azərbaycan Respublikasının daxili suları, Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsi, Azərbaycan Respublikasının üzərindəki hava məkanı Azərbaycan Respublikası ərazisinin tərkib hissəsidir;
Azərbaycan Respublikasının ərazisi özgəninkiləşdirilə bilməz. Azərbaycan Respublikası öz ərazisinin heç bir hissəsini heç bir şəkildə kimsəyə vermir; yalnız Milli Məclisin qərarı ilə Azərbaycanın bütün əhalisi arasında referendum keçirmək yolu ilə Azərbaycan xalqının iradəsi əsasında dövlət sərhədləri dəyişdirilə bilər.
Azərbaycan dövlətinin iqtisadi əsasları aşağıdakılardır:
- Azərbaycan Respublikasının mülkiyyəti toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Təbii ehtiyatlar hər hansı fiziki və hüquqi şəxslərin hüquqlarına və mənafelərinə xələl gətirmədən Azərbaycan Respublikasına mənsubdur;
- İqtisadiyyatın inkişafı müxtəlif mülkiyyət növlərinə əsaslanaraq, xalqın rifahının yüksəldilməsinə xidmət edir;
- Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısına qalır.

Dövlət institutları arasında Azərbaycan Ordusunun rolu və yeri

Azərbaycan öz dövlət müstəqilliyini əldə etdikdən sonra dövlət qurumlarının, o cümlədən Silahlı Qüvvələrin yaradılması zəruri oldu. Bu, həm də ölkəmizin erməni təcavüzünə qarşı mütəşəkkil şəkildə mübarizə aparması üçün lazım idi. Bir sözlə, Silahlı Qüvvələrin formalaşdırılması üçün hüquqi zəmin yaradılmasına ehtiyac var idi.
Azərbaycan Respublikasının keçmiş ali qanunverici orqanı olan Ali Sovet 9 oktyabr 1991-ci ildə "Azərbaycan Respublikası Silahlı Qüvvələri haqqında" qanun qəbul etdi və bununla ordunun yaradılması üçün hüquqi təməl yaradıldı. Bu qanun ölkəmizdə hərbi quruculuq prosesinin ilk qanunu idi. Həmin qanunun birinci maddəsində Silahlı Qüvvələrin vəzifələri müəyyən olunur və göstərilir ki, "Azərbaycan Respublikasının Silahlı Qüvvələri Azərbaycan Respublikasının suverenliyinin, ərazi bütövlüyünün, onun toxunulmazlığının və mənafeyinin silahlı müdafiəsinə, dövlətə silahlı hücumun qarşısının alınmasına, təcavüz olarsa, onun dəf edilməsinə xidmət edir".
Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan hərbi quruculuq prosesi ölkəmizdə bu gün də uğurla davam etdirilir və ordumuz inkişaf, təkmilləşmə dövrünü yaşayır. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, ordu quruculuğu dövlətimiz üçün ən başlıca məsələdir. Azərbaycan Ordusunun müdafiə qüdrətinin və döyüş qabiliyyətinin artırılması, maddi-texniki təchizatının yaxşılaşdırılması, o cümlədən, hərbi qulluqçuların sosial müdafiəsinin gücləndirilməsi bu siyasətin prioritet istiqamətlərindəndir.
Ölkəmizin təcavüzdən, silahlı hücumdan müdafiəsinin təmin edilməsi üçün Azərbaycan Ordusunda əsas diqqət qoşunların döyüşə hazırlıq və səfərbərlik tədbirlərinə yönəldilib. Müasir təhdidlərə, risklərə və çağırışlara cavab vermək məqsədilə qoşunların döyüş qabiliyyətinin artırılması istiqamətində hərtərəfli kompleks tədbirlər icra edilir.
2018-ci il orduda komandir hazırlığı və bütün səviyyədə olan komandirlərin real döyüş şəraitində qoşunların və silahların idarə edilməsi üzrə bacarıq və vərdişlərinin təkmilləşdirilməsi ili elan olunub.
