Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

27 Oktyabr 2018 10:25

Veteranlara diqqət və qayğı yüksək səviyyədədir

Lənkəran şəhərində Heydər Əliyev Mərkəzində Lənkəran şəhər İcra Hakimiyyəti və Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının birgə təşəbbüsü ilə oktyabrın 23-də veteranlarla görüş keçirilib.
Görüşdə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, istefada olan general-polkovnik Tofiq Ağahüseynov, Təşkilatın sədr müavini ehtiyatda olan polkovnik Cəlil Xəlilov, Lənkəran şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, yerli qurumların rəhbərləri, eləcə də Lənkəran, Masallı, Cəlilabad, Astara və Lerik rayon Veteran Təşkilatlarının üzvləri iştirak ediblər.  Görüşdə veteran təşkilatlarının fəaliyyəti, onların qarşısında duran vəzifələr və  yerli icra hakimiyyəti orqanları ilə birgə  işin daha da səmərəli təşkilində bu təşkilatlara lazımi köməkliyin göstərilməsi və s. məsələlər müzakirə edilib.          
Lənkəran şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov veteranlarla bağlı dövlət səviyyəsində görülən işlərdən, ölkə Prezidenti tərəfindən onların qaldırdıqları məsələlərin həllinə göstərilən davamlı diqqətdən söz açdı.  İcra başçısı onu da bildirdi ki, Lənkəranda veteranların sosial-məişət şəraitinin yaxşılaşdırılması, onların rayonun ictimai-siyasi həyatında yaxından iştirakına imkanların yaradılması daim diqqətdə saxlanılır. Taleh Qaraşov gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində mühüm rolu olan veteran hərəkatının daha da güclənməsi üçün şəhər İcra hakimiyyətinin bundan sonra da səylərini əsirgəməyəcəyini qeyd etdi.   Respublika Veteranlar Təşkilatının 30 illik yubileyi münasibəti ilə hər bir veteranı təbrik edən icra başçısı, təşkilatın bu illər ərzində dövlət siyasətinin həyata keçirilməsində rolunu vurğuladı və təşkilata bundan sonrakı fəaliyyətində uğurlar arzuladı.
Çıxış edən Respublika Veteranlar Təşkilatın sədri istefada olan general-polkovnik Tofiq Ağahüseynov təşkilatın fəaliyyəti haqqında tədbir iştirakçılarına məlumat verdi. Vətənpərvərliyin təbliği, gənc nəslin azərbaycançılıq ideologiyası ilə tərbiyə edilməsi istiqamətində təşkilatın üzərinə düşən işin məsuliyyətindən bəhs etdi. "30 illik yubiley münasibəti ilə təntənəli mərasim və "Müasir dünyada təhlükəsizlik: qlobal və regional çağrışlar" mövzusunda beynəlxalq konfrans yüksək səviyyədə təşkil edildi. Keçirilən konfrans Azərbaycan tolerantlığını təbliğ etmək, erməni işğalçılığını dünya ictimaiyyətinə çatdırmaq baxımından xüsusi əhəmiyyət kəsb edirdi."
Sədr sonda Lənkəran və ərtaf rayonlarda veteranlara göstərilən diqqət və qayğını, yerli veteran təşkilatlarının rolunu müsbət dəyərləndirdi.
Respublika Veteranlar Təşkilatının sədr müavini ehtiyatda olan polkovnik Cəlil Xəlilov qonaqpərvərliyə və təşkilatçılığa görə Lənkəran şəhər İcra Hakimiyyətinə minnətdarlığını bildirdi. Sədr müavini ölkəmizdə həyata keçirilən quruculuq işləri, Azərbaycanda müasir, güclü ordunun qurulması və Respublika Veteranlar Təşkilatının ölkə həyatında, ictimai-siyasi  proseslərdə yaxından iştirakı haqqında tədbir iştirakçılarına ətraflı məlumat verdi. O, Lənkəranın, eləcə də ətraf rayonların ziyalı və veteranlarının bu işlərdə rolunu yüksək qiymətləndirdi.
Digər çıxış edənlər ölkəmizdə veteranların hərtərəfli diqqət və qayğı ilə əhatə olunduğundan, onların gənclərin vətənpərvərlik tərbiyəsi istiqamətində fəaliyyətindən bəhs etdilər.
İstefada olan general-polkovnik Tofiq Ağahüseynov Lənkəran şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovu "Həzi Aslanov yubiley medalı" və iştirak edən rayon Veteranlar Təşkilatlarının sədrlərini isə təşkilatın "30 illik yubiley medalı" ilə təltif etdi.
Sonda tədbir iştirakçıları Heydər Əliyev mərkəzinin önündə xatirə şəkli çəkdirdilər.

"Azərbaycan Ordusu"