Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

24 Oktyabr 2018 09:59

“Bu gün ölkəmizin hərbi potensialı ən yüksək səviyyədədir”

Müstəqilliyimizlə yaşıd olan ordumuz çox çətin, mürəkkəb  şəraitdə yenidən formalaşıb. Dövlətimiz ordunu hərtərəfli möhkəmlətməyə, onu müasir döyüş texnikası ilə təchiz etməyə, hərbi qulluqçuların sosial-məişət şəraitinin yüksək səviyyəyə çatdırılmasına daim qayğı göstərir. Ölkənin təhlükəsizliyinin qarantı olan nizami ordunun yaradılması və formalaşması prosesi dövlət quruculuğunun tərkib hissəsidir. Belə ki, dövlət quruculuğu daim inkişaf etdikcə ordu da möhkəmlənir. Unutmayaq ki, ordumuzun bugünkü səviyyəyə çatdırılması, onun döyüş qabiliyyətinin artırılması böyük siyasi iradə və gərgin zəhmət hesabına başa gəlib.
Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev dövlət quruculuğunda ordu ilə bağlı məsələlərin mahiyyətini açıqlayaraq bildirir ki, orduya hər il ayrılan xərclər artır. "Bu siyasət bundan sonra da davam etdiriləcəkdir. Mən bəyan edirəm ki, orduya xərclənən vəsait bundan sonra da artacaqdır, biz ordumuzun maddi-texniki bazasını daha da gücləndirməliyik. Bütün bunları etmək üçün bizdə imkanlar var. Siyasi iradə var, Azərbaycanda sabitlik var".
Dövlətimizin iqtisadi imkanları artdıqca orduya daha çox vəsait ayrılmasına şərait yaranır. Silahlı Qüvvələrin Ali Baş Komandanı ölkənin müxtəlif bölgələrinə səfərləri zamanı hərbi hissələrdə olur, çətin şəraitdə Vətənə xidmət edən hərbi qulluqçuların əməyini yüksək qiymətləndirir.
Həqiqətən də, ordu dövlətin əsas atributlarından biri, müstəqilliyimizin və təhlükəsizliyimizin polad sipəri, xalqımızın yenilməz dayağıdır. Müharibə şəraitində yaşayan, torpaqlarının bir hissəsi işğal altında olan bir ölkə üçün güclü ordunun mövcudluğu xüsusilə önəmlidir. Azərbaycanın qarşısında duran ən mühüm məsələ Dağlıq Qarabağ münaqişəsinin nizamlanması, torpaqlarımızın işğaldan azad edilməsi və  bir milyondan artıq soydaşımızın öz doğma yurdlarına qayıtmasıdır. Dövlətimizin başçısı problemin sülh yolu ilə həllinə çalışaraq dəfələrlə bəyan edib ki, Azərbaycan öz torpaqlarının itirilməsi ilə heç vaxt barışmayacaq, işğal olunmuş ərazilər nəyin bahasına olursa-olsun, azad ediləcək. Bunun üçün ordumuzun gücü daha da artırılır və qüdrətli müdafiə sənayesi yaradılır.
Bu gün ölkəmizdə ən müasir silahlar alınır və ordumuzun ixtiyarına verilir. Ölkənin müdafiə sənayesi müasir texnologiyalar əsasında durmadan inkişaf edir. Müxtəlif təyinatlı silah-sursatlar, zirehli texnikalar istehsal edilir. Ona görə də Qafqazın ən güclü,  modern, hazırlıqlı ordusu hesab edilən  Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi altında torpaqlarını düşmən tapdağından azad etməyə qadirdir. Aprel qələbəsi  bunu bir daha təsdiqlədi. 2016-cı ilin aprelin əvvəllərində qalib Azərbaycan Ordusunun vətənpərvər, cəsur əsgər və zabitləri düşmənin basqınının qarşısını əks-həmlə əməliyyatı keçirərək aldı və 2 min hektar ərazini işğaldan azad etdi. Mühüm əhəmiyyətli yüksəkliklərə qəhrəman hərbçilərimizin rəşadəti sayəsində üçrəngli Azərbaycan bayrağı sancıldı. Lələtəpə yüksəkliyi azad edilməklə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə qayıdış bərpa edildi. Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə bu kənd yenidən bərpa olundu. Cocuq mərcanlılar öz doğma kəndlərinə qayıtdılar. Onlar bu gün ordumuza güvənərək sakit, dinc yaşamlarına davam edirlər.
Ölkəmizin ordu quruculuğunda ordu-xalq birliyi və ordu-cəmiyyət əlaqələri yüksək səviyyədə qurulub. Bu sarsılmaz birlik aprel döyüşləri zamanı bir daha özünü göstərdi. "Aprel hadisələri xalqımızı daha da birləşdirdi. Azərbaycan xalqı dövlətə, ordumuza çox böyük dəstək göstərdi... " deyən ölkə rəhbəri Azərbaycan Ordusunun xalqdan böyük dəstək aldığını bir daha bəyan etdi. O zaman xalq Ali Baş Komandanının ətrafında sıx birləşdi, ordusuna güvəndi və  aprel zəfərini bayram etdi.
