Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

24 Oktyabr 2018 10:05

Bizi qələbə müjdəli sabahlar gözləyir!

Bir payız günündə səfərimiz torpaq sevgisinin hərarətini, torpağın ürək döyüntüsünü daha çox duyduğumuz sərhəddədi. Sərhədə, dağlara, dağlar qoynunda yerləşən səngərlərə doğru irəlilədikcə hava dəyişir. Ətrafa nəzər yetirdikcə adama elə gəlir ki, göz gördüyü qədər insan yaşayış məskənləri səpələnib. Çox əsrarəngiz mənzərədir. Dolanbac yollar ilan kimi qıvrılır. Yol boyu hər tərəfdə əkin tarlaları, otlaqlar, biçənəklər bir-birini əvəz edir; burada təbiətin bütün rənglərini görmək olur. Hiss olunur ki, payız təbiətə daha çox diktə etməkdədir. Sanki dağların döşlərinə, yamaclara, təpələrə rəngbərəng xalılar-xalçalar döşənib. Bu da sərhəd... Bu da səngər... Bu da düşmən çəpəri, sərhədinin keşiyində duran şanlı Azərbaycan Ordusunun əsgəri...
Hər dəfə olduğu kimi, Azərbaycan Ordusunun zabiti, giziri, əsgəri ilə görüşmək qürurvericidir. Ancaq bu görüş və görüşdən doğan təəssüratlar fərqlidir. Sərhəddə olmağımıza baxmayaraq, seyr etdiyimiz torpaqlar da əzəli Azərbaycan torpaqlarıdır. Burada bir fikir səni rahat buraxmır. Nə vaxt səngərləri sərhədlər əvəz edəcək... Nə vaxt Azərbaycan haqqı olduğuna sahib olacaq... Nə vaxt Azərbaycan əsgəri sərhəddə duraraq dövlətinin, xalqının, torpaqlarının təhlükəsizliyini təmin edəcək... Aprel döyüşləri, Günnüt zəfəri də sübut etdi ki, tezliklə xalqın həsrətinə son qoyulacaq, tezliklə arzularımız çin olacaq...
Sükutu hərbi hissənin zabiti Firudin Mikayılov pozaraq bildirir ki, sərhəd təkcə düşmənlə üz-üzə dayandığımız məkan deyil. "Ümummilli Liderimizin sözləri ilə desək, "Sərhəd hər bir müstəqil dövlət üçün çox əzizdir, vacib bir sahədir və təbiidir ki, sərhədin qorunmasında xidmət göstərən hər kəs xalqımızın hörmət və ehtiramına layiqdir". Bu oğullar ona görə hörmət və ehtirama layiqdirlər ki, onlar Vətənin keşiyini çəkməklə yanaşı, cəsur, inamlı və məğrur şəkildə düşmənin bütün təxribatlarının qarşısını alırlar."
Leytenant Elvin Tağıyev isə qeyd edir ki, bu gün sərhəddə - ön xətdə xalqın müdafiəsi üçün dayanmış əsgər və zabitlərimizin məqsədi, vəzifəsi birdir - Azərbaycan xalqının səbirsizliklə gözlədiyi qələbəni təmin etmək. "Hər bir əsgərimiz yaxşı başa düşür ki, şəhidlərimizin qanı yerdə qalmamalı, ana-bacılarımızın qisası alınmalı, ən əsası, üçrəngli bayrağımız Azərbaycanın bütün ərazisində dalğalanmalıdır. Şəxsi heyətimiz qarşıya qoyulan vəzifəni yerinə yetirməyə hər zaman hazırdır və qadirdir."
Sabirabad rayonundan hərbi xidmətə çağırılan əsgər Səbuhi Kərimov deyir ki, xidmət etdiyi müddətdə əsgər kimi üzərinə düşən bütün tapşırıqların öhdəsindən layiqincə gəlməyə çalışıb. "Qarşıda gördüyünüz dağın o tərəfi də tarixi Azərbaycan torpaqlarıdır. Bütün tarixi torpaqlarımızın geri qaytarılması arzusundayam. İnanıram ki, bu arzum tezliklə həyata keçəcək".
