Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

24 Oktyabr 2018 10:24

Fəxr edirəm ki, əsgərəm!


Salam anacan. Necəsən? Bu məktubu sənə Vətənimə keşik çəkdiyim səngərdən yazıram. Yadındadır, sən həmişə deyərdin ki, oğlum, Vətənin o başı, bu başı olmaz. Anacan əsası odur ki, dayandığım məkandan asılı olmayaraq Vətən qarşısında borcumu yerinə yetirirəm. Burada özümü xoşbəxt hiss edirəm. Xoşbəxtəm, ona görə ki, Azərbaycan xalqı bizə arxalanır, bizə güvənir. Arxada hər yanan işığın səbəbkarı bizləri bilirlər. Xalqımız rahat olanda bizlər də rahat oluruq. Ana, ən böyük arzum xalqımıza Qələbə sevincini bəxş etməkdir. İnanıram ki, Azərbaycan Ordusunun əsgəri kimi tezliklə arzuma çatacam. Ana, Vətənə layiqli xidmət etmək üçün hər cür şərait qurulub. Bizlər üçün ağxalatlı analarımız gözəl təamlı yeməklər bişirirlər. Hər gün müxtəlif növ dadlı təamlardan yeyirik. Yüksək səviyyədə inşa olunan yataqxanamızda rahat yataq yerlərimiz, hər həftə yenisi ilə əvəz olunan yataq dəstlərimiz, asudə vaxtımızı səmərəli keçirmək üçün ideoloji otağımız, isti və soyuq suyu olan əl-üz yuma yerləri də var. Paltarlarımızı camaşırxanada yuyub bizə təhvil verirlər. Bizim isə üzərimizə bir vəzifə düşür - dərslərdə fəal iştirak edib peşəkar komandirlərimizin bizə öyrətdiklərini dərindən mənimsəmək. Anacan, xidmətim əla keçir. Bu gün siz bütün analar qürurla deyə bilərsiniz ki, dövlətimizin güclü ordusu, ordumuzun məğrur əsgərləri var. Mən fəxr edirəm ki, Azərbaycan Ordusunun əsgəriyəm.
Atam, qardaşım necədilər? Tezliklə qardaşım da əsgər olacaq, o da Vətən qarşısında borcunu yerinə yetirəcək. Atama da bildir ki, komandirlərimiz bizdən diqqət və qayğılarını əsirgəmirlər. Nə problemimiz olsa, onlara yaxınlaşırıq. Yuxarı komandanlıq da tez-tez bizimlə görüşə gəlir, şəraitimizlə maraqlanır, hər cür köməklik göstərirlər. Bu arada mən bir qərar vermişəm, inanıram ki, bu qərarımı dəstəkləyəcəksiz. Atam bir dəfə mənə dedi ki, oğlum həyatda özünə elə peşə seç ki, gələcəkdə səni o mövqedə görəndə hamı alqışlasın. Hərbçi olacam, anacan. Çünki bu həyatda alqışlanası, qürur duyulası peşələrdən biri də Vətəni qorumaqdır. Xidmətimi başa vuran kimi sənədlərimi toplayıb yenidən orduya qayıdacam. Bilirəm, məktubu oxuduqca gözlərin yaşaracaq. O yaşın sevinc göz yaşları olduğuna əminəm.
Dostlarım - Vüsala, Amidə, Murada salam söylə məndən. Onların dostluğu mənim üçün əzizdir. Burada da özümə dostlar qazanmışam. Onlar mənim səngər dostlarımdır. Əgər Ali Baş Komandanımız əmr versə, onlarla birgə döyüşlərə atılacağıq, çiyin-çiyinə vuruşacağıq, çətinliklərə sinə gərəcəyik, xalqımıza sevinc bəxş edəcəyik.
Yaxşı anacan, özünüzdən muğayat olun. Məni tanıyan hər kəsə salam deyərsən. Sağ olun.
      

Əsgər Aydın YAQUBZADƏ, "N" hərbi hissəsi