Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

24 Oktyabr 2018 10:17

“Tərxis olunsaq da, Böyük Qələbəyə kimi Vətənin əsgəriyik”

"N" hərbi hissəsində xidmət müddətini başa vuran, Vətən qarşısında müqəddəs övladlıq borclarını layiqincə yerinə yetirən əsgərlərimizə ordu həyatında, hərbi xidmət dövründə qazandıqları vərdişləri öyrənmək məqsədilə belə bir sualla müraciət etdik: "Ordu həyatı sizə nə verdi?" Hər kəs bu sualı müxtəlif aspektlərdən cavablandırmağa çalışdı.
Əsgər Kamran Rüstəmov doğma rayonu Samuxa başucalığı ilə qayıdır. Ordunu əsl kişilik məktəbi adlandıran müsahibim burada bir sıra insani keyfiyyətlərə - dözümlülük, mərdlik kimi xüsusiyyətlərə yiyələndiyini qeyd etdi. "Xidmət müddətində  çalışmışam ki, seçilim, verilən əmr və tapşırıqları vaxtlı-vaxtında yerinə yetirim, komandir və əsgər yoldaşlarımın hörmət və rəğbətini qazanım. Şükürlər olsun ki, buna nail ola bildim. Burada qazandığım dostları heç zaman unutmayacam. Mülki həyatda da onlarla əlaqə saxlayıb, keçirdiyimiz xoş günlərdən danışacağıq. Tərxis olmağımıza baxmayaraq, hər zaman Vətənimiz üçün əsgərik və Ali Baş Komandanımızın döyüş əmri ilə ordu sıralarına qatılmağa, düşmənlərimizdən qisasımızı almağa hazırıq".
Digər həmsöhbətim əsgər Orxan Bayramov isə Vasif Paşayevlə yaranan münasibətlərini ailə dostluğuna çevirərək, bir ömür boyu davam etdirmək niyyətində olduğunu bildirdi. "Mən sevinirəm ki, xidməti dövrümdə çoxlu dost qazanmışam. Bu gün fəxr edirəm ki, ordu sıralarında doğma torpaqlarımızı müdafiə edənlərin sırasında oldum, həm də özümə ömür dostları qazandım".
Oğullarımızın bir-birinə arxa-dayaq olması, sözün əsl mənasında, əsgər dostluğudur. Həyatlarının ən qaynar, yaddaqalan zamanında ordu həyatı onların əsgər qardaşlığını ailə dostluğuna çevirib. İnanıram ki, belə bir dostluq illərin sınağında daha da möhkəmlənəcək, əbədi olacaq.
- Xidmətimi başa vurduğum üçün etiraf edim ki, sevinirəm, çünki ailəmin yanına başıuca qayıdıram, qəhərlənirəm ki, ikinci ailəmdən ayrılıram. Əsgər yodaşlarım üçün darıxacam. Buna baxmayaraq, tez-tez gəlib onlara baş çəkəcəm. Əsgərlik - kişilik məktəbidir, deyirlər. Bu məktəb insana həyat dərsi keçir, onda mərdlik, qorxmazlıq formalaşdırır. Cəsur olmaq, dostluğa sadiq qalmaq, verilən tapşırıqları tam məsuliyyətlə yerinə yetirmək kimi müsbət xüsusiyyətlər aşılayır. Çətinliyə dözməyi, müxtəlif şəraitlərə uyğunlaşmağı bacarırsan. Düşməninə olan nifrətin günü-gündən daha da artır. Səngərdə dayanarkən günahsız qətlə yetirilən Zəhra və Fariz kimi balalarımız, torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarını qurban verən Mübariz, Fərid, Urfan, Əbu Bəkir kimi mərd oğullarımız hər an gözlərinin önündə canlanır. Onların qisasını almaq üçün Ali Baş Komandanımızın döyüş əmrini səbirsizliklə gözləyirik. Bir arzu ilə evə qayıdıram: döyüş əmri olan kimi geri qayıdıb, əsgər qardaşlarımla çiyin-çiyinə döyüşə atılım, - bu sözləri Bərdə rayonundan ordu sıralarına çağırılan əsgər Məhəmmədəli Mustafayev dedi.