Ordunun inkişafını müəyyən edən əsas amillərdən biri də şəxsi heyətin 80 faizinin müqavilə əsasında xidmət edən hərbi qulluqçularla komplektləşdirilməsi olub. Əsas döyüş təminatını müəyyən edən vəzifələrə ixtisaslı mütəxəssislərin və peşəkar hərbi qulluqçuların təyin edilməsi ordumuzun döyüş hazırlığının yüksəlməsinə müsbət təsir göstərib. Şəxsi heyətin təsərrüfat işlərindən azad olunmasını təmin etmək məqsədilə yardımçı təminat sahələrinə 21 min nəfərədək mülki işçi qəbul edilib. Bu, döyüş hazırlığının optimallaşdırılması istiqamətində atılan ən vacib addımlardandır.
Hərbçilərimiz regional və beynəlxalq səviyyədə keçirilən müxtəlif təyinatlı taktiki və kompüter dəstəkli irimiqyaslı təlimlərdə mütəmadi olaraq iştirak edirlər.
Cari ilin may ayında İzmir şəhərində keçirilən "Efes-2018" beynəlxalq təlimində və iyun ayında Qars şəhərində keçirilən Türkiyə-Azərbaycan birgə taktiki təlimində də hərbçilərimiz yüksək nəticələr əldə ediblər.
2018-ci il ərzində Almaniya, Böyük Britaniya, Türkiyə, Gürcüstan, Serbiya, Bolqarıstan, İrlandiya, Yunanıstan, Norveç və digər ölkələrdə keçirilmiş müxtəlif təlimlərdə hərbi qulluqçularımız qüvvə qismində və qərargah zabitləri səviyyəsində təmsil olunublar.
Rusiya, Belarus, Ukrayna kimi tərəfdaşlarımızla yanaşı, qardaş Türkiyə, o cümlədən İran, Pakistan, İsrail, Cənubi Afrika Respublikası və digər inkişaf etmiş dövlətlərlə qarşılıqlı əməkdaşlıqda hərbi imkanlarımız genişlənir. 
2016-cı ilin aprel ayında Ağdərə, Füzuli, Cəbrayıl istiqamətlərində və cari ilin may ayında Naxçıvanda həyata keçirilən əks-həmlə əməliyyatlarında qazanılan uğurlar Ali Baş Komandanın diqqət və qayğısı ilə orduda həyata keçirilən kompleks islahatlar nəticəsində mümkün olub.
Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə inkişafının ən yüksək səviyyəsinə çatan Azərbaycan Ordusu təchizat səviyyəsinə, döyüş hazırlığına, şəxsi heyətinin mənəvi keyfiyyətinə, idarəetmə strukturlarının peşəkarlığına görə dünyanın ən güclü ordularından biridir.
Azərbaycan Xalq Cümhuriyyəti Ordusunun ən yaxşı ənənələri bizim müasir və güclü ordumuzun simasında öz əksini tapmışdır. İyunun 26-da Azərbaycan Ordusunun 100 illik yubileyi ilə əlaqədar Azadlıq meydanında hərbi parad keçirilib. Hərbi paradda 240-dan çox hərbi texnika, 70-dən artıq uçuş vasitəsi, o cümlədən silahlanmaya yeni qəbul edilmiş ən müasir zirehli texnikalar, raket və artilleriya  qurğuları, hava hücumundan müdafiə sistemləri, helikopterlər, pilotsuz uçuş aparatları kimi müxtəlif növ ən yeni silah və texnikalar, eləcə də hərbi gəmi və katerlər nümayiş olunub.
Bu gün Azərbaycan Ordusunun qarşısında torpaqlarımızı azad etmək üçün hər an hazır olmaq vəzifəsi durur. Hər bir hərbi qulluqçu dərk etməlidir ki, o öz vəzifə borcunu vicdanla yerinə yetirməklə, təlimlərdə hərbi biliklərə dərindən yiyələnməklə, mənəvi-psixoloji və fiziki hazırlığını artırmaqla, intizamlı olmaqla özünü torpaqlarımızın azadlığı uğrunda gələcək döyüşlərə hazırlayır.

Müdafiə Nazirliyi Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsi