Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

24 Oktyabr 2018 10:17

Azərbaycan Ordusunun şəxsi heyəti ilə keçirilən ictimai-siyasi hazırlıq dərsi

(İctimai-siyasi hazırlıq dərsinin qrup rəhbərinə dərsə hazırlaşmaq üçün kömək)


Mövzu: Azərbaycan Respublikasının dövlət quruluşu, dövlət rəmzləri, inzibati ərazi bölgüsü, iqtisadi inkişafı.

İctimai-siyasi hazırlıq qrupunun rəhbərinə bu dərsə hazırlaşarkən Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan tarixinə dair tarixi və bədii ədəbiyyatdan istifadə etmək və mövzunu bölmənin gündəlik həyatı ilə bağlamaq tövsiyə olunur.

Suallar:
1. Azərbaycan Respublikasının dövlət quruluşu, dövlət rəmzləri və inzibati ərazi bölgüsü.
2. Dövlətimizin iqtisadi inkişaf strategiyası.
         

Azərbaycan Respublikasının dövlət quruluşu, dövlət rəmzləri və inzibati ərazi bölgüsü

Hər bir xalqın, millətin xoşbəxtliyi ilk növbədə onun müstəqil və güclü dövlətə malik olması ilə müəyyən edilir. Dövlət müstəqilliyi hər şeydən əvvəl onu qazanmış xalqın özünütəsdiqi və milli özünüdərki üçün bir şansdır. Belə bir tarixi şansdan faydalanan və ondan səmərəli istifadə edən xalqlar həm milli inkişafa nail olur, həm də sahib olduqları dövlətin dayaqlarını möhkəmləndirə bilirlər.
Azərbaycan Respublikasının siyasi sistemi milli və tarixi şəraitin xüsusiyyətlərini əks etdirməsi ilə səciyyəvidir. Onun meydana gəlməsində və fəaliyyətində müxtəlif amillər rol oynamış və oynamaqdadır. Siyasi sistemin fəaliyyətinin formalaşmasına əhalinin siyasi mədəniyyətinin xüsusiyyətləri mühüm təsir göstərir. Azərbaycanda hüquqa və ədalətə söykənən vətəndaş cəmiyyətinin əsası qoyulub və onun təkmilləşdirilməsi üçün etibarlı zəmin hazırlanıb. Təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş demokratik dövlət quruculuğu prosesi bu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Çıxışlarının birində dövlət başçısı İlham Əliyev demişdir: Bu gün Azərbaycanda bütün fundamental azadlıqlar - siyasi azadlıq, media azadlığı, azad internet, din azadlığı təmin edilib. Bu isə inkişafın əsası və təməli deməkdir"
Ümumiyyətlə, Azərbaycan Respublikasının siyasi sisteminin struktur formalaşması əsasən 1995-ci il noyabrın 12-də ölkənin yeni Konstitusiyasının qəbul edilməsi ilə başa çatmış oldu. Konstitusiyaya uyğun olaraq Azərbaycan dövləti demokratik, hüquqi, dünyəvi, unitar respublika kimi müəyyənləşmişdir.
Azərbaycan xalqı özünün çoxəsrlik dövlətçilik ənənələrini davam etdirərək, Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktında əks olunan prinsipləri əsas götürərək, bütün cəmiyyətin və hər kəsin firavanlığının təmin edilməsini arzulayaraq, ədalətin, azadlığın və təhlükəsizliyin bərqərar edilməsini istəyərək, keçmiş, indiki və gələcək nəsillər qarşısında öz məsuliyyətini anlayaraq, suveren hüququndan istifadə edərək təntənəli surətdə aşağıdakı niyyətlərini bəyan edir:
- Azərbaycan dövlətinin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq;
- Konstitusiya çərçivəsində demokratik quruluşa təminat vermək;
- vətəndaş cəmiyyətinin bərqərar edilməsinə nail olmaq;
- xalqın iradəsinin ifadəsi olaraq qanunların aliliyini təmin edən hüquqi, dünyəvi dövlət qurmaq;
- ədalətli iqtisadi və sosial qaydalara uyğun olaraq hamının layiqli həyat səviyyəsini təmin etmək;
- ümumbəşəri dəyərlərə sadiq olaraq bütün dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşamaq və bu məqsədlə qarşılıqlı fəaliyyət göstərmək. Konstitusiyada göstərildiyi kimi, Azərbaycan Respublikasında dövlət hakimiyyətinin yeganə mənbəyi Azərbaycan xalqıdır. Sərbəst və müstəqil şəkildə öz müqəddəratını həll etmək və öz idarəetmə formasını müəyyən etmək Azərbaycan xalqının suveren hüququdur. Azərbaycan xalqı öz suveren hüququnu bilavasitə ümumxalq səsverməsi - referendum və ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, gizli və şəxsi səsvermə yolu ilə seçilmiş nümayəndələri vasitəsilə həyata keçirir.
