Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

27 Oktyabr 2018 10:23

Artilleriyaçılarımız da döyüşə hazırdır

Səhər yenicə açılır. Bu gün də günəş al-qırmızı şüalarını buludlar arxasında gizlədir. Bir azdan havanın soyuq keçəcəyini müəyyən etmək çətin deyildi. Buna baxmayaraq bölmələrin şəxsi heyəti günün nizam qaydasına uyğun olaraq bütün tapşırıqları yerinə yetirirdi. Zabit Fariz Hüseynovla birgə ön xəttə yola düşürük. Yol boyu zabit bildirdi ki, artıq bir neçə gündür artilleriya bölmələri çöl təlim məşğələlərinə cəlb olunublar. "Bölmələrimizin şəxsi heyəti təsdiq edilmiş plana əsasən gündəlik dərslərini keçir, bilik və bacarıqlarını artırmaq üçün daim öz üzərlərində çalışır. Həftənin ilk dərs günündən etibarən topçularımız çöl təlim məşğələlərinə cəlb olunublar. Təyin olunmuş müdafiə rayonunda müxtəlif çaplı artilleriya qurğularını yerləşdirərək döyüş vərdişlərini təkmilləşdirirlər."
Söhbət zamanı öyrənirəm ki, gedəcəyimiz bölmənin heyəti birliyin keçirdiyi yarışlarda iki dəfə birinci yerə, bir dəfə ikinci yerə çıxıblar. Həmçinin, Beynəlxalq Ordu Oyunları çərçivəsində Qazaxıstanda keçirilən "Artilleriya atəşinin ustaları" yarışında heyət üzvlərindən kiçik çavuşlar Elşad Orucov və Kamil Mirzəyev iştirak ediblər. Onlar keçirilən yarışda fərdi şəkildə birinci yerin, qrup şəklində isə üçüncü yerin sahibi olublar. Təbii ki, iqtisadiyyatına, ərazisinə, ordusunun gücünə görə seçilən bəzi nəhəng dövlətlərlə yarışmağın özü böyük bir qalibiyyətdir. Bizim ordumuz da dünyanın aparıcı orduları sırasındadır. Çünki ölkə başçısının, ordu rəhbərliyinin diqqət və qayğısı nəticəsində bütün bölmələrimiz ən müasir silahlarla təchiz olunub. Bu da bizlərə işğalda olan rayonlarımızı azad etməyə, Dağlıq Qarabağa yenidən qayıtmağa imkan verir.
Zabitlə söhbətləşərək zamanın necə keçdiyinin fərqinə varmadıq. Artıq təlim yerinə çatmışdıq. Təyin olunan artilleriya qurğuları mövqelərdə öz yerlərini tutub, eyni zamanda idarəetmə məntəqələrində təlim üzrə verilən tapşırığa əsasən düşmənin hədəfləri hesablanaraq şəxsi heyətə çatdırılır. Bölmə komandiri baş leytenant Kənan Əfəndiyev dərs prosesi haqqında məlumat verdi: "Bölmənin bütün şəxsi heyəti təlimə cəlb olunub. Gördüyünüz şəxsi heyət hazır vəziyyətdə komanda məntəqəsindən gələcək məlumatı gözləyir. Əsas iş komanda məntəqəsində olan zabitlərin üzərinə düşür. Birinci növbədə avtomatlaşdırılmış idarəetmə sistemi ilə düşmən mövqelərinə qədər olan məsafə təyin olunur. Bu məlumat sistemə daxil olduqdan sonra batareyanın baş zabiti məlumatları xəritə üzərində işləyir. Müxtəlif riyazi hesablamalar aparıldıqdan sonra rabitə vasitəsilə heyətə çatdırılır. Məlumatı alan top komandiri heyətə müvafiq əmr verir. Hər kəs öz vəzifəsinə uyğun verilən tapşırığı icra edir."
Zabit onu da qeyd etdi ki, avtomatlaşdırılmış idarəetmə sistemləri vasitəsilə düşmənin artilleriya silahlarının yerini də təyin etmək olur. "Bölmənin baş zabitinin nəzarətində olan bu sistem vasitəsilə həm öz yerimizi, həm də düşmənin mövqelərini və artilleriya silahlarının yerlərini təyin etmək olur. Bu müasir avadanlıqlar vasitəsilə hədəfi dəqiq təyin etməklə yanaşı, vaxt itkisinin də qarşısı alınır. Əgər döyüşlər başlasa, düşmən artilleriyası hələ atəşə başlamamış darmadağın olacaq."