Əsgər Rahil Quliyev yoldaşının sözünü təsdiqləyərək deyir ki, Vətən, hər nəyin bahasına olursa-olsun, müdafiə etmək məcburiyyətində olduğumuz, ana dediyimiz, şəhidlərimizin uğrunda can verib, qanlarıyla suladığı, millətimizin üzərində yaşadığı torpaq parçasıdır. "Vətəni müdafiə etmək, onun uğrunda qan tökmək, canımızı fəda etmək vətəndaşlıq və əsgəri borcumuzdur."
"Ata-babalarımızdan miras qalan, üzərində xoşbəxt və firavan  yaşadığımız yurdumuzu, onun üzərində atalarımızın qurduqları sivilizasiya və mədəniyyət xəzinələrini, dilimizi, mənəviyyatımızı qoruya bilmək, yaşatmaq və gələcək nəsillərə ötürmək üçün onu müdafiə etməyə hər an hazır olmalıyıq", - deyə əsgər Turan Hüseynli bildirir.
Manqa komandiri müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Ələsgər Çarçıyev bu gün dövlət qarşısında ən vacib borcunu yerinə yetirdiyini bildirir. Aprel döyüşlərini yada salan həmsöhbətim qardaşı gizir Arzuman Çarçıyevin həmin döyüşlərin iştirakçısı olduğunu da vurğuladı. "Ən böyük arzum həmin döyüşdə həlak olan şəhidlərimizin simasında bütün şəhidlərimizin qanını yerdə qoymamaqdır. Aprel döyüşləri bir daha ordumuzun güc və bacarığını düşmənə sübut etdi. Düşmən bildi ki, onun qarşısında keçən əsrin sonlarındakı kimi pərakəndə ordu yox, daha güclü, daha hazırlıqlı, müasir silah və texnikalarla təmin olunmuş bir ordu dayanıb. Bu ilin mayında Azərbaycan Ordusunun qazandığı Günnüt zəfəri də şəxsi heyətimizin qazandığı döyüş təcrübəsinin təsdiqi oldu." 
"Ermənilər də yaxşı bilir ki, aprel və Günnüt zəfərləri Azərbaycan əsgərinin son zəfərləri deyil", - deyə Şəki rayonundan hərbi xidmətə çağırılan əsgər Əmrah Məmmədov bildirir. Bu zəfərlərin tezliklə davamı gələcək.
Digər hərbi qulluqçular da əsgər yoldaşının fikrini təsdiqlədilər və qeyd etdilər ki, Azərbaycan Ordusunun inkişafı Ağdamdan, Xankəndidən, Şuşadan keçən Qələbənin sevincini yaşamağa, işğalda olan digər tarixi torpaqlarımızda da Azərbaycan bayrağını dalğalandırmağa imkan verəcək.
Söhbətimizin bu yerində mayor Firudin Musayev Azərbaycan Ordusunun şəxsi heyətinin nail olduğu inkişaf nəticəsində möhkəm birlik əldə etdiyini əminliklə qeyd edir. Bildirir ki, əldə etdiyimiz qələbələr bu birliyi daha da möhkəmləndirdi: "Tariximizə dayanan, keçmişimizə bağlı olan bir xalq kimi formalaşmışıq. İllər ötsə də, zaman keçsə də, heç kim bizim Vətən sevgimizi nə azalda, nə də bundan məhrum edə bilər. Qanımız, ruhumuz vətənpərvərliklə yoğrulub. Qələbələrin nəticəsində ürəyimizdəki ümid qığılcımları, qisas hissi, birlik duyğusu sanki silkələndi. Bir olduq. Birliyimizin fərqinə vardıq. Əsgərlərimiz böyük ruh yüksəkliyi ilə hər an önə atılmağa hazırdırlar".
Söylənilən bu fikirlərin arxasında Azərbaycan Ordusunun şəxsi heyətinin döyüş ruhu, Qələbə ruhu dayanır. Qələbə ruhlu igid oğullarımız demək istəyir ki, gec və ya tez mütləq işğal altındakı torpaqlarımızı azad edəcəyik, şəhidlərimizin qanını yerdə qoymayacağıq və düşmənin layiqli cəzasını verəcəyik.
Dövlətimizin, ordumuzun gücünə inanan Azərbaycan xalqı əmindir ki, tezliklə Qələbə müjdəli sabahların şahidi olacaq. Qələbə müjdəli sabahlar bizi gözləyir!



Məhəmməd ƏLİYEV, "Azərbaycan Ordusu",
foto Coşqun CƏFƏROVUNDUR