Konstitusiyanın 7-ci maddəsinə əsasən, Azərbaycan dövləti demokratik, hüquqi, dünyəvi, unitar respublikadır. Azərbaycan Respublikasında dövlət hakimiyyəti daxili məsələlərdə yalnız hüquqla, xarici məsələlərdə isə yalnız Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn müddəalarla məhdudlaşır.
Hakimiyyətin bölünməsi prinsipinə uyğun olaraq, Azərbaycan Respublikasında müstəqil şəkildə formalaşan və fəaliyyət göstərən üç hakimiyyət qolu qərarlaşmışdır: qanunvericilik, icra və məhkəmə hakimiyyəti. Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən orqan Milli Məclis, icra hakimiyyətini həyata keçirən Prezident, məhkəmə hakimiyyətini həyata keçirən orqan Azərbaycan Respublikasının məhkəmələridir.
Azərbaycanın siyasi sistemində yerli özünü idarəetmə orqanları olan bələdiyyələr də mühüm yer tutur. Bu institut yeni yaranmasına baxmayaraq böyük perspektivə malikdir.
Bütün müasir siyasi sistemlər kimi, Azərbaycanın siyasi sisteminə də çoxpartiyalılıq, plüralizm xasdır. Siyasi partiyalar qanunverici və yerli özünü idarəetmə orqanlarında təmsil olunmaq vasitəsi ilə dövlət hakimiyyətinin həyata keçirilməsində iştirak etmək imkanına malikdirlər.
Azərbaycan Respublikasının dövlət rəmzləri
Azərbaycan Respublikasının dövlət rəmzləri Azərbaycan Respublikasının Konstitusiyasının 23-cü  maddəsində göstərildiyi kimi, Azərbaycan Respublikasının Dövlət bayrağı, Azərbaycan Respublikasının Dövlət gerbi və Azərbaycan Respublikasının Dövlət himnidir.
Dövlət bayrağı
Azərbaycan Respublikasının Dövlət bayrağı bərabər enli üç üfüqi zolaqdan ibarətdir. Yuxarı zolaq mavi, orta zolaq qırmızı, aşağı zolaq yaşıl rəngdədir. Mavi rəng - Azərbaycan xalqının türk mənşəli olmasını, qırmızı rəng - müasir cəmiyyət qurmaq, demokratiyanı inkişaf etdirmək istəyini, yaşıl rəng - islam sivilizasiyasına mənsubluğunu ifadə edir. Qırmızı zolağın ortasında bayrağın hər iki üzündə ağ rəngli aypara ilə səkkizguşəli ulduz təsvir edilmişdir. Bayrağın eninin uzunluğuna nisbəti 1:2-dir.
Dövlət gerbi
Azərbaycan Respublikasının Dövlət gerbi Azərbaycan dövlətinin müstəqilliyinin rəmzidir. Dövlət gerbi palıd budaqlarından və sünbüllərdən ibarət qövsün üzərində yerləşən şərq qalxanının təsvirindən ibarətdir. Qalxanın üstündə Azərbaycan Respublikasının Dövlət bayrağının rəngləri fonunda səkkizguşəli ulduz, ulduzun mərkəzində alov təsviri vardır.
Dövlət himni
1992-ci il mayın 27-də parlament "Azərbaycan Respublikasının Dövlət himni haqqında" Qanun qəbul etdi. Qanuna əsasən, 1919-cu ildə böyük bəstəkar Üzeyir Hacıbəyov və şair Əhməd Cavad tərəfindən tərtib edilmiş "Azərbaycan marşı" Azərbaycanın Dövlət himni kimi təsdiq edildi.
Ərazi quruluşu və inzibati ərazi bölgüsü
Azərbaycan Respublikası Prezidentinin 13 iyun 2000-ci il tarixli sərəncamı ilə təsdiq olunmuş "Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında" Qanun Azərbaycan Respublikasının ərazi quruluşunun və inzibati ərazi bölgüsünün, habelə ərazi vahidlərinin qeydiyyatının, sərhədlərinin müəyyən edilməsinin və dəyişdirilməsinin, adlandırılmasının və ya onların adlarının dəyişdirilməsinin, hüquqi əsaslarını, eləcə də ərazi quruluşu və inzibati ərazi bölgüsü ilə bağlı digər məsələlərin tənzimlənməsində dövlət orqanlarının və bələdiyyələrin səlahiyyətlərini müəyyən edir.
Qanunda istifadə olunan əsas anlayışlar - ərazi quruluşu, inzibati ərazi bölgüsü,  yaşayış məntəqəsi, ərazi vahidi,  inzibati ərazi vahidi anlayışlarıdır.
Azərbaycan Respublikasının paytaxtı Bakı şəhəridir.
Ərazisi 2200 kv. km olan Bakı şəhəri özündə 11 inzibati rayonu, 5 şəhər tipli qəsəbəni birləşdirir.