Top komandiri çavuş Ruslan Orucovdan peşəkar olmasının sirlərini soruşuram. "2008-ci ildə ordu sıralarına çağırılmışam. Hərbi andı qəbul etdikdən sonra ön xətdə yerləşən artilleriya bölməsində xidmətimi davam etdirdim. Bir müddət sonra komandirlərim məni top komandiri təyin etdi. Artıq təkcə əsgər yox, həm də bir heyətin komandiri idim. Bütün günü topun taktiki-texniki xüsusiyyətlərini oxuyur, hər bir detalının iş prinsipini, istifadə qaydasını öyrənirdim. Bilmədiklərimi zabitlərdən soruşurdum. Öyrəndiklərimi isə əsgər yoldaşlarımla bölüşürdüm. Tərxis olub evə qayıdanda kədərlənmişdim. Həm əsgər yoldaşlarımdan ayrılmışdım, həm də silahımdan. Bir müddətdən sonra başa düşdüm ki, hərbçi olmalıyam və orduya qayıtmalıyam. Artıq yeddi ildir ki, Vətənimə xidmət edirəm. Silahımın xüsusiyyətlərini bilsəm də, yenə də öyrənməyə davam edirəm. Bu gün peşəmdə bacarıqlıyamsa, komandir heyətinə borcluyam. İnanıram ki, mən və tabeliyimdə olan heyət döyüş meydanında düşmən üzərində qələbə qazanmaqla bizlərə bu sənəti sevdirən komandirlərimizi sevindirəcək."
Heyət üzvlərindən əsgər Rəşad Süleymanlı bildirdi ki, dərslərin yüksək səviyyədə keçirilməsi onların biliklərini günü-gündən artırır. "Burada hava şəraiti tez-tez dəyişir. Bəlkə də mülki həyatda belə havada ancaq isinmək üçün çalışarıq. Amma burada belə deyil. Dərslərimiz o qədər maraqlı keçir ki, nə havanın soyuqluğunu hiss edirik, nə də vaxtın keçdiyini. Dərs zamanı maraqlı suallar ortaya çıxır. Bilikli zabitlərimizin hesabına bizi düşündürən bütün suallara cavab tapırıq. Təbii ki, bu amil bilik və bacarığımızı zəngilləşdirməklə yanaşı, döyüş vaxtı istifadə edəcəyimiz silaha inamımızı daha da artırır. Bu inam bizi tezliklə Qarabağ uğrunda başlayan döyüşlərdə qələbəyə aparacaq."
- Topçularımız hər an döyüşə hazırdır, - deyə leytenant Həbib Bayramlı söhbətimizə qoşuldu. O, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin məzunudur. Zabit bildirdi ki, xidmət özü də bir məktəbdir. "Məktəbdə təhsil alarkən zabitlərin bizə öyrətdiklərini diqqətlə dinləyirdim. Həmçinin praktiki çöl məşğələlərində də bilik və bacarıqlarımızı təkmilləşdirirdik. Xidmətə başlayanda gördüm ki, insanın təhsil ocağında aldığı biliklər xidməti dövründə ona kömək olur. Bizlər öyrəndiyimiz bilikləri bu gün tabeliyimizdə olanlarla bölüşürük. Şəxsi heyətin döyüş hazırlığının yüksək olması üçün həm dərslərdə, həm də dərsdən kənar vaxtlarda səfərbər oluruq. Çünki torpaqlarımızın bir hissəsi düşmən tapdağındadır. İstənilən an döyüş başlaya bilər. Düşmən üzərində qələbə qazanmaq üçün isə daim öz üzərimizdə çalışmalıyıq. Bu gün əminliklə demək olar  ki, artilleriyaçılar Ali Baş Komandanımızın döyüş əmri ilə düşmənin istənilən hədəfini məhv etməyə və Qələbə bayrağını yüksək zirvələrdə dalğalandırmağa hazırdırlar."
Əsgərlərdən Ədalət Tağıyev, Roman Kərimov və Rauf İsrafilov söhbət zamanı qeyd etdilər ki, çöl şəraitində keçirilən dərslər onların müxtəlif atış tapşırıqlarını imitasiya etmələrində, döyüş hazırlıqlarının artırılmasında müsbət rol oynayır. Şəxsi heyət qarşıya qoyulan fərqli və çətin əməliyyat tapşırıqlarını icra etməyə, artilleriya qurğusunun dağıdıcı və məhvedici qüvvəsi ilə düşməni yerlə-yeksan etməyə hər an hazır olduqlarını da vurğuladı.
Yurdumuzu qoruyan əsgərlərlə bu görüşüm də yaddaşımda silinməz izlər buraxdı. Əlbəttə, belə igid əsgərləri olan Vətən torpağı erməni işğalçılarının tapdağı altında çox qalmayacaq. Tezliklə xalqımız onlardan Qələbə müjdəsini alacaq.

Məhəmməd NƏSİRLİ, "Azərbaycan Ordusu",
fotolar C.CƏFƏROVUNDUR