Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

27 Oktyabr 2018 10:27

Torpağı Vətən edənlərə ehtiram

Oktyabrın 24-də Respublika Veteranlar Təşkilatında Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən "Yeniyetmə, gənc və universitet tələbələri arasında vətənpərvərliyin təbliği ilə bağlı görüşlərin keçirilməsi" layihəsi  çərçivəsində növbəti tədbir baş tutub. Tədbirin əsas məqsədi yeniyetmə və gənclər arasında vətənpərvərliyin təbliğ edilməsi, Azərbaycanın ərazi bütövlüyünün qorunması yolunda canından keçmiş, Vətən, xalq qarşısında əvəzsiz xidmətləri olan şəhidlərimizin tanıdılması, gənc nəslə onların həyat və fəaliyyətlərinin örnək olaraq təbliğ olunmasıdır.
İkinci Dünya, Qarabağ, Əfqanıstan müharibəsi, Əmək və Silahlı Qüvvələr veteranları, gənclərin, ziyalıların, ictimaiyyətin və medianın nümayəndələrinin iştirak etdiyi tədbir ümummilli lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı.
Tədbiri giriş sözü ilə açan Respublika Veteranlar Təşkilatının sədr müavini, layihənin rəhbəri ehtiyatda olan polkovnik Cəlil Xəlilov layihə çərçivəsində həyata keçirilmiş tədbirlər, görülmüş işlər barəsində məlumat verərək, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında Təşkilatın geniş fəaliyyətindən danışdı. O, belə tədbirlərin daimi xarakter daşımasını və geniş auditoriyanı əhatə etməsini zəruri hesab etdiyini bildirdi.
Tədbirdə layihə çərçivəsidə hazırlanıb çap olunmuş beş Qarabağ və aprel şəhidinin döyüş və həyat yolundan bəhs edən "Torpağı Vətən edənlər" kitabçasının təqdimatı keçirildi. Layihə və kitabçanın müzakirəsi çərçivəsində Respublika Veteranlar Təşkilatının şöbə müdirləri, ehtiyatda olan polkovniklər Adil Haqverdiyev və Lətif Babayev, Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru Bədirxan Əhmədov, Qarabağ müharibəsi veteranı, jurnalist Elçin Müseyiboğlu, Əfqanıstan müharibəsi veteranı polkovnik Elşad Şabanov, şəhid ailələrinin və ictimaiyyətin nümayəndələri, veteranlar çıxış edərək yeniyetmə və gənclərin şəhidlərimizin həyat və döyüş yolunu öyrənmələrinin mühüm əhəmiyyət kəsb etdiyini bildirdilər, Vətən, torpaq yolunda həyatlarını qurban vermiş insanların xatirəsinin xalqımız tərəfindən daim əziz tutulduğunu və onların əbədi həyat qazandıqlarını qeyd etdilər.
Tədbirin sonunda kitabça tədbir iştirakçılarına paylanıldı, veteranlar gənclərlə xatirə şəkli çəkdirdilər.

"Azərbaycan Ordusu"