Dövlətimizin iqtisadi inkişaf strategiyası

Dövlət müstəqilliyi və siyasi azadlıq milli iqtisadiyyatın inkişafına şərait yaratdığı kimi, milli iqtisadiyyatın inkişafı və güclənməsi də dövlət müstəqilliyinin dayaqlarını daha da möhkəmləndirir. Dövlət müstəqilliyinin gücləndirilməsi iqtisadiyyatımızın milli maraqlara uyğun inkişaf etdirilməsinə şərait yaratmışdır. Azərbaycanın təkcə dövlətçilik deyil, həm də iqtisadi inkişaf tarixinin ən parlaq və şərəfli dövrü ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.
Heydər Əliyev 1993-cü ildən - müstəqil Azərbaycana rəhbərlik etdiyi ilk dövrdən müasir dünya düzəninin inkişaf meyillərini uzaqgörənliklə qiymətləndirərək, çağdaş cəmiyyətin qəbul etdiyi inkişaf yolunu seçdi. Bu yol isə iqtisadiyyat üzərində dövlət inhisarçılığının aradan qaldırılmasından, sahibkarlığın inkişaf etdirilməsindən və iqtisadiyyatın liberallaşdırılmasından başlayır.
1994-cü ildə isə "Əsrin müqaviləsi"nin imzalanması ilə Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının əsası qoyuldu. Bu strategiya çərçivəsində həyata keçirilmiş tədbirlər, o cümlədən Dövlət Neft Fondunun yaradılması məhz davamlı inkişafın təmin edilməsinə, dövlətimizin iqtisadi və sosial dayaqlarının möhkəmləndirilməsinə yönəldildi.
Ulu Öndərin imzaladığı "Azərbaycan Respublikasında kiçik və orta sahibkarlığın inkişafının Dövlət Proqramı (2002-2005-ci illər)", "Azərbaycan Respublikasında sahibkarlığın inkişafına dövlət himayəsi sahəsində əlavə tədbirlər haqqında" 2002-ci il 10 sentyabr tarixli, "Sahibkarlığın inkişafına mane olan müdaxilələrin qarşısının alınması haqqında" 2002-ci il 28 sentyabr tarixli fərmanlar özəl sektorun inkişafında mövcud olan problemlərin kompleks və sistemli həllini, sahibkarlığın sürətli inkişafı üçün əlverişli iqtisadi və institusional mühitin yaradılmasını, müxtəlif dövlət orqanlarının nəzarət funksiyalarının məhdudlaşdırılmasını nəzərdə tuturdu.
Son 15 il sosial-iqtisadi inkişafın sürətləndirilməsi ilə xarakterizə edilməklə Azərbaycan iqtisadiyyatı üçün olduqca uğurlu olmuşdur. Əldə olunan uğurları, ilk növbədə, ölkə rəhbərliyinin siyasi iradəsi və qətiyyətli addımları, ictimai-siyasi sabitliyin qorunub saxlanılması, dövlət idarəçiliyinin səmərəli təşkili, vahid dövlət siyasətinin həyata keçirilməsi, iqtisadi inkişafda əsas hədəflərin dəqiq müəyyən edilməsi, islahatların davamlı xarakter daşıması, cəmiyyətin real ehtiyaclarının ödənilməsinə yönəldilmiş dövlət proqramlarının reallaşdırılması təmin etdi.