Hərbi hissələrdə "Açıq qapı" günlərinin keçirilməsi ordu-cəmiyyət əlaqələrinin daha da inkişaf etdirilməsinə və möhkəmlənməsinə bariz nümunədir.
 Azərbaycan Prezidenti, Ali Baş Komandanın daim diqqət və qayğısını görən ordumuzun şəxsi heyəti böyük ruh yüksəkliyi ilə daim peşəkarlığını və hazırlığını artırır. Daha müasir hərbi şəhərciklərin tikilib istifadəyə verilməsi, şəxsi heyətin sosial-məişət şəraitinin günü-gündən yaxşılaşdırılması Vətən müdafiəçilərinin ruh yüksəkliyinin artırılmasına xidmət edən amillərdir.
 Qürurla deyə bilərik ki, aprel döyüşləri və bu ilin mayında Naxçıvanda Günnüt zəfəri Ali Baş Komandanımızın  qətiyyətini hiss edən Azərbaycan Ordusunun Böyük Qələbəyə əminliyinin mesajıdır. 
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun və ordu rəhbərliyinin tez-tez cəbhə xəttində şəxsi heyətlə görüşməsi, ordunun döyüş hazırlıqlarının yoxlanılması, fərqlənən hərbi qulluqçuların qiymətli hədiyyələrlə mükafatlandırılması onların döyüş ruhunu daha da artırır.
Son beş ildə keçirilən irimiqyaslı birgə əməliyyat-taktiki təlimlər şəxsi heyətin döyüş qabiliyyətinin möhkəmlənməsində mühüm əhəmiyyət kəsb edir. Bu təlimlərdə qarşıya qoyulan məqsədlərə nail olunur, vacib əməliyyat tapşırıqları yerinə yetirilir və nəhayət, təlimə cəlb edilən bütün şəxsi heyət yüksək döyüş əzmi nümayiş etdirir.
Bu il Azərbaycan Ordusunun və Bakının işğaldan azad olunmasının 100 illiyi ilə əlaqədar Azadlıq meydanında keçirilən paradlar ordumuzun möhtəşəmliyini, dövlətimizin hərbi gücünü, müdafiə potensialını bütün dünyaya  bir daha göstərdi. Hər iki paradda Azərbaycan Ordusunun arsenalında yer alan müasir silah-sursatlar, o cümlədən yerli sənaye istehsalına daxil olan texnikalar nümayiş olundu.
Qısa müddətdə hərbi sənayesi formalaşan Azərbaycanda bu gün ən müasir silahlar, döyüş sursatları və hərbi texnikalar istehsal olunur. Müharibə şəraitində olan bir ölkənin müdafiə qabiliyyəti öz sənaye istehsalının hesabına gücləndirilir. Bu istehsal prosesi durmadan təkmilləşdirilir. Təsadüfi deyil ki, Bakı Ekspo Mərkəzində keçirilən "ADEX-2018" Üçüncü Azərbaycan Beynəlxalq müdafiə sərgisi çərçivəsində Müdafiə Nazirliyi  ilə Müdafiə Sənayesi Nazirliyi arasında yeni anlaşma memorandumu imzalandı. Dövlət başçımızın sərgi iştirakçılarına ünvanladığı məktubda deyilir: "Ərazisinin 20 faizi işğal altında olan Azərbaycan Respublikası müdafiə qabiliyyətinin artırılmasına və Silahlı Qüvvələrinin maddi-texniki təchizatının gücləndirilməsinə daim xüsusi önəm verir. Azərbaycan hərbi-texniki sahədə dünyanın qabaqcıl ölkələri ilə əməkdaşlığını inkişaf etdirməklə yanaşı, güclü müdafiə sənayesi yaratmışdır və bu sərgi müdafiə sənayemizin əldə etdiyi nailiyyətlərin tanıdılması baxımından da mühüm əhəmiyyət kəsb edir".
Oktyabrın 9-da  Prezident    İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlət başçısı digər prioritet məsələlərlə yanaşı, ordu quruculuğu məsələlərinə də  toxunaraq qeyd etdi ki, bu gün Azərbaycan Ordusu ən müasir silahlarla, texnika ilə təchiz edilib, bu proses davam etdirilir. "Biz bundan sonra da ən müasir hərbi texnikanı alacağıq, yeni kontraktlar imzalanır... Bir sözlə, bu gün ölkəmizin hərbi potensialı ən yüksək səviyyədədir. Ordumuzun döyüş qabiliyyəti də yüksək səviyyədədir. Bizim ordumuz bunu döyüş meydanında göstərib və nümayiş etdirib."
Bəli, Azərbaycanın bütün çətinlikləri qətiyyətlə dəf etmək qüdrətinə və çevik idarəetmə sisteminə malik güclü, sarsılmaz ordusu var. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında ordumuzun Avropa və dünya standartlarına tam uyğunlaşdırılması, daha güclü və müasir silahlarla, hərbi texniki qurğularla təchiz edilməsi sahəsində səmərəli tədbirlər həyata keçirilir. İnanırıq ki, tezliklə  Azərbaycan Ordusunun möhtəşəm Qələbə paradı Qarabağımızda, Şuşamızda keçiriləcək və  xalqımız Böyük Zəfər bayramını qeyd edəcək!


"Azərbaycan Ordusu"