Əsgər İlham Lətifov da tez bir zamanda torpaqlarımızın geridə qalan hissəsini işğaldan azad etmək üçün hərbi hissəyə qayıtmaq arzusu ilə tərxis olduğunu bildirdi. "Xalqımıza Böyük Qələbə sevincini yaşadanların sırasında olmaq arzumdur. Mülki həyatda dostlarıma vətənpərvərlikdən, Vətən sevgisindən, səngər həyatından, hərbin bütün gözəlliklərindən danışacağam. Bütün yoldaşlarıma deyəcəyəm ki, bizim ən birinci və ən vacib borcumuz hərbi xidmət keçmək, bacarıqlı və cəsur əsgər olmaqdır. Çünki bizləri Laçınımız, Kəlbəcərimiz, Şuşamız.... həsrətlə gözləyir. Bu həsrətə də tez bir zamanda son qoymalıyıq. Bizləri döyüşçü kimi yetişdirən, nizam-intizamlı olmağı öyrədən komandirlərimizə hər zaman minnətdar olacağam".
Gəncə şəhərindən hərbi xidmətə çağırılan əsgər Ərkan İskəndərov komandiri leytenant Kənan Məmmədovun əsgərlərə münasibətindən, onun kimi zabitlərin sayəsində hərbi sirlərə dərindən yiyələnməsindən, hərbi qayda-qanunları, silahla davranma qaydalarını mənimsəməsindən söhbət açdı. "Vətənimizə nümunəvi xidmət etmək, düşmənlə təmas xəttində doğma torpaqlarımızı qorumaq mənim üçün şərəfdir. Düzdür, səngərdə xidmət etmək çətindir. Lakin bu çətinlikləri bizlərə hiss etdirməyən komandirlərimizdir. Leytenant Kənan Məmmədov belə zabitlərdəndir. Zabitlərimizin sayəsində Vətən qarşısında borcumuzu layiqincə yerinə yetirmişik. Kənan Məmmədov bizlərə həm komandir, həm də qardaş olub. Sevinirəm ki, belə mərd, cəsur komandirlərin tabeçiliyində xidmət etmişəm. Bu müddətdə Hərbi anda sadiq qalaraq komandirlərimizin əmr və tapşırıqlarına daim və sözsüz tabe olmuşuq. İnanıram ki, xidmətimizlə onların hörmət və rəğbətini qazanmışıq".
Əsgər Adil Qədirli xidmət dövründə ən yaddaqalan və ən qürurverici günlərindən danışdı. "Hər zaman xatırlayacağım gün, hərbi andiçmə mərasimi olub. Həmin gün valideynlərimizin qürurlu baxışları altında bir əlim əsgər yoldaşımın çiynində, bir əlim silahımda Vətənə sədaqət andı içdik. İlk dəfə döyüş növbəsinə çıxdığım gün də yadımdan çıxmaz.  Əsgər yoldaşımdan döyüş növbətçiliyini təhvil aldım. Gözüm nişangahda, barmağım tətikdə düşmən qarşısında dayanmaqdan çox qürurlandım".
Daha sonra isə Adil hərbi xidməti həyat məktəbi adlandırdı. "Bu məktəbdə hər kəs vacib keyfiyyətlərə yiyələnir. Həm döyüşçü kimi yetişir, həm də cəmiyyətə yararlı vətəndaş kimi. Bütün müsbət keyfiyyətləri əldə etməyimizdə komandirlərimizin rolu danılmazdır. Onların sayəsində Vətənimizin keçmişini dərindən öyrənib, döyüş, atəş, fiziki, mənəvi-psixoloji durumumuzu yüksəltmişik. Bunların nəticəsidir ki, keçirilən təlimlərdə müvəffəqiyyətlər əldə etmişik".
Əsgər Xəyal Məmmədov, Vünyamin Məhəddinov, Vasif Paşayev və digərləri tərxis olduqlarına baxmayaraq hər zaman Azərbaycan Ordusunun əsgəri olduqlarını bildirdilər.  Ali Baş Komandan İlham Əliyevin döyüş əmri ilə doğma torpaqlarımızı düşməndən azad edib, həmyerlilərimizin canlarına susayan erməniləri döyüş meydanında məhv edəcəkləri günü səbirsizliklə gözlədiklərini vurğuladılar. Həmin gün uzaqda deyil...



Orxan HÜSEYNLİ, "Azərbaycan Ordusu"