Azərbaycanda davamlı inkişaf neft gəlirlərinin prioritet istiqamətlər üzrə səmərəli istifadə edilməsindən asılıdır. Bu baxımdan 2004-cü ildə "Neft və qaz gəlirlərinin idarə olunması üzrə uzunmüddətli strategiya"nın (2005-2025) dövlət başçısı tərəfindən təsdiqi xüsusi olaraq qeyd edilməlidir. Bu strategiya neft və qaz gəlirlərindən istifadənin əsas prinsiplərini və ortamüddətli xərclər siyasətini müəyyənləşdirdi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında" 2003-cü il 24 noyabr tarixli Fərmanı ilə hökumətin iqtisadi blokuna ilk tapşırıqlarını vermişdir. Ölkəmizin sosial-iqtisadi həyatının ən aktual problemlərini özündə əks etdirən bu Fərmanı dövlət başçısının iqtisadi komandaya ilk tapşırıqlarının məcmusu kimi qiymətləndirmək olar.
Hazırda islahatların texnologiyası da təkmilləşməkdədir. Belə ki, son 15 ildə 201 proqram xarakterli sənəd, o cümlədən 12 Konsepsiya, 12 Milli Strategiya, 12 Strateji Yol Xəritəsi, 94 Dövlət Proqramı, 10 Milli Fəaliyyət Planı, 23 Tədbirlər Planı, 21 Tədbirlər Proqramı, 17 Milli Plan və proqramlar qəbul edildi.
Dünya ölkələri, xüsusilə Avropa İttifaqına üzv ölkələrlə birbaşa nəqliyyat əlaqələri genişlənmiş, Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac kəməri və Bakı-Tbilisi-Ərzurum qaz ixrac kəməri dünyada enerji təhlükəsizliyinin təmin olunmasına layiqli töhfələr verdi. Regionun və Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında müstəsna əhəmiyyəti olan "Cənub Qaz Dəhlizi"nin tərkib hissəsi olan TANAP və TAP layihələri, həmçinin "Şahdəniz-2" layihəsi üzrə yekun investisiya qərarının imzalanması xüsusi olaraq qeyd edilməlidir.
Ölkəmizin sosial-iqtisadi inkişaf sahəsində əldə etdiyi uğurların davamlılığını təmin etmək məqsədi ilə "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası qəbul edilmişdir. Konsepsiya çərçivəsində qeyri-neft sektorunun inkişafı, nəqliyyat, tranzit  və s. məsələləri əhatə edən 53 sənəd təsdiq edilmiş, hal-hazırda icrası təmin olunmaqdadır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə sosial-iqtisadi və siyasi sahədə həyata keçirilən genişmiqyaslı tədbirlər ölkəmizin hərtərəfli inkişafı üçün böyük imkanlar və yeni-yeni perspektivlər açır.




Müdafiə Nazirliyi Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsi